Şeyx Allahşükür Paşazadəyə cavab: Vicdan azadlığı nədir?

Bəs, Allahın bizdə ağzı və gözü, tərcümanı və məhkəməsi olan vicdan nə iş görür?

Source:

Təxminən 1 il bundan qabaq Şeyx Allahşükür Paşazadə, provokativ bir formada, 30 ildir vicdan azadlığının nə olduğunu başa düşmədiyini söyləmişdi. Deyəsən, ona cavab verən olmadı. İcazənizlə, bunu mən aydınlaşdırım.

İnsan azadlığının bəlli üç məhdudlaşdırıcısından biri vicdandır. Digər iki məhdudlaşdırıcıdan birincisi təbiət qanunları ilə gələn məhdudiyyətlərdir, məsələn, insanın ölməmək azadlığı yoxdur, qocalmamaq azadlığı yoxdur və s. İkinci məhdudlaşdırıcı pozitiv qanunlarla gələn məhdudiyyətlərdir, məsələn, insanın başqasını öldürmək azadlığı yoxdur, mülkiyyətini əlindən almaq azadlığı yoxdur və s. Nəhayət, insan azadlığının üçüncü məhdudlaşdırıcısı vicdandır. Ən geniş anlamda vicdan azadlığının ifadəsi belə səslənə bilər: “Mən bunu həm fiziki olaraq, həm də hüquqi baxımdan edə bilərəm, yəni bunu etməyə həm gücüm çatır, həm də qanuni haqqım, ancaq bütün bunlara baxmayaraq, mən bunu mənəvi baxımdan edə bilmirəm, çünki vicdanım qabağımı kəsir, vicdanım yol vermir”. Göründüyü kimi, vicdanla azadlıq kəsişir və vicdan azadlığı qısır.

İndi isə vicdan azadlığı ideyasının spesifik anlamını aydınlaşdırmaq üçün biz bu ideyanın tarixi və fəlsəfi arxa planı haqqında danışmalıyıq.

Yəhudilərin dini kitabı “Tora”da (ərəblər kimi desək, “Tövrat”da) “vicdan” termini olmasa da, anlayışı vardır və bu anlayış “qəlb” sözü ilə ifadə edilir, qəlb vicdanın sinonimidir. Yəhudilikdə vicdan və qəlb allahla insanın görüş, ya da təmas yeri kimi götürülür. Vicdan – insanda allahın səsidir (Th. Aquinas). Vicdan qəlbdədir, ürəkdə. Buna görə də təkallahçı dinlərin hamısı qəlbi Allahın evi sayırlar. Vicdanın sayəsində biz Allahla qarşılaşa, təmas qura bilirik. Azərbaycan dilində “əlini ürəyinin üstünə qoyub danışmaq” deyərkən, yəhudilik və onun ərəb qolu olan islam ənənəsini davam etdirmiş oluruq. Bizim “daşürəy”imiz də İncilin “daşlaşmış vicdan”ıdır. Yazıçımız (V.Babanlı) “Vicdan susanda” deyərkən, bizə səslənən vicdan təsəvvüründən çıxış edir. Ümumiyyətlə, azərbaycanlıların vicdan anlayışı dinidir, yəhudiliyə gedib bağlanır. Tora-ya görə, müqəddəs kitabdakı əmr və qadağalar Allah tərəfindən insanın qəlbinə anadangəlmə nəqş edilmişdir. Vicdan a priori verilmişlikdir, dini ifadə ilə desək, vicdan Allah vergisidir. Yeri də qəlbdir. Beləliklə, bu görüşə görə, vicdan ilahidir. Bu, vicdanın dini interpretasiyasıdır.

Bəs, Allahın bizdə ağzı və gözü, tərcümanı və məhkəməsi olan vicdan nə iş görür? – Vicdan əxlaqi-mənəvi pislə (şərlə) yaxşını (xeyiri) müəyyən edib, əxlaqi-mənəvi baxımdan nəyi necə edəcəyimizi seçməyimiz üçün kompas rolunu oynayır. Bizim vicdanlarımız vahid İlahi əmrin bizdəki nüsxələridir (Platon idealizmi!).

