Cəbhəçilər mitinqə getdikləri üçün həbs olunduqlarını deyirlər
Şirvan şəhərində 2 AXCP üzvü həbs edilib. Bu barədə Meydan TV-yə vəkil Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, saxlanılan şəxslər – Abdullayev Əlifağa Şərəfəli oğlu və Səmədov Eldəniz Rəşid oğludur.
Y.İmanov deyir ki, oktyabrın 9-da Eldəniz Səmədovun işinə baxılıb və o, inzibati qaydada 15 gün müddətinə həbs edilib. Oktyabrın 10-da isə digər şəxsin işinə məhkəmədə baxılıb və o, on gün müddətinə inzibati qaydada həbs edilib:
“Həmin şəxslər Milli Şuranın 7 oktyabr mitinqində iştirak etdiklərinə və sosial şəbəkədə mitinqdən şəkil paylaşdıqlarına görə həbs ediliblər. Hər iki şəxs məhkəmədə bildiriblər ki, onlara qarşı sürülən polisin qanuni tələbinə tabe olmama ittihamı əsassızdır, heç bir inzibati qaydanı pozmayıblar”.
Vəkil İmanov deyir ki, hər iki işlə bağlı tərtib olunan protokol standart xarakterlidir:
“Polisə tabe olmamanın nədən ibarət olması, polisin qanuni tələbi nədən ibarətdir, aydın olmur. Biz bu işləri Tural Hacıbəyli ilə birgə aparırıq. Onlarla görüşməyə cəhd elədim. Hər iki şəxs Şirvan şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır. Onlarla görüşə icazə vermədilər. Özünü məntəqənin rəisi kimi təqdim edən mayor Zamiq Kərimov bildirdi ki, ancaq saat 3-dən sonra görüşmək olar. Fikrini belə əsaslandırdı ki, günorta vaxtı saxlanılan şəxslər istirahət edir və onların hüquqlarını poza bilməzlər”.
Vəkil hər iki qərardan apelyasiya şikayəti verəcəklərini deyib.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb. Qurum sentyabrın 23-də və oktyabrın 7-də ölkədə korrupsiya və insan haqlarının pozulması faktlarını əsas gətirərək mitinq keçirib. Aksiyaya Bakı şəhər İcra Hakimiyyəti razılıq verib. Hər iki mitinqöncəsi və sonra həbs olunanlar, polis tərəfindən xəbərdarlıq aldıqlarını deyənlər var. Həbs olunanlar arasında müxalif partiya olan AXCP üzvlərinin çoxluq təşkil etdiyi bildirilir.