“Əgər tibbi sığorta olsaydı, anam ölməzdi”
Samux rayonunun Eldar kənd sakini Nurlan Alməmmədov deyir ki, cavan anasını cərrahi əməliyyat etdirə bilmədikləri üçün ölüb. Onun sözlərinə görə, tələb edilən pulun əsas hissəsini toplasalar da, həkim razılaşmayıb:
“Anamın ürəyinin 3 damarı tutulmuşdu, mütləq əməliyyat edilməli idi. Bakıda Mərkəzi Xəstəxanada əvvəl 13 min dollar istədilər, sonra danışıqlar aparıb atama “9 min verin, edərik” – deyiblər. İynə-dərmanı da özümüz almalı idik. Bir az mal-qara satdıq, qohum-tanış cəmi 5 min dollar toplaya bildik. Amma qalan pulu tapa bilmədik. Həkimlər də güzəşt etmədilər. Pulu olmayan ölməlidirmi?”
Nurlan Alməmmədov Səhiyyə Nazirliyindən məhkəməyə şikayət hazırlayıb:
“Mən dəfələrlə Səhiyyə Nazirliyinə məktub yazdım, kömək etmədilər. Heç məktuba cavab da vermədilər. Əgər tibbi sığorta olsaydı, anam ölməzdi. Hökümət imkansız təbəqə üçün bir güzəştlər etməlidi. Neft var, qaz var, guya varlı ölkəyik, pula görə anamın ölümünü izlədik. Artıq ölümündən 6 ay keçib, məhkəməyə məktub göndərmişik, ona da cavab vermirlər. İşi məhkəməyə belə keçirmirlər”.
Pulu olmadığı üçün ölümə məhkum olan yüzlərlə çarəsiz xəstələr var. Məsələn, ötən ilin aprel ayında Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Kəmalə Şərifova ürəyindən əməliyyat olunmalı imiş. İmkansız olduqlarından qadın tələb edilən vəsaiti tapa bilməyəcəyini anlayıb və stressə düşüb, 38 yaşlı qadın intihar məqsədilə müxtəlif dərman preparatları içib.
“Tibbi sığorta haqqında” qanun 15 il əvvəl, yəni 2000-ci ildə qəbul edilib.
Ancaq ötən 15 ildə tətbiq edilməyib. Bu zaman kəsiyində 2006 və 2008- ci illərdə Səhiyyə Nazirliyi icbari tibbi siğortanın tətbiq ediləcəyini deyib. Lakin bütün deyilənlər elə söz olaraq qalıb.
Milli Məclisin ən son keçirilən iclasında maliyyə naziri Samir Şərifov Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə 2016-cı ildən başlanılacağını deyib. Bildirib ki, artıq bunun üçün tələb olunan qanunvericilik bazası formalaşıb və gələn ildən praktiki işlər həyata keçiriləcək.
Ekspert Natiq Cəfərli isə deyir ki, tibbi siğortanın tətbiqi ölkədə köklü struktur dəyişikliklərinə səbəb olacaq, odur ki, belə bir layihənin reallaşacağına ümidli deyil:
“Tibbi siğortanın tətbiqinin indiyədək ləngidilməsinin 2 böyük səbəbi var. Birincisi, iqtisadi səbəbdir ki, tibbi siğorta tətbiq edilsə, işçi və işəgötürən münasibətləri sırf leqal maaş sistemində olmalıdır. Lakin danılmazdır ki, dövlət və özəl müəssisələr vergidən yayınmaq üçün maaşları az göstərir, leqal və “paket maaş”lı ödəniş sistemindən istifadə edirlər. İkinci səbəb isə siyasidir, belə olan halda səhiyyə idarələri ləğv edilməlidir ki, bu da hökümətə sərf etmir. Çünki icra hakimiyyətindən asılılığı olmayan həkimləri seçki saxtakarlığına cəlb etmək mümkün olmayacaq”.