Cavid Qara: “150 hektar məhv edilmiş meşə ərazisinin taleyi hələ də qeyri-müəyyən qalıb”
“Haftoni meşəsində ağacların kəsilməsinin qarşısını ala bildik. “Beta Tea” şirkəti ilə müqaviləyə xitam verildi. Amma hələ də meşə qırğınlarının qarşısı tam alınmır”.
“Ecofront” təşkilatının rəhbəri Cavid Qara Meydan TV-yə belə deyib.
Lənkəranın Girdəni kəndi yaxınlığındakı 43 hektar sahəsi olan meşə “Beta Tea” şirkətinə icarəyə verilmişdi. Məlumata görə, çay plantasiyası salmaq üçün 5 hektara yaxın ərazidə ağaclar məhv edilib. Onların arasında “Qırmızı Kitab”a düşən nadir dəmirağacı da vardı. Cavid Qara bildirib ki, dağıdılan 5-6 hektar ərazidə ağac əkilib, bu layihədə iştirak etmiş məmurlar isə işdən qovulub.
“Amma Haftoni meşəbəyliyində “Beta Tea” şirkətinin məhv etdiyi əraziyə bitişik ən az 20 dəfə daha böyük, yəni 150 hektar məhv edilmiş meşə ərazisinin taleyi hələ də qeyri-müəyyən qalıb. Müqavilənin ləğvi üçün ekologiya və təbii sərvətlər naziri əmr verib və müqaviləyə xitam verilib. Amma sahibkar hələ də ərazini tərk etməyib. Çəpərləyib, mühafizəyə götürüb və əl çəkmək istəmir”,- Cavid Qara söyləyib.
Onun sözlərinə görə, bu ərazi Lənkəranda Asfalt zavodunun direktoru olan şəxsə icarəyə verilib. Müqavilə onun oğlunun adına bağlanıb:
“Təkcə onlara verilən 100 hektar meşəni məhv etməklə qalmayıblar, nazirliyin öz audit yoxlamasına görə 30 hektar da əlavə yeri məhv edib”.
Cavid Qara bildirib ki, nazirliyin meşələrin məhvindən aylar, illər sonra, ictimai etirazlardan xəbəri olur:
“Sahibkarın nümayəndələri ilə onlayn müzakirəmiz olub. Onlar nazirliklə razılaşdırıblar. Bizim sahibkarı müdafiə etmək fikrimiz yoxdur. Niyyətin qanunsuz olduğunu, müqavilənin dağıdıcı fəaliyyəti əks etdirmədiyini yaxşı bilirlər. Sadəcə nazirliyin məmurlarının vədlərinə arxayın olublar”.
“İndi cənab nazir və nazir müavini Vüqar Kərimov, sahibkarı necə arxayın salmısız, elə də razı salın ki, qanunun tələblərinə əməl etsin. Ölkədə heç bir meşə qırğını bu 2 şəxsin xəbəri və razılığı olmadan mümkün deyil”, – ekoaktivist deyib.
Cavid Qara bildirib ki, bu müqavilə artıq ləğv edilib, amma icra edilmir, sahibkar nazirliyə, dolayısı ilə dövlətə meydan oxuyur və ərazini tərk etmir:
“Nazirlik indi sakitcə durub ki, qoy qalıb. Belə olmur. Asfaltın qırağına ağac əkib, qurudub, pul, yanacaq, su israf etməklə olmur. Hərəyə bir ağac əkməyə də ehtiyac yoxdur. Məhv edilmiş və müqaviləsi ləğv edilmiş unikal hirkan meşəsinin yerində təbii bərpaya kömək tədbiləri görülməlidir, meşə cinsi ağaclar əkilməlidir. Təqsirkarlar cəzasız qalmamalıdır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Meydan TV-nin yazılı və şifahi sorğusunu cavablandırmayıblar.
Baş Prokurorluğun mayın 13-də yaydığı məlumatda deyilir ki, Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Lənkəran, Cəlilabad, İsmayıllı, Qax və Zaqatala rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanıb.
Dövlət və bələdiyyə torpaqlarında, həmçinin ağackəsmənin icazə verilmədiyi ərazilərdə meşə fonduna daxil olmayan və meşə fonduna aid olan ağacların kəsilməsi nəticəsində ümumilikdə 72 min manat ziyan dəyib. Qanunsuz ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərilərinə düşən vəzifələrin icrasına səhlankar yanaşması müəyyən edilib.
Cinayət işləri Azərbaycan Respublikası CM-nin 259.1, 259.2.4 və 314.1 maddələri ilə başlanaraq, istintaqın aparılması üçün aidiyyəti üzrə rayon prokurorluqlarına göndərilib.