Şəxsi fikrə hörmət

Və ya nifrətin dili..

Source:


Azərbaycanda sosial şəbəkələrdə toplaşan insanlar bir çox hallarda hansısa məsələyə öz fikirlərini ölüm təhdidləri və söyüşlərlə ifadə edir. Gördüyüm qədərilə, söyüşlə yazılan fikirlərə qarşı çıxan tapılır, amma təhdid dolu fikirlərə o qədər də diqqət edən olmur, ya da olur, bu sadəcə az insanda narahatlıq hissi yaradır. Mənə görə isə söyüşdən daha ciddi məsələ, bir insanın qarşısında olan insanı fərqli fikirlərinə görə ölümlə, yandırmaqla, asmaqla, kəsməklə və s təhdid eləməsidir.

“Öldürərəm!”, “başını kəsərəm”, “qanını içərəm”, “yandıraram” – bu sözlər və bu sözlərə yaxın olan, mənası eyni olan digər sözləri Azərbaycanda yəqin ki, hər gün eşitməyən, görməyən yoxdur. Bəzən olur ki, bu fikirlər insanın özü yox, ikinci, üçüncü şəxsin adından istifadə edilir, amma əsas odur ki, bu sözlər artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ölkədə yaşayan insanların çoxunda istər küçədə, istər evdə, istər sosial şəbəkələrdə – bir sözlə, hara baxsan kin, nifrət, əsəb, aqressiya görə bilərik.

Şərt deyil, kimsə ağzını açıb danışsın, qarşına çıxan insanların çoxunun etdiyi hərəkətlərdən, baxışlarından belə hiss etmək olur bunları, yəni qaçılmaz haldır. Məhz Azərbaycanda insanların niyə bu vəziyyətdə olmasının səbəbləri saysızdır, ayrı-ayrılıqda izah etmək daha böyük bir yazı istəyir və qarışıqlıq yaradır. Dərd bir deyil, iki deyil, izah olunanı var, olunmayanı var.

Ona görə də, mövzu çox uzağa getmədən sosial şəbəkələrdə diqqətimi çəkən məsələlərdən biri haqqında yazımı davam etdirirəm. Onu da deyim ki, bu məsələ təkcə sosial şəbəkələrdə yox, elə yuxarıda qeyd elədiyim kimi hər yerdə üzləşdiyimiz və ya üzləşə biləcəyimiz bir şeydir. Sadəcə insanların fikrinin daha böyük kütlə qarşısında çıxışına görə sosial şəbəkələrdə olanlar daha çox diqqətimi çəkir. Yəni insanlar milyonların qarşısında oturuşmuş fikirlərdən, həyat tərzindən, fərqli fikir, fərqli yanaşma, fərqli həyat görəndə qarşı çıxmaq, öz fikirlərini söyləmək adı altında niyə bu qədər rahat şəkildə, bu ifadələri istər öz adlarından, istər ikinci və üçüncü şəxsin adından səsləndirə bilirlər və utanmırlar, qorxmurlar, heç nədən, heç kimdən çəkinmirlər – “öldürərəm!”, “başını kəsərəm”, “qanını içərəm”, “yandıraram” və s.

Düşünün, bir insan evində oturur və milyonlarla insanın toplaşdığı bir məkanda birini ölümlə təhdid edir və acınacaqlı görüntü odur ki, onunla eyni fikirdə olan insanlar daha çox olur, nəinki ona qarşı çıxanlar.

Cəmiyyətin fərqli insanlara qarşı həddindən çox aqressiv olması insanlar arasında ifadə, düşüncə , seçim azadlığının yox dərəcəyə gəlib çıxmasına səbəb olub.

Bu təhdidləri daha rahat şəkildə deyə bilməklərinə bir səbəb də həmin insanların bu tip fikirlərinə “Bu mənim şəxsi fikrimdir, hörmət elə” düşüncəsi ilə yanaşmasıdır. Azərbaycanda etirazın, qarşı çıxmağın bütün növləri, eləcə də demək olar ki, hər şey süni şəkildə yarandı və yaranır. Hazırda aşağı-yuxarı bütün insanların hansısa fikir söyləyəndən dərhal sonra ona qarşı çıxan olanda, ya da elə kimsə qarşı çıxmamış işlətdiyi “Bu mənim fikrimdir, hörmət elə” ifadəsini mən bir çoxlarının necə acgözlüklə səsləndirdiyini sezirəm .Sanki uzun zamandan sonra hava, su kimi ehtiyac duyduqları bir şey tapıblar və harada gəldi, yeri oldu-olmadı, düz də olsalar, səhv də olsalar, bildikləri və bilmədikləri hər nə olsa bu ifadəni fikirlərinin sonunda səsləndirmələrinə bundan başqa ad qoya bilmirəm.

