“Vüsal Nəsirli dedi ki, nazir vəsaitin ödənilməməsi barədə göstəriş verib, amma işlər bitirilməlidir”
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sifarişi ilə həbs olunduğunu deyən “Tua TT” MMC-nin rəhbəri Tural Alışanlının iki ildən çoxdur davam edən məhkəməsi başa çatıb. Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, 5 il azadlıqdan məhrum edilib. Tural Alışanlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə təqsirli bilinib.
Cinayət işinin materiallarına əsasən, Qarabağ əlilləri, şəhid ailələri üçün evlərin tikintisinə görə nazirlik tender elan edib. Tural Alışanlının rəhbərlik etdiyi “Tua TT” və “Ağrıdağ təmir tikinti” MMC tender müsabiqələrinin qalibi olub, nazirliklə 893 min manatlıq müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən, Masallı, Astara, Lənkəran və Lerik rayonlarında yaşayış evləri tikilib təhvil verilməliydi.
Evlərin əksəriyyəti tikilib təhvil verilib, bir hissəsinin tamamlama işləri qalıb. Tural Alışanlı nazir Sahil Babayevin Baş prokurora məktubu əsasında həbs olunub. Onun barəsində əvvəlcə Ciinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə cinayət işi başlanıb. İş bu maddə ilə də məhkəməyə verilib. Sonradan ittihamın ağırlaşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsindən cinayət işi geri qaytarılıb. Bu dəfə ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Tural Alışanlı 515 min manatlıq mənimsəmədə təqsirləndirilib. Əvvəlki maddədə cəza 5 ildən 10 ilə qədər idisə, bu maddədə 10 ildən 14 ilə qədərdir.
3 il yarıma yaxındır həbsdə olan Tural Alışanlının məhkəməsi də iki ildən çoxdur davam edir. Ona prokuror təxminən ay yarım öncə 12 il həbs cəzası verilməsini təklif etmişdi.
Tural Alışanlı isə özünü təqsirli bilmir. O, məhkəmədə ifadəsində bildirib ki, nazirlikdən müqavilə üzrə qalan pulunu tələb etdiyinə görə nazir Sahil babayevin sifarişilə həbs olunub. Onun sözlərinə görə, nazirliyin ona 157 min manat borcu qalmışdı. Həmin pulu istəmək üçün nazir müavini Vüsal Nəsirli ilə görüşüb:
“Vüsal Nəsirli dedi ki, nazir Sahil Babayev vəsaitin ödənilməməsi barədə göstəriş verib, amma işlər bitirilməlidir. Mən nazirin qəbuluna getmək istədiyimi bildirdim. Vüsal Nəsirli dedi ki, sənə 20 min nağd pul verək, yarımçıq işləri bitir, amma qalan 137 mindən əlini üz. Nazir müavini otağına Anar adlı bir nəfəri çağırdı, mənə dedi ki, fikirləş, bu Anara zəng elə, fikrini de. Mən razılaşmadım. Ertəsi gün Anar özü mənə zəng elədi. Yenə razılaşmadım. Sonra Vüsal Nəsirli özü zəng elədi, nazirliyə çağırdı. Görüşdə dedi ki, nazir mənim hərəkətimdən əsəbiləşib, tapşırıb ki, heç 20 min də verilməsin. Mənə bir neçə ay vaxt verirlər, işlər tamamlansın, əks halda, Korrupsiya İdarəsinə şikayət eləyəcəklər. Vüsal Nəsirli ilə ikinci görüşdən sonra nazirlə görüşmək üçün dəfələrlə müraciət etdim. Alınmadı. Aylar sonra Sahil Babayevin Asan Radionun canlı yayımında qonaq olduğunu görüb Facebook vasitəsilə ona müraciət elədim. Ertəsi nazirliyin tikinti şöbəsinin direktor müavini Elgün zəng eləyib məni Korrupsiya İdarəsinə verməklə hədələdi. Həqiqətən də bir neçə gün sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəng eləyib çağırdılar…”
Tural Alışanlı martın 3-də son sözündə də təqsirsiz olduğunu və bəraət istədiyini bildirib.
Məhkəmə hökm çıxararkən Tural Alışanlıya qarşı ittihamı Cinayət Məcəlləsinin 179.4 maddəsindən 179.3.2 maddəsinə tövsif edib. Nazirliyin ona qarşı 515 minlik mülki iddiasını isə qismən – 159 min manatlıq hissədə təmin edib.
Tural Alışanlının vəkili Fuad Ağayev hökmdən apelyasiya şikayəti verəcəyini bildirib.