”Bölgədə atəşkəsin qorunub saxlanmasında əsas rola sahib olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirən Rusiyanın sülhməramlı statusunda Qarabağa yerləşməsi cəhdlərini yolverilməz hesab edirik”
Sivil Toplum Platformasının Qarabağ ətrafında yaranmış hərbi gərginliklə bağlı mövqe sənədi yayıb. Meydan TV-yə daxil olan sənəddə 1-5 aprel tarixlərində
Ermənistan-Azərbaycan təmas xəttində baş verənlər vurğulanır və təəssüf hissi qeyd olunur. Daha sonra Platformanın mövqeyi əks olunur:
“Ermənistan dövləti beynəlxalq hüquqa məhəl qoymadan Azərbaycan ərazilərini uzun müddətdir işğalda saxlayır və bu ərazilərdən davamlı olaraq ölkəmizə qarşı təxribatlar törədir. BMT Təhlükəsizlik Şurasının 4 fərqli qətnaməsi 23 ildir işğalçı tərəfindən icra edilmir, AŞPA və Avropa Parlamentinin qətnamələrinə etinasız yanaşılır, işğal edilən torpaqlarda qanunsuz məskunlaşma, möhkəmlənmə davam etdirilir. Münaqişənin nizamlanması missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin yetərsiz sülhyaratma təşəbbüsləri və işğal olunan ərazilərin azad edilməsi üçün işğalçıya təzyiq etməməsi də böyük müharibə təhlükəsini qaçılmaz edir. Son hərbi toqquşma bir daha sübut edir ki, dondurulmuş münaqişələrə birdəfəlik çozüm gətirilmədikcə, onun hər zaman alovlanma riski qalır. Azərbaycan dövlətinin BMT nizamnaməsinə və münaqişə ilə bağlı qətnamələrə istinad edərək, öz ərazi bütövlüyünü bərpa etmək hüququna sahib olduğunu beynəlxalq ictimaiyyətin və maraqlı tərəflərin diqqətinə çatdırır, müharibənin yenidən alovlanmasına görə onların da məsuliyyət daşıdıqlarını qeyd edirik. Qarabağ konfliktinin həlli beynəlxalq hüquq çərçivəsində baş tutmadıqca, daima alovlanmağa və yeni humanitar fəlakətlərə yol açmağa hazır durumda olduğunu vurğulayırıq.
İri dövlətlərin toqquşan regional və qlobal maraqları kontekstində Ermənistan-Azərbaycan arasındakı hərbi-siyasi gərginlik yeni məzmun almaqdadır. Təhlillər göstərir ki, Suriyada uzun müddət hərbi mövcudluğunu saxlamaq imkanları tükənən Rusiya Qafqazda daha da möhkəmlənmək üçün yeni hərbi-siyasi gərginlikdə maraqlıdır. Bu məqsədlə mövcud hərbi münaqişələrin yenidən qızışmasından faydalanmaq və öz strateji maraqlarını bu münaqişələr üzərindən təmin etmək arzusu sezilməkdədir. Rusiyanın media siyasətində bu xətt çox aydın hiss olunur. Ermənistan və Azərbaycan hakimiyyətlərində güclü təsir riçaqlarına sahib olan Rusiya qərbin regionda fəallaşmasını önləmək məqsədilə açıq müstəvidə təşəbbüsü tamamilə ələ götürməyə cəhd edir. Bölgədə atəşkəsin qorunub saxlanmasında əsas rola sahib olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirən Rusiyanın sülhməramlı statusunda Qarabağa yerləşməsi cəhdlərini yolverilməz hesab edirik. Yaranmış mövcud gərginliyin ssenarisi Ermənistanın açıq müttəfiqi olan Rusiyanın maraqlarına uyğun hazırlanıb istiqamətləndirilərsə, bu gələcəkdə müstəqilliyimizə və suverenliyimizə daha ağır təhlükə törədə biləcəyini narahatlıqla qeyd edirik.
Azərbaycanın sivil toplum nümayəndələri olaraq beynəlxalq ictimaiyyətə, dünya dövlətlərinə müraciət edərək, bu konfliktin sülh yolu ilə nizamlanmasında daha aktiv olmağa və səylərini konfliktin həllinə yönəlməyə çağırırıq.
Hökumət bütün diplomatik və hərbi resurslarını səfərbər etməlidir ki, müvəqqəti atəşkəs razılaşması torpaqlarımızın qeyri-müəyyən vaxtadək işğalda qalmasına yenidən bəhanə olmasın. Atəşkəsin pozulacağı təqdirdə çoxsaylı itkilərlə müşayiət olunan irimiqyaslı hərbi əməliyyatların davam etməsi yalnız ölkəmizin maraqlarına cavab verdiyi təqdirdə məqbul sayıla bilər. Nizamlama prosesində sivil dünyanın davamlı dəstəyinə nail olmaq üçün fəal diplomatiya aparılmalı, müasir dövrün tələblərinə əsasən informasiya müharibəsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu sahədə daha peşəkar və operativ siyasət yürüdülməlidir. Hökumətin ölkədaxili siyasətdə sovet totalitar düşüncə tərzindən imtina etməsini, repressiv davranışlara son qoymasını və ümummilli məsələdə alternativ düşüncələrə dözümlü olmasını vacib hesab edirik.
Döyüş şəraitində Silahlı Qüvvələrə toplumun bütün kəsimindən açıq dəstək ifadə olunmasını dövlət ənənəsinə müsbət nümunə yaratdığı üçün alqışlayırıq. Əməliyyatların davam etdiyi bir vaxtda müxalif siyasi qüvvələrin torpaqların azad olunması istiqamətində hökumətə qeyd-şərtsiz dəstək ifadə etməsini təqdir edir, hökumətin isə müxalifətə yönəlik son davranışlarını qınayırıq. Müxalifətin məsuliyyətli və yetkin addımlarına hökumətin uyğun reaksiya verməsinin yeni ictimai-siyasi münasibətlərə körpü olacağına ümid edirik. Geniş ərazilərimizin azad edilməsi ilə nəticələnməyən hərbi əməliyyatların sonucuna adekvat olmayan çoxsaylı itkilərimizin vaxtında elan edilməməsini qayğı və həyəcanla izləyirik. Bu halın ordumuzun döyüş hazırlığı baxımından mənfi rəylərə yol aça biləcəyindən narahatlıq keçiririk. Azərbaycan hökuməti yaranmış daxili həmrəylikdən milli maraqlarımız baxımından maksimum yararlanmalı, torpaqlarımızın azad edilməsi uğrunda aydın siyasət aparmalıdır. Ayrıca, yaranmış vətəndaş həmrəyliyini nəzərə alaraq siyasi əqidəsinə görə qondarma ittihamlarla həbsə məhkum edilmiş bütün şəxslərin dərhal azad olunması, vətəndaşların təməl hüquqlarına hörmət qoyulması istiqamətində zəruri qərarlar qəbul edilməlidir. Geniş və etimadlı islahatlara start verərək ölkənin demokratikləşməsinə sürətli keçid edilməlidir”.