(A.Hitler “Vicdan yəhudi tapıntısıdır” deyərkən, çox da haqsız deyil, ancaq vicdanın bir də qədim yunan interpretasiyası var ki, bu haqda mən bundan qabaqkı yazılarımda danışmışam).

Primitiv qədim dünyagörüşdə insan düşüncəsinin mərkəzi baş (kəllə) yox, ürək (qəlb) sayılmışdır. Antropologiyada buna ürəkmərkəzli insan modeli adı verilir. (İnsanı ürəkmərkəzli təsəvvür etməyin səbəbi budur ki, ibtidai insan qorxarkən, həyəcanlanarkən, hücuma hazırlaşarkən və s. bu kimi hallarda bədəninin ürək hissəsində çırpıntıların, döyüntülərin artdığını hiss etmiş, bununla da o, bütün bunların ürəkdə baş verdiyinə, düşüncə-duyğu mərkəzinin ürək olduğuna inanmışdır – Dr. Alov İnanna). Qədim andiçmələrdə and içərkən sağ əli ürəyin üstünə qoymaq da ürəkmərkəzliliyə inancın qalığıdır. Azərbaycan dilində “ürəyində fikirləşmək”, “ürəyinə dammaq”, “ürəyi götürməmək”, “qəlbi qara” kimi ürək və qəlblə bağlı çox sayda ifadələri bu işıqda anlamaq lazımdır. “Allah Quranı sizin qəlbinizə ərəb dilində qoymuşdur”, “şeytan insanın qəlbinə (köksünə) pıçıldadı” kimi çoxsaylı ayələr də göstərir ki, Məhəmməd yəhudilikdən aldığı bu qədim cəhaləti və vicdanın totalitarist dini şərhini eynilə davam etdirmişdir.

Biz artıq mənim bundan öncəki yazılarımdan bilirik ki, vicdan hiss yox, bilikdir. Ancaq vicdan-qəlb bərabərliyi işığında vicdana nə üçün yanlış olaraq hiss kimi baxılmasının (vicdan hissi) bir səbəbi də aydın olur: Deməli, insanlar biliyin və düşüncənin ürəkdə yox, başda baş verdiyini anladıqdan sonra, ürəyi isə hisslərin yeri sayıblar və beləliklə, vicdana da hiss kimi baxmağa başlayıblar.

Və çox vaxt qəlbin hissləri (ilahilik) ağlın düşüncələrindən (insanilikdən) üstün sayılmışdır. XVII yüz illikdə B.Pascal “qəlbin öz məntiqi var” deyib, onu ağlın məntiqindən üstün elan edirdi.

 ***

Eramızın I yüz illiyində St. Paul-un (həvari Pavelin) İncildə vicdan məsələsinə Tora-nın yanaşmasını davam etdirir. Onun fikrincə, vicdan müqəddəs kitaba etiqad etməklə meydana gəlmir, əksinə, o, insan varlığının ayrılmaz parçasıdır, hər kəsdə vardır. Müqəddəs kitabı olmayanlar ürəyin diktəsi ilə hərəkət edərlərsə, dini qanunun tələbini yerinə yetirmiş olarlar, çünki bu qanun hamının ürəyində anadangəlmə yazılıdır. (Onda haqlı olaraq belə bir sual meydana gəlir ki, Allahın bizdən nə istədiyi qəlbimizdə vicdanın səsi kimi bizə anadangəlmə səslənirsə, onda dini kitablara və peyğəmbərlərə niyə ehtiyac var. Paul bu sualı bizdən qabaq özü-özünə vermişdir və cavabı da budur: Çünki Allahın peyğəmbərlər araçılığı ilə kitab göndərib, dini missiya tapşıraraq yəhudiləri seçməkdə öz planı var).

