Seymur Həzinin cəzası artırıldı

Məhkəmədə bildirilib ki, Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov Seymur Həzi haqqında 17 oktyabrda çıxarılmış 15 sutkalıq həbs qərarından şikayət verib.

Foto: Meydan TV


“Məqsəd mənim 2 noyabr mitinqində iştirakımın qarşısını almaqdır”

AXCP sədrinin müavini, jurnalist Seymur Həziyə verilən 15 sutkalıq həbs cəzası Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovu qane etməyib. O, Xətai Rayon Məhkəməsinin 17 oktyabrda çıxardığı sözügedən qərarından apelyasiya şikayəti verib və S.Həzinin cəzasının sərtləşdirilməsini istəyib. Bir gün əvvəl verilmiş həmin apelyasiya şikayətinə oktyabrın 29-da axşam saat 6 radələrində Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Faiq Qasımovun sədrliyilə keçirilən prosesdə Xətai Rayon Polis İdarəsinin polkovnik-leytenantı Rəhman Kərimov rəisinin şikayətini müdafiə edib.

S.Həzinin vəkili Şəhla Hümbətova isə bildirib ki, belə tələsik məhkəmə təyin edib keçirməyin özü pozuntudur: "Biz qarşı tərəf kimi, nə şikayəti görmüşük, nə rəisin əsaslandırmasından xəbərimiz var. Hər şey gün kimi aydındır. Dünən elə bu məhkəmədə həmin qərardan bizim verdiyimiz apelyasiya şikayətinə baxıldı və qərar qüvvəsində saxlandı. Bu gün nə baş verdi ki, Seymur Həzi və başqa cəbhəçilərin həbs müddətinin artırılması üçün eyni vaxtda eyni şikayətlər yazıldı? Məqsəd bu adamların növbəti – noyabrın 2-nə təyin edilmiş mitinqdə iştirakının qarşısını almaqdır. Məhkəmə qərarından on gün keçib, niyə indiyə qədər şikayət yox idi, mitinqin vaxtı təyin edilən kimi ortaya çıxdı? Artıracaqsız, müddət başa çatana qədər yenə mitinq təyin edilsə, bir daha şikayət veriləcək, bir daha artıracaqsız? Bu, nə deməkdir axı?"

Vəkil vurğulayıb ki, S.Həzinin əməlində ümumiyyətlə, inzibati xəta olmayıb. Müdafiəçinin sözlərinə görə, məhkəmələr də həqiqəti ortaya çıxarmaq üçün heç bir araşdırma aparmayıb: "Çox təəssüf edirəm ki, hüququ belə oyuncaq ediblər, məhkəmələr də aciz şəkildə susur".

S.Həzi özü çıxış edərkən hakim Faiq Qasımov bir neçə dəfə onun sözünü kəsib. O, hakimə belə cavab verib: "Siz özünüzdə güc tapın, mən çıxışımı davam etdirim".

S.Həzi də bu şikayətin onun 2 noyabr mitinqində iştirakının qarşısını almağa xidmət etdiyini vurğulayıb: "Bu, siyasi işdir, inzibati xətadan söhbət gedə bilməz. Mənim müqavimət göstərdiyim iddia olunan Rauf Ağayevi çağırın bura. Görüm ona harda müqavimət göstərmişəm? Siz Azərbaycan Respublikasını nə hesab edirsiz? Mən AXCP sədrinin müavini kimi öz məsuliyyətimi dərk edirəm. Siz də dərk edin. Kim ki İlham Əliyevə görə millətə zülm eləyir, hamısı bir gün mütləq cavab verəcək. Hamınız hüququn başına açdığınız oyunlara görə cavab verəcəksiz. Sabah bəlkə məni öldürəcəksiz, amma birisigün mütləq cavab cavab verəcəksiz. Dövlətin dünyəviliyi prinsipini belə ayaq altına atmaq olmaz. Biz artıq şəriət qaydalarıyla idarə olunuruq. Kim ki xoşlarına gəlmir, məhkəmələrin əli ilə cəzalandırırlar…"

Hakim Faiq Qasımov S.Həziyə çıxışını davam etdirməyə imkan vermədən məhkəmə zalından çıxaraq müşavirəyə gedib. Bir dəqiqə sonra geri qayıdıb, cəzanın 15 sutkadan 30 sutkaya qaldırıldığını açıqlayıb.

S.Həzi oktyabrın 17-də həbs olunub. İddia olunur ki, o, metronun "Əhmədli" stansiyasının yaxınlığında telefonla yüksək səslə danışarkən söyüş söyüb. Bu zaman polis əməkdaşları ona irad bildirib, intizama dəvət etsələr də, S.Həzi onların göstərişinə əməl etməyib, müqavimət göstərib.

S.Həzi isə bildirir ki, o, həyat yoldaşını gözləyərkən mülki geyimli üç nəfər onu tutub, 34-cü polis bölməsinə, oradan da Xətai Rayon Məhkəməsinə aparıb.

Ana səhifəSiyasətSeymur Həzinin cəzası artırıldı