Azərbaycanda tipik sxemlə qurulan birğunlük şirkətlərin daha bir qrupu ləğv olunur. Vergilər Nazirliyi isə bəzi fırıldaqçılara vergidən yayınmağa imkan yaradan bu cür şirkətlərlərin izinə düşdüyünü açıqlayıb
… Nağı Qasımov dövriyyəsi milyon manatlarla hesablanan “süzgəc şirkətlərin” sahibi və direktorudur. Etiraf edir ki, əslində işsizdir və bu şirkətlərin son benefisiarı (xeyirgötürəni) deyil. Fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşən layihələri şübhəli yollarla icra etmək olan bu şirkətlərin daha bir neçəsi missyasını sona çatdırdıqdan sonra indi ləğv olunmaqdadır. Dövlət qurumları bu cür şirkətlərin vergidən yayınma aləti olduğunu bildirir və onlarla mübarizə yollarını tapmağı düşünürlər.
“Şirkətləri yaradıb vermişəm qohuma. O işləri Sveta (Svetlana Gülməmmədovanı nəzərdə tutur- red.) və başqaları idarə edir. Nə iş görürlər, bilmirəm. Nə xərcə-borca görə qapımı döyən var, nə də bir manat xeyrini görmüşəm o şirkətlərin. Yəqin ki iş azalıb, ona görə ləğv edirlər”.
Sumqayıtda, 10-cu mikrorayon, ev 52A ünvanındakı mənzilinə qeydiyyata alınan çoxlu sayda şirkətlərin formal direktoru, 39 yaşlı Nağı Qasımov qapısının kandarında müxbirin suallarını cavablandırarkən həyəcanını gizlətməyə çalışır. Bu yaxınlarda həmin şirkətlərin daha bir neçəsinin ləğvinə başlanıb. Amma Nağı bu işlərdən, eləcə də mənzilində qeydiyyatda olan şirkətlərdən birinin (“İnter -Ko” MMC) təkcə vergilər üzrə dövlət büdcəsinə 228417 manat (134,3 min ABŞ dolları) borcunun olduğundan da xəbərsizdir.
…“Compakt-2013” MMC 2013-cü ildə yaradılıb. Bu ilin avqust ayının ortalarında onun ləğvi barədə elan dərc olunub. Vergilər Nazirliyində qeydə alınmış məlumatlara görə, Nağı Qasımov onun direktorudur. Şirkət elə təsis olunduğu il Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu üçün mətbəə xidmətləri icra edib, Milli Elmlər Akademiyasının akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutuna maşın və avadanlıq, Prezident yanında Gənclər Fonduna dəftərxana və təsərrüfat malları, Ədliyyə Nazirliyi üçünsə adları açıqlanmayan hədiyyələr alıb. Ümumiyyətlə, 2013-2014-cü illərdə “Compakt-2013” MMC dövlət büdcəsi hesabına 76 min manatlıq rəsmi müqavilələr bağlayıb. Son illər bu şirkətin adı dövlət satınalmalarının qalibləri arasında çəkilmir. Bu ilin avqust ayının ortalarında onun ləğvi barədə elan dərc olunub.
Hazırda Nağının mənzilində daha üç şirkət (“Bərəkət-2013”, “Milla” və “AS-Royal-1” MMC-lər) qeydiyyatdadır. Şirkətlər yaradılır, dövlət satınalmalarında iştirak edir, sonra isə ləğv edilir və yeniləri yaradılır… Vergilər Nazirliyinin məlumatlarına görə, təkcə 2015-ci ildən indiyədək N.Qasımovun mənzilinə qeydiyyatda alınmış 21 belə şirkət ləğv olunub.
Şirkət Sumqayıtdakı mənzildə necə peyda olub, nə sahibi bilir, nə də təsisçisi
Həmin mənzillə eyni ünvanı paylaşmış, illər öncə ləğv olunmuş “Minoks” MMC-nin direktoru Səfurə Vladimir qızı Rüstəmovadır. 83 yaşlı Vladimir Rüstəmov bir müddət 2008-ci ildə S.Gülməmmədovanin təsisçiliyi ilə Xırdalan şəhərində yaradılmış “Ümid-Ko” MMC-nin direktoru olub. Onlar müxtəlif ünvanlarda yaradılan çoxsaylı şirkətlərin əsas iştirakçılarındandırlar. Bu şirkətləri birləşdirən əsas xüsusiyyət onların yalnız dövlət satınlamalarına qatılmasıdır.