“İslam ordusu bizə ərəbin dinini yox, insan qəlbinə Allahın qoyduğunu gətirirdi” deyib, Orta əsrlərdə bizim xalqımızı da vəhşiliklə islamlaşdırmış islam ekspansiyasını haqlı çıxarmağa çalışanların, vicdanın yəhudi şərhi ilə düşündüklərindən xəbərləri yoxdur. Hər hansı bir islam inkarçısını və yaxud ifşaçısını qəlbsiz (zalım), vicdansız, qanmaz, murdar, yolunu azmış və ölümə məhkum saymaq və İran, Səudiyyə kimi islam ölkələrində kafir və mürtədləri məhkəmə hökmləriylə həbs, edam, işgəncə kimi cəzalarla cəzalandırmaq haqqı Allahın özü-özünü insan qəlbinə vicdan kimi yerləşdirdiyinə dair inamdan irəli gəlir. Vicdanın və yaxud qəlbin bu, dini interpretasiyasına görə, əgər sən insansansa, deməli, sən də buna boyun əyməlisən. Hansı seçimdən, hansı vicdan azadlığından söhbət gedə bilər? Şeyx Paşazadənin vicdan azadlığını başa düşməsinə 30 ildir mane olan – onun bu, vicdan haqqında yəhudi-islam təsəvvürüdür. Ona elə gəlir ki, vicdan azadlığı vicdandan azadolmadır, başqa sözlə, vicdansızlıqdır, əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır.


 ***


XVI yüz illikdə teologiya doktoru M.Luther (1483-1546) vicdan=allah bərabərliyindən çıxış edərək, çox maraqlı bir fəndlə vicdan azadlığı ideyasının əsasını qoymuş oldu. Luther-in mühakiməsi belədir: əgər vicdan dinidirsə (necə ki, dinidir), onda din də vicdanidir! Yəni madam ki, Allah insanın vicdanındadır, onda insana qıraqdan başqasının müdaxilə etməsinə gərək yoxdur, onun buna haqqı da yoxdur, din vicdan məsələsidir, yəni şəxsi məsələdir. Doğrudan da vicdan Allahın səsidirsə, hamı da bu səslə doğulursa, onda başqa birisinin buna qarışmağa nə haqqı ola bilər?! Beləliklə, hərkəs öz vicdanı qarşısında özü cavabdehdir, başqasının bura qarışacağı yoxdur. Vicdan Allahın sözünü daşıdığı üçün, Allahın sözünə bağlandığı üçün, onun başqasının yolgöstərici köməyinə ehtiyacı yoxdur, o, özünəyetərlidir, azaddır. İnsan vicdani baxımdan teonom (Allahın qanunlarından asılı) olsa da, avtonomdur (başqalarının qanunlarından asılı deyildir). “Heç kim öz vicdanının əksinə hərəkət etməyə məcbur edilə bilməz; heç kimin öz vicdanına uyğun hərəkətinin qarşısı alına bilməz” (1782-ci il, katolik kilsəsinin qərarlarından biri).

Luther xristianlıqda (islamda da) mühüm çəkişmələrdən biri olan iman-əməl çəkişməsində “Allah ədalətlidir” inamından çıxış edir. O, imandan yanadır, daha doğrusu, onun üçün din elə iman deməkdir: Əməllə cənnətə gedilməz, yəni Allahın razılığı əməllə əldə edilməz, əksinə, imanla əldə edilir. Əməlsiz iman imansız əməldən üstündür. Yaxşı əməllərin zəruri-determinist nəticəsi olsaydı, bu, Allahın məcburiyyət altında olması, azadlığının olmaması demək olardı. Halbuki, insan iman edib gözləməlidir (intizar), Allah lütf etsə, cənnəti verər, etməsə, yox; bu, Allahın azadlığıdır. Bu da o deməkdir ki, heç kimin, bu sıradan kilsənin, insanlara qarşı dini tələblər irəli sürməsinə, onları cəzalandırmasına haqqı yoxdur, çünki din hər kəsin daxili məsələsidir, vicdan məsələsidir. Azərbaycan dilində “O, qalıb hər kəsin vicdanına” və yaxud “Səni tapşırıram öz vicdanına” ifadələri luterian-protestant vicdan azadlığı prinsipini gözəl ifadə edir.

