Elinanın intihar etdiyi məktəbin direktoru məhkəmədə danışdı: tam ifadəsi…
162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş keçmiş direktor Sevinc Abbasova məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verib. O bildirib ki, əvvəl özünü qismən təqsirli bilsə də, indi fərqli fikirdədir – özünü qətiyyən təqsirli bilmir. Fikrini də cinayət işinin materiallarıyla tanış olandan sonra dəyişib.
Oktyabrın 2-də Səbail Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında hakim Azər Tağıyev məlumat verib ki, iş üzrə 47 şahiddən 43-ü dindirilib. Qalan 4 nəfər isə məhkəməyə çağrılsa da, gəlməyiblər.
Elinanın ailəsinin vəkilləri də, təqsirləndirilən direktorun müdafiəçisi də deyiblər ki, həmin şahidlərin gəlib yeni nəsə deyəcəkləri gözlənilmir. İş üçün xüsusi əhəmiyyət kəsb etmədiyindən onların dindirilməsinə ehtiyac yoxdur.
S.Abbasova məhkəmənin əvvəlində bildirmişdi ki, şahidlər dindiriləndən sonra ifadə verəcək. Bu gün ona ifadə vermək təklif olunub və o da razılaşıb.
İfadəsində əvvəlcə hadisə günündən danışan S.Abbasova deyib ki, olay ikinci dərsdən sonrakı tənəffüs zamanı baş verib: “Müdir müavini Tünzalə Mikayılova ilə bir gün əvvəl olanları müzakirə edirdik. Səbail rayonunun deputatı Şəmsəddin Hacıyevin təşəbbüsü ilə Səbail rayonunun ziyalıları Cocuq Mərcanlıya getmişdi. Orada kənd məktəbinin direktoru ilə görüşmüşdük, əsgərlərlə kazarmada olmuşduq. Bu barədə danışanda kimya müəlliməsi qaçıb gəldi ki, bir uşaq pəncərədən yıxılıb. Öz otağımın pəncərəsindən baxanda uşaqların toplaşdığını gördüm. Görünmədi ki, yıxılan kimdi. Müdir müavini ilə gedəndə gördük ki, Hüseyn və Oqtay Elinanı qucaqlarına götürüblər, gətirirlər. Elina düşmək istəyirdi. Elə bildim uşaqlar onu itələyib yıxıb, ona görə uşaqlara acıqlandım ki, kim eləyib? Elina özü cavab verib dedi ki, “heç kim yıxmayıb, özüm yıxılmışam”. Uşaqlar mənim arxamca gəlib, Elinanı gətirirdilər. Tibb bacısının otağını açıb, ora uzandırmaq istəyəndə gördük ki, qapı bağlıdır. Sonradan öyrəndim ki, həmin vaxt tibb bacısı hələ heç işə gəlməyibmiş”.
162 saylı məktəbin yerləşdiyi binanın məktəb üçün nəzərdə tutulmadığını deyən S.Abbasovanın sözlərinə görə, birinci və ikinci mərtəbələrdə sinif otaqları azdır. İbtidai siniflər də aşağı mərtəbələrdə yox, yuxarı mərtəbələrdəki siniflərdə yerləşir. Sabiq direktor bildirir ki, hadisədən bir müddət əvvəl məktəbdə iki oğlan şagird ikinci mərtəbədəki pəncərədən tullanıb, dərsdən qaçmışdılar. Ona görə də zənn edib ki, Elina da oradan yıxılıb. S.Abbasovanın sözlərinə görə, o, hadisədən xeyli sonra, kamera görüntülərinə baxanda Elinanın üçüncü mərtəbədən yıxıldığını bilib.
S.Abbasova Elinanın onun otağına gətirilməsindən sonra olanlardan da danışıb:
“Uşaqlar dəhlizdə pəncərənin qabağına toplaşmışdılar. Müdir müavinini göndərdim ki, onları sakitləşdirsin. Elinanı uzandırdıq. O, çox danışan uşaq deyildi, sözü kəlbətinlə çəkirdin ondan. Bu dəfə özü danışmaq istəyirdi. Dedi ki, “heç kim eləməyib, özüm eləmişəm, dərman içirdim, “Tromodol”, indi ondan tapa bilmirəm deyə, “Ketatfen” içirəm. Günə bir qutu içirəm, qutuda da 30 dənə olur”. Bundan sonra tibb bacısı gəldi, təzyiqini ölçdü, dedi ki, “sınıq yoxdu, bəlkə də yalan deyir, yuxarıdan yıxılmayıb”.