“Ermənistan qaçqınıyam. Orada partiya işində çalışmışam, deputat olmuşam. Qaçqınlıq düşəndə Xızıya gəlmişəm. Xızını Abşeron rayonundan mən ayırmışam, qaçqınları ora mən yığmışam. Yaşıma görə pensiyaya çıxmışam”. Vladimir Rüstəmov həyat yolu haqda jurnalistə danışır. Amma 10 il bundan qabaq Vüqar Təhməz oğlu Məmmədovun Sumqayıtda 9-cu mikrorayondakı mənzilində 3 şirkətin yaradılması tarixçəsini xatırlaya bilmir. Vüqar Məmmədov “Leqas”, “Egey-1” və “Etalon-2008” şirkətlərinin onun mənzilinə qeydə alınmasından xəbərsiz olduğunu, təsisçiləri (V. Rüstəmov və S. Gülməmmədova) və direktoru (Ələsgər Cəfərov) tanımadığını deyir. Qanunvericilik şirkətin hüquqi qeydiyyat ünvanının dövlət reyestrinə daxil edilməsindən ötrü onun mülkiyyətiçisinin razılığının olmasını tələb edir.
Bir-birini “tanımayan” şəxsləri birləşdirən ünvanlar və şirkətlər
Ləğvinə başlanan şirkətlərin bir neçəsinin (“Bravissimo” MMC, “Elit-11” MMC və “Lider-GM”) ünvanı orta məktəb müəllimi Arif Qasımovun Sumqayıtdakı mənzilidir. 9-cu mikrorayondakı 19 nömrəli binada onunla yanaşı, həyar yoldaşı Tacirənin və çoxlu sayda digər şəxslərin direktoru olduğu şirkətlər qeydiyyatdan keçib. Bu şirkətlərin direktorları arasında Nağı Qasımov, Bilal Qasımov, Svetlana Gülməmmədova, Vladimir Rüstəmov da var. Amma Nağı Qasımov kimi o da bu şirkətlərin nə işlə məşğul olduğundan xəbərsiz olduğunu deyir.
–
Bu mənzildə sizin adınızda olan və başqalarının yaratdığı və idarə etdiyi çoxlu şirkət var. Bu haqda nə deyə bilərsiz?
– Onunla mən məşğul olmuram. Onlar hamısı bağlanıb. Düzdür, adı qalıb, amma heç biri işləmir. Onlar yaradılsa da, fəaliyyəti uğursuz olub. Onları açmaq da bir xata oldu. İllərlə işləyiblərsə də, ziyana uğrayıblar. Dövlətə vergi və sosial sığorta borcları yaranıb. Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm: oldu, keçdi…
Bu ilin avqust ayında ləğvinə başlanılan 7 şirkətdən ikisinə (“Fineks-T” və “Arbat-A” MMC-lər) Svetlana Gülməmmədova rəhbərlik edir. 2012-c ildə Abşeron rayonunun Məmmədəli kəndində, S. Gülməmmədovanın ev ünvanında təsis olunan bu şirkətlərin hesablarına 2012-2014-cü illərdə dövlət qurumları barələrində məlumat açıqlanmış 17 rəsmi müqavilə ilə 357,8 min manat vəsait köçürülüb. Təhqiqatlar isə təsdiq edir ki, 3 göstəriciyə (təsisçilər, direktorlar və hüquqi ünvanlar) görə bir-birinə hörümçək toru kimi bağlı olan 100-dən çox şirkətin mərkəzi fiquru iş adamı, hazırda əmək pensiyasına çıxmış Bilal Qasımovdur. Nağı Qasımovun mənzilində qeydiyyata alınan azı 3 şirkətin direktoru işləmiş Svetlana Gülməmmədovanın B. Qasımovun şirkətlərinin birinin işçisi olduğunu Meydan TV-yə bu şirkətlərə aidiyyatı olan iki şəxs təsdiq edib.
“Düzdür, şirkətlərim olub, amma bağlanıb. Üç il qabaq yekunlaşdırmışam o işləri. O vaxtdan Gədəbəydə təsərrüfatla məşğulam”, – Bilal Qasımov MeydanTV-yə telefonla deyir. Vergilər Nazirliyinin aparılımasına cavabdeh olduğu Şirkətlərin Dövlət Reyestri məlumatlarına görə, onun direktoru olduğu bir neçə şirkət bu gün də mövcuddur. Amma Bilal Qasımov həmin şirkətlərin indi ona heç bir aidiyyatı olmadığını, etibarnamə ilə həmin şirkətləri başqa şəxslərə ötürdüyünü bildirir.
