Qadir İbrahimli: “Bu, ölkə iqtisadiyyatında təbii bazar alətlərinin işləmədiyinin göstəricisidir”
Son iki gündə tütün məmulatlarının qiymətində iki dəfə dəyişiklik olub. Nəhayət, martın 3-də “İmperial Tobacco” şirkəti tütün məmulatlarında qiymət dəyişikliyinin səbəbini açıqlayıb.
Şirkətdən “
APA
-Economics”ə daxil olan məlumatda bildirilib ki, “İmperial Tobacco” öz fəaliyyətini təmsil olunduğu ölkənin qanunlarına və vergi tələblərinə uyğun müəyyənləşdirir: “Azərbaycan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün məmulatlarının aksiz dəyəri martın 1-dən etibarən artırılıb. Bu dəyişiklik “İmperial Tobacco” şirkətinə aid olan tütün məmulatlarının da pərakəndə satış qiymətinə təsir edib. “İmperial Tobacco” bu dəyişikliyi Azərbaycan dövlətinin müvafiq sahələrdə qiymət siyasətinin tənzimlənməsinə dair müstəsna hüququ kimi dəyərləndirir.”.
Şirkət onu da əlavə edib ki, son dəyişikliklərin ölkə iqtisadiyyatına yalnız müsbət təsir göstərəcəyinə əmindir.
Böyük Britaniyanın “İmperial Tobacco” şirkəti Azərbaycanın tütün bazarında 1998-ci ildən fəaliyyət göstərir. Dünyanın 160-dan çox ölkəsində təmsil olunan şirkətin əməkdaşlarının ümumi sayı 38 min nəfərdir. Şirkətin müxtəlif ölkələrdə 46 istehsal müəssisəsi var.
Şirkətin Azərbaycanda satılan brendləri sırasında “Davidoff”, “West”, “P&S”, “İmperial Classic”, “Prima” kimi siqaret markaları yer alıb.
Açıqlamanı Meydan TV-yə şərh edən iqtisadçı Qadir İbrahimli indiki situasiyada şərh verməyin çətin olduğunu bildirdi. O, hökumətin süni qiymət artımına qarşı mübarizə apardığını elan etməsi anlaşılmazlıq hesab edir: “Əvvəla, bazar iqtisadiyyatı və rəqabət mühiti şəraitində süni qiymət artımı anlayışı yoxdur. Süni qiymət artımı varsa, deməli, orda bazar iqtisadiyyatı yoxdur, əksinə, monopoliya, inzibati iqtisadiyyatı var. Hökumətin onlara təsiri isə bazar iqtisadiyyatına zidd addımdır, ümumiyyətlə, inzibati və monopoliya iqtisadiyyatının bazar iqtisadiyyatına aidiyyatı yoxdur. Hökumət son açıqlaması ilə ölkənin monopolistlər tərəfindən idarə olunduğunu etiraf etdi”.
Qadir İbrahimli dedi ki, Mərkəzi Bankın 21 fevral manatın devalvasiyası ilə bağlı qərarından sonra siqaretin qiyməti əvvəlcə 40 faiz artırıldı, amma martın 2-də qiymət əvvəlki səviyyəyə endirildi. Martın 3-də isə tütün məmulatlarının qiymətində yenidən 25 faiz artım oldu. Bunu Vergi Məcəlləsinə edilən dəyişikliklərlə izah edirlər. Dəyişikliklər fevralda qəbul edilib və martın 1-də qüvvəyə mindi, indi baxın, 1 gün sonra inzibati yolla siqaretin qiyməti endirildi, amma martın 3-də yenidən dəyişikliyi bəhanə edib qiymətləri 25 faiz artırıblar. Bu, ölkə iqtisadiyyatında təbii bazar alətlərinin işləmədiyinin göstəricisidir. Belə iqtisadiyyat gec-tez istənilən gərginliyə dözməyərək çökməyə məhkumdur”.