AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı və jurnalist Elnarə Qasımova keçirdikləri aclıq aksiyası zamanı həbsxanada yaşadıqlarından yazıblar.
Sevinc Vaqifqızı yazır ki, simvolik bir gündə – Milli Mətbuat günündə aclıq aksiyasına start veriblər:
“Aclığa başladığımız gün çox simvolik idi. 22 iyul Milli Mətbuat günü. Mətbuatın yaranmasının 150 illiyində həbsdəki 4 jurnalist qanunsuzluğa etiraz olaraq aclıq edirdi.
Həmin gün İlham Əliyev suallarını razılaşdırdığı “jurnalistləri” başına yığıb özlərini “ağıllı” apardıqlarına görə ziyafət verirdi. Tox adamlar qol-boyun olub şəkil çəkdirir və özlərini elə aparırdılar ki, sanki Zərdabinin davamçılarıdırlar”.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə AbzasMedianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
“Bəs həmin vaxt biz təcridxanada nələrlə üzləşirdik?”,- deyə jurnalist həmin gün yaşadıqlarını yazmağa davam edir. O bildirir ki, həmin gün təcridxana rəisinin təlim-tərbiyə işləri üzrə müavini Əhəd Abdıyev aclıq qərarı vermiş jurnalistləri rəisin və onun yanında olan Penitensiar Xidmətin əməkdaşlarının qəbuluna aparmaq adı ilə otaqlardan çıxarıb. Saat yarım gözlədikdən sonra onları heç kim qəbul etməyib.
“Qayıdanda iki nəfərlik, amma tək saxlanacağım otağa keçirəm. Divar boyu dırmaşan qarışqalarla salamlaşıram. Otağı yır-yığış etmək üçün otaq yoldaşlarım nəzarətçilərə dil töksələr də xeyri olmur. Mən də israr etmələrini istəməyib otağı təkbaşına təmizləyirəm və əşyalarımı yerləşdirirəm. Öncədən əşyalarımız yoxlanılır ki, birdən içində yemək olar”.
Jurnalist Elnarə Qasımova yazır ki, onun yerləşdirildiyi kamerada da vəziyyət ürəkaçan olmayıb.
“Yerləşdirildiyim kamerada duş sistemi yox idi. İlk gündən desəm də, yalnız 4 gün sonra köhnə duş başlığı göndərdilər. Havalandırma sistemi olmadığından yayda bir az nəfəs ala bilmək üçün pəncərələrin şüşələri çıxarılır. Amma bu otaqda şüşələrin, demək olar, hamısı yerində idi. Otaqda işıq yox idi, lampanın bağlandığı naqil xarab idi və lampa da yox idi. İşıq üçün usta istəyəndə xeyli təkidlərdən sonra ustanı “tapdılar”.Televizorun işləməsi üçün lazım olan cihaz yox idi, sökülənin yerinə yenisi qoyulmamışdı. Həmin gün sonradan bunu da həll etdilər”.

“Yerləşdirildiyim kamera natəmiz idi. Günortadan axşam saat 8-ə qədər otağı yığışdırıb yerləşməyə çalışdım. Sonrakı günlərdə getdikcə halsızlaşacağımızı, immunitetimizin düşəcəyini nəzərə alıb əməkdaşlardan otaqlarımızın təmizlənməsi üçün bizə kömək etməyi təklif edən yoldaşlarımıza icazə verilmədi”,- Elnarə Qasımova kameranı belə təsvir edir.
Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən aclıq aksiyasına başlamışdılar.
Onlar iyulun 20-də müddətsiz aclığa başlayan AbzasMedia-nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirdilər.
Onlar iyulun 28-də, aclığın 7-ci günündə aksiyanı dayandırıblar.
Ülvi Həsənli isə avqustun 5-də aclığı dayandırıb.
“Məlum olur ki, otaqda duş sistemi yoxdur. Bu otaqda qalanlar dizlərini yerə atıb yuyunmağa məcbur olublar. Əl-üz yuyan kran da demək olar işləmir, sızqa su gəlir. Yayın ortası olsa da, pəncərələrin şüşələri çıxarılmayıb. Bu otaqda qalan məhbuslar cəmi bir pəncərədən gələn havaya möhtac qalıblar.
Otaqda televizor işləmir, pult da yoxdur”,- Sevinc Vaqifqızı belə yazır.
O əlavə edir ki, otağa daxil olduğu gün gəzinti yeri bağlanıb.
“Halbuki 3 saat sonra bağlanmalı idi. Baş nəzarətçi Əzizə Məmmədova dedi ki, “rəisə məruzə olunmalıdır, ondan sonra qapı açılacaq”. Gəzintinin qapısı nə vaxtdan rəisə məruzə olunurdu? Bu minvalla 1 saat keçdi. Otaqda günün istisində nəfəs almaq çətinləşirdi. Bir saatdan sonra həkim gəldi və elə o vaxt gəzinti yerinin qapısı açıldı”.