–
İki şirkətə birbaşa və dolayısıyla aidiyyatı olan Sumqayıt sakini deyir ki, siz və qaynı Vladimir Rüstəmov 2008-ci ildə onun evinə gəlib şirkətlərin onun və oğlunun təsisçiliyi ilə yaradılmasını xahiş etmisiniz…
– 2008-ci ildə çox şey ola bilər. O vaxt diler olmuşam, Belorusiyadan panel, sement, taxta gətirmişəm, mal satmışam. Sonra bağlanıb, qurtarıb bu məsələ.
–
Bəs sizin şirkətləri dövlət təşkilatları necə tapırdılar? Axı, bir çox satınalma mətbuatda elan olunaraq, kütləvi dəvət əsasında aparılmayıb… Amma sizə aid olan şirkətlər yüzlərlə satınalma müqaviləsi bağlayıb.
– Necə ki 3-4 il əvvəl tapırdılar, o yolla da tapırdılar. Hamı hamını nə təhər tapır? O biri tərəfdən mənim cüzi həcmdə işim olub, ya olmayıb.
–
Sizin yaratdığınız şirkətlərdən birinin (“
Inter -Ko” MMC
) dövlət büdcəsinə külli miqdarda –
228417 manat
borcu var.
– Mənim heç kəsə borcum yoxdur. Bir nəfər olub, məndən xahiş edib, adıma həmin şirkəti açıb, işlədib, gedib girib türməyə. 7 il həbs cəzası alıb. Şirkət mənim olsa da, etibarnamə üzrə bütün məsuliyyət onun üzərində idi. Dövlətin vergisini vermədi, getdi “yatdı”.
“Rəsmi sənəddə kimin adı qeyd olunubsa, məsuliyyət onundur” – hüquqşünas
Füzuli Gəncmalıyev Bilal Qasımovu tanıyır. Danışır ki, 2008-ci ilin fevralında anasının dayısı Vladimir Rüstəmov iş adamı olan dostu Bilal Qasımovla onların Sumqayıtdakı evinə gəliblər. Atasının və qardışı Yalçının təsisçiliyi ilə şirkətlər yaratmağı xahiş etdi. Səbəb kimi isə Bakıdan fərqli olaraq, Sumqayıtda sadələşdirilmiş verginin 2 faiz olmasını göstərmişdilər. Bir müddət sonra evə Vergilər Departamentindən, məhkəmədən məktublar gəlməyə başlayır. “Atam Tatar get-gələ düşdü. Həmin bu narahatlıqlara görə 2008-ci ilin avqust ayında yenidən notariat kontoruna gedib “Avis-7” MMC-də onun təsisçi kimi səlahiyyətlərini Elnurə Hadıyeva adlı bir şəxsin adına ötürdülər. Amma mənzilimiz o şirkətin ünvanı kimi qeyd olunduğuna görə məktublar gəlməkdə davam edirdi”, – Füzuli deyir. Tatargildə olduqlarını Vladimir də, Bilal da təsdiq edirlər.
Bilal Qasımov şirkətlər yaratmağı həm özü kimlərdənsə xahiş edib, həm də ondan bu cür şirkətlərin yaradılmasında istifadə ediblər. Hüquqşünas
Allahverən Oruclu
bu cür hüquqi münasibətlərə mülki qanunvericiliyin imkan yaratdığını deyir. Onun sözlərinə görə, təsisçi payları notarial müqavilə ilə ötürülür. Lakin bu hüququn ötürülməsi faktı Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrində (KHŞDR) qeydə alınmalıdır. “Nə qədər ki, qeydiyyat tamamlanmayıb, “köhnə” şəxs təsisçi kimi tanınır. Şirkətin direktoru isə təsisçinin qərarı ilə təyin və azad edilir. Bu qərar da qeydiyyat üçün KHŞDR-ə təqdim olunur. Əgər direktor təsisçiyə işdən çıxma barədə ərizə yazaraq sənədləri təhvil veribsə, o zaman o, yarana biləcək məsuliyyətdən azad oluna bilər. Əks halda digər sənədlər mülki hüquq baxımdan əhəmiyyətsizdir”.
Şirkətlərin reyest məlumatlarından isə görünür ki, yuxarıda adları çəkilən şəxslər (B. Qasımov, Arif Qasımov, Nağı Qasımov, Vladimir Rüstəmov) bir çox şirkətlərin qanunla tanınan direktoru olaraq qalırlar.