Dərhal Təcili Tibbi Yardım çağırmamasının səbəbindən danışan S.Abbasova bildirib ki, təcili yardıma birinci elə özü zəng eləyib. Amma hadisə vaxtı sağlamlığı qaydasında olmadığına, affekt vəziyyətdə olduğuna görə bunu dərhal eləməyib:
“Prokurorluqda təqdim olunan arayışlardan məlum oldu ki, birinci elə mən çağırmışam. Amma mənə elə gəlirdi ki, birinci katibə zəng eləyib. Yaxud elə bilirdim, polisə mən zəng eləmişəm, arayışdan məlum oldu ki, Xalidə Bayramova eləyib. Onda mənim də təzyiqim qalxmışdı. Bir gün əvvəl 15 saat yolda olmuşduq, həm onun yorğunluğu idi, həm də baş verən hadisənin yaratdığı stressin. Dərhal ailəsinə zəng olunub, polisə məlumat verilib. 8-10 nəfər polis gəlmişdi. Dərhal məni dindirməyə başladılar, özündən də müəyyən şeyləri soruşdular. Sualların çoxuna Elina özü cavab verirdi. Sonra Xalidə xanım gəldi. Atasına da zəng eləmək istədi, anası narazılıq elədi. Polislər yuxarıdan Elinanın çantasını gətirdilər. İçindən “Ketatfen” dərmanının boş qutusu, bir də özü gündəlik kimi yazdığı dəftər çıxdı. Orada belə bir qeyd də vardı ki, “ölümümə 50 gün qalıb”. Yazılan tarixə baxdılar, hesabladılar ki, aprelin 7-nə düşür 50 gün. Anası Sevil xanım dedi ki, gündəlikdən xəbəri vardı. Orada belə bir qeyd də vardı ki, “əsl rəfiqə səni sərxoş bardan çıxaran yox, yanında sürünəndir”.
S.Abbasovanın sözlərinə görə, o, xəstəxanaya axşam saatlarında öz həyat yoldaşıyla birlikdə gedib. Həmin vaxt orada Elinanın yaxınlarından kimsənin olmadığını deyən keçmiş direktor orada Fazil həkimi gözlədiklərini, bu zaman bir nəfərin arabada aparıldığını gördüklərini bildirib:
“Əli ilə saçını düzəldəndə əlinin üstündən tanıdım. Anası demişdi ki, yanıq izidir, amma ekspertiza rəy verib ki, iynə yeridir. Elinanı “UZİ”dən keçirməyə aparırdılar. Həkim icazə verdi, mən də yanına girdim. Onunla öpüşdük, qucaqlaşdıq, sonra ağladı. Məndən telefonunu soruşdu, dedim ki, polislər aparıb. Qolunda saatı vardı, mənim otağımda qalmışdı, onu da soruşdu. Dedim ki, ailədən kiməsə verərəm, ya da xəstəxanaya gətirərəm. Onu xəstəxanaya gətirəndə mənim şərfim də üstündə gəlmişdi, dedi ki, “burada kimsə götürüb onu”. Dedim, narahat olma. Uşaqlara salam göndərdi. “UZİ”dən sonra həkim dedi ki, sidik kisəsində kölgə görünür. Əgər sabah sidiyə gedəndən sonra çəkilməsə, əməliyyat edəcəyik. Hər şey yaxşı olsa, əməliyyata ehtiyac olmayacaq. Elina əməliyyatı eşidəndə qorxdu. Həkim dedi ki, “çanağında da çat var, amma ora gips qoymaq olmur, yeniyetmədir, tez sağalacaq”. Onu araba ilə biz reanimasiyaya gətirdik. Ora çatanda bizi içəri girməyə qoymadılar”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, ertəsi gün günorta sinif rəhbəri bir valideyn və daha iki şagirdlə birlikdə xəstəxanaya gedib. Axşam saatlarında isə özü prokurorluqda ifadə verdiyinə görə həyat yoldaşı gedib. S.Abbasova bildirir ki, o, aprelin 6-da Elinanın ölümü xəbərini də prokurorluqda dindirmədə olarkən alıb.
Daha sonra S.Abbasova prokurorun, vəkillərin suallarını cavablandırıb. Prokuror ondan özünü təqsirli bilib-bilmədiyini soruşanda o, suala belə cavab verib:
“Cinayət işinin materiallarıyla tanışlığa qədər özümü qismən təqsirli bilirdim. Düşünürdüm ki, necə olub, məktəbdə onu incidiblər, mənim bundan xəbərim olmayıb? Hadisə günü təcili yardımın gec çağırılması olub, amma bu, məndən asılı olmayan səbəblərdən baş verib, affekt vəziyyətində olmuşam. Sırf mənim sağlamlığıma görə gecikib. Özümə gələn kimi zəng eləmişəm. Mənə təsəlli verən də odur ki, məktəbdə ölməyib. Mənim onu gizlətmək, öldürmək niyyətim olmayıb. Burada dindirilən həkimlər də dedilər ki, gecikmənin onun ölümündə rolu olmayıb”.
