Səviyyəsizlər

Elgizin, Zaurun maraq, məna qatdığı həyatı yaşamaqdansa…

Source:


Bu gün əsəbi dostlarımdan biri mənə  link atdı. Açdım. Bir müğənninin müsahibəsi idi. Müsaşibəsində bir-iki həmkarını danlayandan sonra təkəbürlə qeyd etmişdi ki, son illərdə toylarda ən çox oxunub-oynanan «Can-cana» mahnısına görə 300 min manat pul qazanıb. Düz 300 min. Bir mahnıdan.

Özlüyümdə bu məbləği yazılarıma böldüm. Hesablayanda məlum oldu ki, mən bu məbləği qazana bilmək üçün altı min yazı yazmalıyam. Hər gün bir yazım çap olunsa, 17-18 ilə bu məbləği qazana bilərəm. Deməli, mənim ən yaxşı halda on səkkiz ildə qazana biləcəyim məbləği Azərbaycanda bir müğənni beş-on dəqiqə sərf edib, quraşdırdığı bir mahnı ilə bir dəfəyə rahatca qazanır.

Bu müğənniyə qətiyyən üstən-aşağı baxmıram. Adam malını bazara çıxarıb. Mal yaxşı satılıb. Müştərisi çox olub. O da, halal-hümmət pulunu qazanıb. Rüşvət almayıb, yetim haqqı yeməyib, alt paltarında bülleten aparıb, seçki qutusuna atmayıb. Mahnı yazıb, pul qazanıb.  Mahnısı «Can-cana» olmur, nə olur-olsun, bu müğənnini danlamağa, ona barmaqarası baxmağa heç kimin haqqı yoxdur.

Təsəvvür edin ki, bazarda alma satırlar. Ən çürük almalar ən çox, ən baha satılandır. Müştərilər təzə, qəşəng, dadlı almaları qoyub, məhz çürük alma alırlar. Onlara çürük alma lazımdır. Təzə, saf almaya pul vermək istəmirlər, yemək istəmirlər. Bir sözlə, bazarda çürük alma «ihləyir». Belə olanda, çürük alma satanı qınamaq olarmı? O nə etsin ki, müştəriyə çürük alma lazımdır?

Dinlədikləri mahnılara baxın, oxşamaq istədikləri müğənnilərə, aparıcılara baxın. Onların kumirlərinin efirdəki hərəkətlərinə, danışıqlarına, davranışlarına  baxın. Mövzularına, söhbətlərinə, qonaqlarına, suallarına baxın. Bu nə səviyyəsizlik, bu nə düşüklük, bu nə ucuzluqdu? Vurma cədvəlini bilməyən, əlifbada neçə hərfin olduğunu, ismin halları kimi sadə, ibtidai bilgilərdən xəbərləri olmayan adamlardı bunların kumirləri. «Eynşteyn kimdi ee, belə də ad olar?!» deyən səviyyəsiz adamlara oxşadırlar özlərini. Efirdə şpaqat açan, kimin kimlə yatdığını müzakirə edən, kimisə saçını yolacağı ilə hədələyənlər, efirdə bir-birinin belinə minənlərdi bunların kumirləri.

Kumirləri bunlar olan, belə adamlara oxşamaq istəyənlərin hesabına alababat bir müğənninin adamda ikrah doğuracaq qədər bayağı bir mahnıdan 300 min qazanmağı bizi təəccübləndirməməlidir.

Azərbaycanlılar bir xalq olaraq özlərinin ən səviyyəsiz dövrlərini yaşayırlar. Bilmirəm, bundan sonra nə olacaq, necə olacaq? Amma indi baş verənlərin, indiki zövqün, indiki «müğənni-aparıcı-şoumen» orgiyasının bircə adı  var- səviyyəsizlik. Bayağılıq. Düşüklük. Bunu hamı birdəfəlik qəbul etsin, razılaşsın. Zaura, Elgizə, Nadirə, Xatirəyə, Rəqsanəyə baxan, onların verilişləri, mahnıları, həyatları, kiminlə yatıb-durduqları ilə, paltarları, evləri, maşınları ilə maraqlanan adamların hamısı səviyyəsiz adamlardır. Onlar bunu bilməlidirlər. Özlərinin belə göründüklərini, səviyyəsiz olduqlarını bilməlidirlər.

Bu adamlar ona görə səviyyəsizdirlər ki, Zaura, Elgizə, Nadirə, Xatirəyə, Rəqsanəyə pərəstiş eləmək, ağzından qatıq tökülən şou adamlarına özlərini oxşatmaq üçün gərək nə qədər cahil, zövqsüz, bayağı adam olasan? Axı o nə həyatdır, nə həyat tərzidir ki, orda baş verənlər Rəqsanədən, Nadirdən, Zaurdan, Elgizdən daha maraqsız, daha lazımsızdır. Görün siz nə qədər lazımsız, nə qədər boş həyat yaşayırsınız ki, həyatınıza Elgiz, Zaur, Nadir kimi adamlar məna qatır, maraqlı edir.

Deməli, siz kitab oxumursunuz, qəzet üzü açmırsınız, ölkədə baş verən ciddi hadisələrlə maraqlanmırsınız, sizə zövq verəcək heç bir məşğuliyyətiniz yoxdur, deməli, filmlərə baxmırsınızz, sərgilərə getmirsiniz, dostlarınızla maraqlı söhbətlər etmirsiniz. Deməli, sizin otağın havasını təravətləndirən bir dibçək bitkisi qədər xeyriniz yoxdur. Onda sual olunur, bu həyat sizin nəyinizə lazımdır? Onu yaşaya bilmirsinizsə, həyatınızla davrana bilmirsinizsə, nəyinizə lazımdır?  Elgizin, Nadirin, Rəqsanənin, Zaurun maraq, məna qatdığı həyatı yaşamaqdansa, bir qaşıq siçan zəhəri içib, ölmək daha səviyyəli hərəkət deyilmi?

Ana səhifəMənim FikrimcəSəviyyəsizlər