Növbəti gün də eyni hadisənin yaşandığını vurğulayan məhbus jurnalist bildirir ki, bütün kameraların gəzinti yerləri saat 10-a qədər açılsa da, aclıq edən digər həmkarları ilə onun qapısı açılmayıb.
“Nəfəslikdən 2 saat qışqırıb “Elnur İsmayılov, “proqulumuzu” (red.: gəzinti) aç” deyəndən sonra saat 12-də qapımız açıldı. Yenə eyni səbəb göstərdilər – rəisə məruzə olunmalı idi. Növbəti gün rəisin məruzəyə ehtiyacı olmadı, qapılarımız vaxtında açıldı”.
Elnarə Qasımova yazır ki, aclıq aksiyası dönəmində olduqları korpusa həm gündüz, həm gecə növbəsinə əlavə əməkdaşlar verilib.
“Otaq yoldaşlarımızdan qalan əşyalarımızdan nələrisə istəyəndə həmin əməkdaşlar əşyaların nə olduğunu məruzə edirdilər. Razılıq alandan sonra bizə gətirirdilər. Təhvil verməzdən əvvəl isə mütləq şəkildə hər şey yoxlanılırdı.
Təmizlik vasitələrinin isə yalnız hissə-hissə, 1-2 istifadəlik verilməsinə icazə var idi. Bəzi əşyalar isə müzakirələrdən sonra “işlət, qaytar” prinsipi ilə verilirdi. Məsələn, saçımı qurutmaq üçün otaq yoldaşımdan fen istəyəndə bu halla üzləşmişdim”.
O bildirir ki, qanuna, həm də daxili intizam qaydalarına əsasən, əməkdaşlar aclıq edən şəxslərə gündə 3 dəfə yemək təklif edib imtina ilə bağlı qeydlər aparmalıdırlar. Lakin onlar işlərinə aid digər qaydalardan xəbərsiz olduqları kimi bundan da xəbərsiz idilər.
“Təcridxanada etiraz edən həbs edilmiş şəxslərə (bu daha çox siyasi məhbuslara tətbiq edilir-E.Q.) qarşı işlədilən məşhur üsul var, digər dustaqları o adamların üzərinə qaldırmaq. Müəssisə rəhbərinin göstərişi ilə bu üsulun tətbiqi bizdən də yan keçməmişdi”.
Sevinc Vaqifqızı yazıb ki, aclığa başladıqları gündən soyuq su gün ərzində 2 saatdan 40 dəqiqəyə endirildi, isti su heç verilməyib.
“Üç mərtəbədə yerləşən 350-yə yaxın məhbus üç gün susuzluqdan əziyyət çəkdi. Qadın məhbuslar gileylənməyə başladı ki, bu, bizə görədir və onlar niyə jurnalistlərə görə əziyyət çəkməlidirlər?”.

“Bu halı biz öncəki aclıq aksiyamızda (2 iyul) yaşamışdıq. Elnarə telefona çıxıb aclığa başladığımızı ailəsinə xəbər verən vaxt telefonu kəsildi. Telefon saatlarla bağlı saxlanıldı. Qadın məhbuslar “telefon niyə işləmir?” soruşanda nəzarətçi Cahan İbrahimli “Siyasilərə görədir. İnanırsan, bezmişik əllərindən” dedi. Baş nəzarətçi Əzizə Məmmədova da “dustağın qapısını dustaq bağlayır” əlavəsini elədi. Bundan sonra nəfəsliklərdən qadınlar Elnarənin üstünə qışqırmağa başladılar. “Sizin uşağınız yoxdur deyə vecinizə deyil, amma biz uşaqlarımızla danışmalıyıq,”- deyə qadın məhbus şikayət elədi. Elnarə də “Biz məhbuslarla konfliktə girmirik. Şikayətinizi rəisinizə deyərsiniz. Telefonu mən bağlamıram,”- dedi”, – deyə Sevinc əlavə edir.
İyunun 26-da “AbzasMedia işi” üzrə həbs olunmuş Ülvi Həsənli, Hafiz Babalı, Fərid Mehralızadə, Məhəmməd Kekalov saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər.
Ülvi Həsənli buna etiraz olaraq həmin gün aclığa başlayıb.
İyulun 2-dən etibarən Nərgiz Absalamova, Elnarə Qasımova və Sevinc Vaqifqızı Ülvi Həsənliyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayıblar.
İyulun 4-də onlar aksiyanı dayandırıblar.
Elnarə Qasımova: “Elnur İsmayılov bilmirdi ki, bizi təmiz olmayan kameralara yerləşdirəndə bizə təmizlik vasitələri lazım olacaq?”
Jurnalist qeyd edir ki, aclıq etdikləri müddətdə nəzarətçilər tez-tez gəlib tək qaldığımız otaqlarda bizimlə maraqlanmalı olsalar da, kiçik istisnalarla böyük əksəriyyəti bunu etmədi.