“Bu cür şirkətlər bəzi fırıldaqçılara vergidən yayınmaq üçün münbit şərait yaradır”
Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov «Vergilər» qəzetinə bu yaxınlarda verdiyi müsahibədə bir şəxsin bir neçə hüquqi şəxsin təsisçisi və rəhbəri olaraq qeydiyyatdan keçməsi hallarına toxunub. Müsahibədə deyilir ki, dövriyyənin düzgün göstərilməməsi, vergidən yayınma və ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyinin yaranmaması naminə bir neçə kommersiya hüquqi şəxs təsis edilməsi faktları aşkarlanıb. Nazirlik rəsmisinin fikrincə, bu cür şirkətlər bəzi fırıldaqçılara vergidən yayınmaq üçün münbit şərait yaradır. “Belələri insanları iş yeri, əməkhaqqı və gəlir mənbəyi ilə şirnikləndirməklə onların elektron imzasından istifadə edərək yeni hüquqi şəxslər yaradır və fırıldaqçı əməllərinin əhatə dairəsini genişləndirir. Vəziyyətdən çıxış kimi bu sahədə qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində işlər görülür”.
B.Qasımov, S.Gülməmmədova, V.Rüstəmov və onlarca digər şəxslərin Bakıda, Sumqayıtda və Abşeronda çoxlu sayda ünvandan və şəxslərin xidmətindən istifadə etməklə son 10 ildə yaratdıqları şirkətlərin sayı 100-dən çoxdur. Vergilər Nazirliyinin məlumatına görə, onlardan birinin (“Şans-98” firması) dövlət büdcəsinə vergilər üzrə 2 milyon 325 min 221,96 manat borcu var. Hazırda mövcud olan bu şirkətlərin bir çoxu 400-dək satınalma müqaviləsinin iştirakçısı olub və bu müqavilələr üzrə 9 milyon manatdan çox dövlət vəsaiti istifadə olunub. Təhqiqatlara görə, “qrup”a daxil olan və indiyədək ləğv olunmuş 50-dən çox şirkət isə 200-dən çox müqavilə bağlamaqla 5 milyon manat dövlət vəsaiti əldə edə bilib. Dövlət satınalmalarının registrinin məlumatlarına əsasən, bu şirkətlər 110-dan çox dövlət təşkilatı ilə müqavilələr bağlamağa müvəffəq olub. Onların arasında ədliyyə, energetika, kənd təsərüfatı, xarici işlər nazirlikləri, Respublika Narkoloji Mərkəzi, Milli Onkologiya Mərkəzi, Milli Elmlər Akademiyasının institutları, yerli icra hakimiyyəti orqanları, müxtəlif ali məktəblər, digər dövlət müəssisə və təşkilatları var. Təkcə Mərkəzi Seçki Komissiyası adları çəkilən şəxslərə bağlılığı olan “Ofise-Group-2”, “Tembr”, “Bərəkət-2013”, “Evrika-2009”, “Çinan”, “Lider-2008” və “Ustar” MMC-lərdən müxtəlif illərdə 332,5 min manatlıq mal və xidmətlər alıb.
“Otkat” oyun qaydası şəklini alıb – ekspert
İqtisadçı Məhəmməd Talıblı dövlət qurumlarının satınalmalarında “təsadüfi” şirkətlərin qalib gəlməsini təcrübədən keçmiş korrupsiya sxemlərindən biri kimi dəyərləndirir.
“Büdcə vəsaitlərinin səmərəsiz və şişirdilmiş qiymətlərlə xərclənməsi faktları kifayət qədərdir. İctimai vəsaitlərin idarə olunması ilə bağlı satınalmalarda”otkat” sövdələşməsi (
pul hesaba daxil olandan sonra onun bir hissəsinin dövlət təşkilatının rəsmisinə qaytarılması üzrə korrupsiya sxemi
–
red
.) yeni hadisə deyil və artıq oyun qaydası şəklini alıb. Buna görə də mal, iş və xidmətlərin alınması ilə bağlı korrupsiya riski yaradan bu hallar həm büdcənin hazırlanması, həm də xərclənməsi prosesində nəzarət və antikorrupsiya qurumlarının diqqət mərkəzində olmalıdır”.
Ekspert deyir ki, Hesablama Palatası yoxlama apararkən, yaxud dövlət büdcəsinə dair rəy hazırlayarkən, təkcə yoxlamaya təqdim olunan materiallara və palatanın auditorlarının təftiş sənədlərinə deyil, həm də ictimai qurumların satınalmalara dair təhqiqatlarına, mediada çap olunan jurnalist araşdırmalarına da diqqət yetirilməsi arzuolunandır.