Şimali Koreya Rusiyaya 100 minə qədər hərbçi göndərə bilər

Ukrayna, Soledar. Foto: Liberov Photographer

Olaf Şoltzun Moskva və Pxenyanı çəkindirmək üçün Çin liderinə təzyiq edəcəyi gözlənilir

Şimali Koreya Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək üçün ümumilikdə 100 minə qədər hərbçi göndərə bilər.

Bu barədə “Bloomberg” bəzi G20 ölkələrinin hesablamaları ilə tanış olan mənbələrə istinadən yazır.

Mənbələrin nəşrə bildirdiyinə görə, Pxenyan və Moskva arasında müttəfiqlik dərinləşməyə davam edərsə, Şimali Koreya Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək üçün 100 minə qədər hərbçi yerləşdirə bilər.

Bu, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İnin tərəfdaşlığına həsr olunmuş bir neçə təhlildən biridir.

Həmsöhbətlər vurğulayırlar ki, belə bir addım qaçılmaz deyil və bu miqyasda hərbi dəstək baş verərsə, rəqəmlər də artacaq.

“Kiyevin hesablamalarına görə, Rusiyanın Kursk vilayətində və ola bilsin ki, Ukraynanın şərqində işğal olunmuş ərazilərdə döyüşən Şimali Koreya əsgərlərinin sayı 15 min olacaq”, – deyə nəşr noyabrın əvvəlində Ukraynanın Cənubi Koreyadakı səfiri Dmitri Ponomarenkoya istinadən yazır.

“Bloomberg”in məlumatına görə, Şimali Koreya və Rusiya arasında əməkdaşlıq məsələsi bu həftə Braziliyada keçiriləcək G-20 sammitində bir neçə müttəfiq, o cümlədən Almaniya kansleri Olaf Şoltzun Çin sədri Si Tsinpinlə görüşü zamanı qaldırılacaq.

Almaniya rəsmiləri bildiriblər ki, Şoltz noyabrın 19-da Rio-de-Janeyroda keçiriləcək görüşdə müharibənin daha da gərginləşməməsi üçün Çin liderinə Rusiya və Şimali Koreyaya təsirindən istifadə etməsi üçün təzyiq göstərəcək.

Rusiya Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2024-cü ilin iyul-sentyabrında 3,7 mindən çox Şimali Koreyalı Rusiyaya təhsil almaq üçün daxil olub.

Ardınca isə Şimali Koreyadan hərbçilərin köçürülməsi xəbərləri yayılıb.

Noyabrın 1-də Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı ölkəsinin Rusiyanı “qələbə gününə qədər” dəstəkləyəcəyini deyib.

Noyabrın 6-da ABŞ Şimali Koreya qoşunlarının Kursk bölgəsində ilk dəfə döyüş əməliyyatlarında iştirak etdiyini təsdiqləyib.

Cənubi Koreya kəşfiyyatı həmçinin bildirib ki, əvvəllər Rusiyaya göndərilmiş KXDR hərbçiləri Kursk bölgəsindədir və Ukraynaya qarşı “artıq hərbi əməliyyatlar” aparırlar.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Kursk vilayətində Rusiya tərəfində döyüşən Şimali Koreya hərbçiləri arasında itkilər var.

Noyabrın 10-da “The New York Times” yazıb ki, 50 minlik Rusiya və Şimali Koreya qoşunları Kursk vilayətində genişmiqyaslı əks-hücum etməyə hazırlaşır.

Nəşr həmçinin yüksək rütbəli ukraynalı məmurun sözlərinə istinad edərək bildirib ki, Ukrayna kəşfiyyatının proqnozlarına görə, Şimali Koreya Rusiyaya kömək üçün 100 minə qədər hərbçi göndərə bilər.

“Financial Times”ın məlumatına görə, Şimali Koreya Rusiyaya 50-yə yaxın M1989 “Koksan” özüyeriyən artilleriya sistemi və 20 reaktiv yaylım atəş sistemi göndərib, onların bir hissəsi Kursk bölgəsinə verilib.

Ana səhifəXəbərlərŞimali Koreya Rusiyaya 100 minə qədər hərbçi göndərə bilər