“Huşumuzu itirsək, heç kimin xəbəri olmayacaqdı. Aclığın 5-ci günü ailəmlə görüşə getdim. Öyrəndim ki, burada başımıza gətirilənlərdən narahat olan, ürəyində aparatla gəzən anamın vəziyyəti pisləşib və bir gecə xəstəxanada yatılı müalicə alıb. Səhəri gün də durub görüşümə gəlib. Amma gətirdiyi paltarlarım içəri buraxılmamışdı. Cəmi 1 ədəd köynək, 1 ədəd şortik və 1 ədəd alt paltarını otağıma gətirdilər. Bir həftə bu paltarları geyinməli idim. Əşyalarım görüşdən çıxan ailə üzvlərimə təhvil verilmişdi”.
Elnarə Qasımova da sovqatın buraxılmasına yaradılan süni əngəllərdən yazıb.
“Əvvəlcə salfetləri, təmizlik vasitələrini buraxmaqda maneə yaratdılar. Elnur İsmayılov bilmirdi ki, bizi təmiz olmayan kameralara yerləşdirəndə bizə təmizlik vasitələri lazım olacaq? Görüşdəki əməkdaşlara dedim ki, bunu rəislərinə də çatdırsınlar. Bir az sonra qərara gəldilər ki, həmin əşyalar otaq yoldaşıma, sular isə mənə veriləcək”.
Sevinc Vaqifqızı bildirir ki, Ombudsman Aparatından anası Ofeliya Məhərrəmovaya bu məsələni həll edəcəklərini söz versələr də, vəziyyət dəyişməyib.
“Anam Ombudsman Aparatından Rəşid Rumzadə ilə danışandan sonra o, valideynimi əmin etmişdi ki, geyimlərim 1-ci gün yenidən təcridxanaya aparılsın, bu dəfə buraxılacaq. İkinci dəfə gətirilən geyim əşyalarım yenə də içəri buraxılmadı. Rəis müavini Əhəd Abdiyev çölə çıxaraq dostuma bildirib ki, mənə bir dəst paltar verilib və bu, bir həftə bəsimdir. Bəlkə də rəis müavini həftədə bir dəfə paltarların dəyişir deyə bu, onun üçün normaldı, amma şəxsi gigiyenasına fikir verən şəxslər hər gün yuyunub əyinlərin dəyişirlər”.
Sevinc Vaqifqızı: “Görünür, rəis təkcə ailə tərbiyəsi yox, heç türmə tərbiyəsi də görməyib”
Sevinc Vaqifqızı yazır ki, bütün bu göstərişləri verən Bakı İstintaq təcridxanasının rəhbəri Elnur İsmayılov olub.
“Rəis Elnur İsmayılovla görüşlərimizdə həmişə deyirdi ki, “siz ailə tərbiyəsi görmüsünüz, mən türmə tərbiyəsi”. Amma heç türmə tərbiyəsində də bir kişinin qadınla ədavətinə yaxşı baxılmır. Üstəlik bu ədavətə görə qadına alt paltarı buraxmamağa heç yaxşı baxılmır. Görünür, rəis təkcə ailə tərbiyəsi yox, heç türmə tərbiyəsi də görməyib. Biz yemək aclığı edən vaxt rəis tərbiyə aclığı çəkirdi”- jurnalist yazır.
Elnarə Qasımova bildirir ki, iyulun 28-də səhər saatlarında rəis müavini bir əməkdaş və həkimlə kameraya gəlib.
“Yanındakı əməkdaş otağı axtarmağa başladı. Rəsi müavini Cavid Güləliyev, çox güman, aclıq etdiyimizə şübhə ilə yanaşıb bu yola əl atmışdı. Həkim təzyiqimi ölçdü, normal olduğunu eşidən Güləliyev dedi ki, “yəqin kimsə bunlara “zavtrak” verir, bu qədər vaxta bu nə təzyiqdir”. Yaxşı olardı ki, Cavid Güləliyev “axtarış performansını” otağa yerləşdirildiyim gün də əməkdaşlarından tələb edərdi. Oynayan təzyiqimizin həmin an normada olduğunu görən rəis müavini yəqin buna görə xeyli məyus olmuşdu. Təzyiqimi ölçəndən sonra həkim qan analizi götürdü. Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”.
Jurnalist bildirir ki, bir neçə saat sonra həkim qan şəkərinin aşağı düşdüyünü deyib və ona sistem qoşmağı təklif edib. O isə bundan imtina etdiyini yazıb.
“Axşam 19:00-da aclığı sonlandırmaqla bağlı ərizələri təqdim etdik. Bir az sonra bir-bir rəis müavini Ceyhun Hacıyevin qəbuluna aparıldıq və aclığı dayandırmaqla bağlı izahat yazdıq. Bundan sonra otaqlarımıza qaytarıldıq. Otaq yoldaşımı qaldığı müvəqqəti kameradan tələsik çıxardılar, o, özü ilə lazım ola biləcək qida məhsullarını götürə bilmədi”- Elnarə Qasımova bildirib.