“Əlikram Xurşudov sosial şəbəkədə paylaşdığı statuslara və siyasi fəaliyyətinə görə saxlanılıb”
Müsavat Partiyası Şirvan Təşkilatının sədri Əlikram Xurşudov saxlanılıb.
“Basta” ya daxil olan məlumata görə, Əlikram Xurşudov noyabrın 22-də axşam saatlarında küçədə saxlanılaraq polis bölməsinə
aparılıb.
Təşkilat fəalı Saday Hacılının bildirdiyinə görə, Əlikram Xurşudov sosial şəbəkədə paylaşdığı statuslara və siyasi fəaliyyətinə görə saxlanılıb.
Saday Hacılı bildirir ki, polis əməkdaşı Əlikram Xurşudovun evinə gəlib, ailə üzvlərinə onun saxlanıldığını deyib.
“Heç kimə bir söz deməyin” deyərək Əlikram Xurşudovun ailə üzvlərini tənbeh edən polis əməkdaşı sabah səhər 9-da onun məhkəməsi olacağını bildirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, Əlikram Xurşidov şikayət əsasında saxlanılıb.
“Bir vətəndaşın şikayət ərizəsi əsasında saxlanılıb. Hazırda polis şöbəsində araşdırma aparılır”, – Orxan Mansurzadə deyib. Şikayətçi kimdir və şikayəti nə haqdadır? Orxan Mansurzadə bu suala araşdırma başa çatandan sonra cavab veriləcəyini bildirib.
Ehtimal olunur ki, Əlikram Xurşidov iki gün öncə özünün Facebook səhifəsində Şirvanda vətəndaşların inzibati üsullarla YAP-a üzv yazdırılması haqda paylaşdığı xəbərə görə saxlanılıb.