Vicdan Luther-ədək insanların həyatına müdaxilə etmək üçün vasitə idisə, Luther-in sayəsində o, insanları azad buraxmaq üçün vasitə oldu. Vicdanın azadlığı prinsipi sonralar aydınlanmaçı (maarifçi) fəlsəfənin və Fransız inqilabının ideyaları və demokratik idarəetmə prinsipləri ilə birləşərək profan-sekulyar sferaya köçürüldü və “etiqad və vicdan azadlığı” prinsipi adını aldı.

Vicdan azadlığı vicdan vasitəsilə əldə edilən dini etiqad azadlığıdır. Və yaxud belə də demək olar: Vicdan azadlığı etiqad azadlığının özülündə dayanır. “Etiqad və vicdan azadlığı” dedikdə, ya mövcud olan dinlərə iman etmək və yaxud hər hansı bir dünyagörüşə inanmaq, ya da özü yeni bir dini dünyagörüşü yaratmaq, öz etiqadına görə yaşamaq, onu həyata keçirmək və yaxud əksinə, bütün bunları etməmək azadlığı başa düşülür. Bir şəxsin və yaxud bir icmanın dini etiqad və dünyagörüşə dair verdiyi daxili vicdani qərarına dövlət qarışa bilməz, əksinə, bunu qorumağa məcburdur. Buna görə də o, haq yox, azadlıq adlandırılır.

Gördüyünüz kimi, etiqad və vicdan azadlığı prinsipi dinlə yanaşı dünyagörüşlərə də tətbiq edilir. Məsələn, dzen-buddhizm kimi yaşayış tərzi təlimləri, şamanizm kimi kultlar, müxtəlif sektalar, insanlara kosmik-metafiziki oriyentirlər və yaşayış tərzi modelləri bəxş edən cürbəcür təlimlər və s. bəzən din sayılmasalar da, hər halda bir dünyagörüşüdürlər və bu prinsip onlara da aid edilir.

Vicdan azadlığı prinsipinə görə: Cəmiyyətdə hər kəsin öz vicdanına uyğun yaşamaq, hər kəsin öz vicdanının tələbləri ilə razılaşıb-razılaşmamaq azadlığı var: özüm bilərəm daxilən vicdansızlıq edirəm, ya etmirəm, mənim könüllü olaraq vicdan ağrısını, lap belə, Allahın qəzəbinə tuş gəlməyi seçmək azadlığım var; amma necə ki, bir insanı vurmaq, döymək, canını ağrıtmaq olmaz, eyni şəkildə, insanı qıraqdan öz vicdani seçiminin əksinə hərəkət etməyə məcbur edərək, onu vicdan ağrısına məruz qoymaq, vicdan ağrısı hiss etməyə məcbur etmək də olmaz; hər bir şəxsin qıraqdan gələn hər cür təsiri rədd edərək, öz vicdanına itaət etməmək azadlığı var: vicdanımın yiyəsi mən özüməm, heç kimin məni vicdansızlıqda suçlamaq haqqı və imkanı yoxdur.

Vicdanı qəlb və yaxud ruh adlandıran Luther vicdan azadlığı prinsipinin banisi olsa da, o, vicdanı ilahi mənşəli saymaqla, onun dini-yəhudi şərhinə sadiq qalır. Vicdan ilk dəfə olaraq “Vicdanın beşdə biri başqalarından qorxu, beşdə biri batil etiqad, beşdə biri sterotip, beşdə biri özündənrazılıq (özünübəyənmişlik), beşdə biri alışqanlıqdır” deyən A.Schopenhauer-lə dünyəviləşir, yəni insaniləşir. Ardından F.Nietzsche, S.Freud və XX yüz illiyin bir sıra filosofları vicdanı artıq anadangəlmə ilahi vergi olaraq deyil, insani-dünyəvi formada şərh etsələr də, etiqad və vicdan azadlığı prinsipi pozitiv hüquqda öz qüvvəsini saxlayır.

Bundan sonrakı yazımın mövzusu vicdan məhbusluğudur.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəŞeyx Allahşükür Paşazadəyə cavab: Vicdan azadlığı nədir?