Azərbaycan Milli Məclisi Ermənistan Parlamentinin spikeri Alen Simonyanın açıqlamasına münasibət bildirib.
Bu barədə Milli Məclis məlumat yayıb.
Bildirilir ki, Simonyan növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək həqiqətdən uzaq fikirlər səsləndirib:
“Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil”.
Açıqlamada qeyd edilib ki, Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktını yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq “arzusu”nu gələcəyə baxış adı altında pərdələməyə çalışır:
“Yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə, Xocalı soyqırımının törədilməsinə, işğal dövründə 9 şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın. Təəssüf ki, bu baş verməyəcək”.
“Simonyanın Qazax rayonunun 7 kəndinin və Kərkinin hələ də Ermənistanın işğalı altında qalmasına primitiv düşüncə tərzi ilə hüquqi don geyindirməyə çalışması, əksinə, Azərbaycanı işğalda ittiham etməsi isə xəstə təfəkkürün təzahüründən başqa bir şey deyil”, – Milli Məclis vurğulayıb.
Assambleya sədri hüquqi əsas olarsa, anklavları da qaytara biləcəklərini deyib
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan hesab edir ki, Azərbaycan hakimiyyəti, həqiqətən də, siyasi iradə nümayiş etdirərsə, yaxın 15 gün ərzində sülh müqaviləsi bağlana bilər.
Assambleya sədri deyib ki, Ermənistan tərəfi sülh müqaviləsi imzalamağa tam hazırdır.
“İndi top Azərbaycanın meydanındadır. Əgər Azərbaycan prezident səviyyəsində hazır olduğunu bəyan etsə, sülh müqaviləsi də hazır olacaq. Çox vaxt belə olur ki, Azərbaycan bir şey deyir, ondan sonra tamam başqa yozum təqdim olunur, başqa yerdə isə tamam başqa söz deyilir. Amma görünən odur ki, deyilməli olan hər şey artıq deyilib və Ermənistanın beynəlxalq normalara söykənən sülh müqaviləsi imzalamağa hazır olduğu bütün dünyaya açıq və aydındır”, – Simonyan bildirib.
Simonyan söyləyib ki, Ermənistan heç vaxt bir görüşdən imtina etməyib.
Azərbaycan – Brüssel, Qranada və Vaşinqtonda görüşlərdən imtina edib.
O əlavə edib ki, Ermənistan və Azərbaycan liderlərinin görüşü haqqında razılaşma yoxdur. Belə bir təklif olsa, Ermənistan onu müzakirə etməyə hazırdır.
Anklavlar mövzusuna toxunan Simonyan qeyd edib ki, konkretlik yoxdur, amma həll olacaq.
“Hüquqi əsaslar varsa, biz anklavları onlara qaytarmağa hazırıq. Onlar isə bizim Artsvaşeni qaytarmalıdır”,- Simonyan bildirib.
Yerevan və Bakı noyabrın 30-da iki ölkə sərhədində Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların görüşünün keçiriləcəyini təsdiq ediblər.
Görüşün konkret olaraq harada keçiriləcəyi açıqlanmayıb.
İki ölkə nümayəndələrinin əvvəlki görüşləri daha çox Qazax-İcevan sərhədində keçirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların video suallarını cavablandırarkən deyib ki, Azərbaycan tərəfinin irəli sürülən üç prinsip əsasında sülh müqaviləsi imzalayacağına əmin deyil.
O bildirib ki, bu üç prinsip 2023-cü il mayın 14-də və iyulun 15-də keçirilən üçtərəfli görüşlərin (Şarl Mişel, Nikol Paşinyan, İlham Əliyev) nəticələrində öz əksini tapıb.
Prinsiplərdən birincisi, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü (Ermənistanın 29,8, Azərbaycanın isə 86.6 min kvadrat kilometr) tanımasıdır.
İkinci prinsip – sərhədlərin delimitasiyasının siyasi əsası Alma-Ata Bəyannaməsinə söykənməlidir.
Delimitasiya üçün isə SSRİ Baş Qərargahının 1974-1990-cı illərə aid xəritələrindən istifadə edilməlidir. Çünki Ermənistan Respublikası SSRİ ərazisində yaradılıb.
Üçüncü prinsip ondan ibarətdir ki, iki ölkə arasında kommunikasiyalar qarşılıqlı və bərabərlik prinsipi əsasında ölkələrin yurisdiksiyasına və suverenliyinə hörmətlə açılmalıdır.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.