Düşünün biri çıxır deyir «mən eynicinslilərin küçədə rahat gəzməsini, evliliyini və s. istəyirəm, buna qarşı çıxmaq insan azadlığının, sərbəstliyinin əlindən alınması deməkdir. Ona görə də qarşı çıxılmasa, heç bir maneə törədilməsə daha yaxşı olar.” Digəri isə bu fikirlərə qarşıdır və deyir –“Əlimə düşsən sənin başını kəsərəm, xahiş edirəm, kimsə bunu pis qiymətləndirməsin, bu da mənim şəxsi fikrimdir, hörmətlə yanaşın.”

Yox! Normal insan bu fikirlərə hörmət qoya bilməz, bunu anlamaq, başa düşmək, dərk etmək o qədər də çətin deyil, bunu anlamağı, başa düşməyi, dərk etməyi çətinləşdirən insanlarda düşünməyin, düşüncə azadlığının formalaşmamasıdır və istədikləri zaman, istədikləri yerdə qəbul etmədikləri fərqli fikirli, fərqli düşüncəli, fərqli həyatı olan insanları ölümlə təhdid eləməklərinin cəmiyyətdə yaxşı qarşılanmasıdır.

Burada çox qısa misal çəkdim, ola bilsin, fikir mübadiləsi əsnasında söhbət uzana, mövzu dəyişə, fərqli ola bilər, amma əsas olan odur ki, bu belədir.

Bəs cəmiyyətin sevdiyi bu ifadələrin sonu hansı nəticəni verir və ya verəcək?! Ola bilsin, bir gündə minlərlə insan fərqli düşüncədə insanları təhdid eləsin, amma bir gündə minlərlə ölüm hadisəsi olmasın, lakin mən bunun sonunu böyük bir partlayış kimi təsvir edirəm. Bu qədər kin, aqressiya heç də yaxşı sonluğa aparmır.

Bəlkə də bütün bunlara səbəb insanların həqiqətən də fərqlilik deyilən bir şeydən xəbərsiz olmasıdır, bütün dünyanın öz beyinlərinə uyğun düşünməsi, düşünməyə məcbur olması həqiqəti ilə yaşamalarıdır. Məhz bu insanlar həqiqətin harada və necə olduğunu anlamayana qədər, bu tip ölüm təhdidlərinin ardı kəsilməyəcək. Bu ölkədə belə insanların olmasının digər səbəblərindən biri də uşaqlıqdan onların belə böyüdülməsi ilə bağlıdır, bunlar haqqında “Qatil uşaqlar” adlı yazımda daha geniş yazmışam, maraqlı olsa, tapıb oxuya bilərsiniz.

Digər tərəfdən, bəlkə də bu təhdid dolu sözlər yazan insanların içində nə vaxtsa fərqli fikir söyləməkdən qorxanlar, asılmaqdan, kəsilməkdən qorxub susanlar da var. Yəni burada da bir saxtakarlıq var. Zamanla insanlar dəyişə bilir, amma bu dəyişiklikdən qorxub başqa yollara əl atırlar. Belə halların acınacaqlı dəhşətlərini izah etmək isə mümkün deyil.

Ölümlər də olur, həm də çox olur, amma qarşı çıxan olmur, susurlar. Baş verənlər onu göstərir ki, bu ölümlər bir gün susanlara, bu ölümlərə razı olanlara da gəlib çatır. Çünki normal insanın təbiətində bu halları qəbul edəcək bir mövhum yoxdur.

Hər insan azadlığı sevir və söylədiyi əks bir fikir, yaşadığı həyat onun ölümünə səbəb ola bilməz. Belə hadisələrə susmağın nəticəsi ona gətirib çıxaracaq ki, zamanla bu ölümlər və ya ölüm təhdidləri hər kəsə qarşı ola bilər.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəŞəxsi fikrə hörmət