Prokuror təqsirləndirilən şəxsin nəzərinə çatdırıb ki, həkimlər birbaşa elə fikir səsləndirməyib. Dövlət ittihamçısının daha bir sualı məktəbin tibb bacısı Ləman Nuriyevanın məhkəmədəki ifadəsilə bağlı olub. L.Nuriyeva məhkəmədə bildirmişdi ki, o, təcili yardım çağırmaq istəyib, lakin direktor imkan verməyib.
S.Abbasova bildirib ki, tibb bacısının məhkəmədəki ifadəsi qeyri-səmimi idi:
“Həmin gün o, heç səhər işə gəlməmişdi. Sonra gələndə mən ona acıqlandım. Çünki otaqda olanları, Elinanın dərman barədə dediklərini çıxıb bayırda müəllimlərə danışırdı. Guya küsüb öz otağına getdi, qapını da arxadan bağladı. Çimnaz müəllimə gedib qapını döyür ki, bu açsın, açmırdı. Əskinə, o, mənim otağıma gələndə baxıb dedi ki, “sınığı yoxdur”.
Prokuror yada salıb ki, məhkəmədə dindirilən psixoloq da Elinanın psixoloji yardıma ehtiyacı olması barədə məktəb rəhbərliyinə məlumat verdiyini deyib. Təqsirləndirilən direktor psixoloqun da məhkəmədə dediklərinin bir qisminin doğru, bir qisminin də yanlış olduğunu söyləyib:
“Sənədlərdən də görünür ki, psixoloq mənim tapşırığım əsasında Elina ilə söhbətlər aparıb. Elinanın intihara meylli olması barədə nə psixoloqun qeydi var, nə də mənə məlumat verib. Onun saçını rəngləməsi, qısa paltar geyinməsilə əlaqədar Elina ilə söhbət aparıb”.
S.Abbasova Elinanın bundan əvvəl iki dəfə ülgüclə boğazını kəsdiyini də deyib:
“Birinci dəfə fevralın 19-da sinif rəhbəri Çimnaz müəllimə gəlib dedi ki, boğazında cızıq var. Çağırdıq, dedi ki, evdə saçını kəsəndə qayçı dəyib. İkinci dəfə mart ayında oldu. Bu dəfə gəlib dedi ki, “cool” görünmək üçün eləmişəm. Kəsik yerinə baxanda da görünürdü ki, ölmək üçün edilməyib. Polis bölməsinin məktəb üzrə kuratoru Pərvanə xanıma da xəbər vermişdim. O da məktəbə gəldi. Elinanın anasını çağırdıq, dedi ki, “o biri uşağın qızdırması var, sonra gələrəm”. Hətta Pərvanə xanım deyindi ki, niyə gəlmir? O sinif polisin nəzarətində idi”.
Zərərçəkmişin vəkilləri təqsirləndirilən direktora xatırladıb ki, məhkəmədə dindirilən şahidlərin, əsasən də şagirdlərin əksəriyyəti məktəbdə Elinanın sıxışdırıldığını, nalayiq hərəkətlərə, təhqirlərə məruz qaldığını təsdiqləyib. Bəs niyə məktəb rəhbərliyi bununla bağlı tədbir görməyib?
“İstintaq vaxtı Elinanın xalası qızı Diananın telefonuna baxış keçirilib. Oradan Elinanın şəkli tapılıb. Elinanın ayağının şəklini çəkib, üstünə də “LGBT üzvü” yazıb yayıb. Xalası qızı ona qarşı belə eləyəndə… Burada ona təzyiq edən bir nəfərin də adını demədilər. 6-cı sinifdə oxuyanda Aydan başına su tökmüşdü, onu da araşdırmışıq. Təxminən 2-3 dəfə şikayət olunub, biz də tədbir görmüşük”, – təqsirləndirilən şəxs cavab verib.
Elinanın anası Sevil Hüseynova bildirib ki, Elinaya qarşı bu cür münasibətlə əlaqədar azı, 5-6 dəfə şikayət eləyiblər: “Bu direktor bizə dedi ki, şikayətlərinizlə bezdirmisiniz məni. Bu məktəbdə sizdən başqa heç kim yoxdur? Dedik ki, sizdən şikayət eləyəcəyik. Dedi: “Hara istəyirsiz, şikayət eləyin, mənim Təhsil Nazirliyində adamım var”. Elina 6-cı sinifdə oxuyanda bir gün dərc başa çatmamış direktor həm Elinanı, həm də Diananı məktəbdən qovmuşdu. Saat 12-nin yarısı idi, gördüm ki, evə gəldi. Dedi ki, direktor məktəbdən qovub. Həmin gün anam getmişdi məktəbə, ona demişdi ki, “çıxarıb aparın”. Anam da demişdi ki, bura dövlətin məktəbidir”.
Təqsirləndirilən direktor S.Hüseynovanın dediklərini təkzib edib.
Daha sonra zərərçəkmişin vəkilləri ondan soruşub ki, 2018-ci ildə rəhbərlik etdiyi məktəbdə təcavüz halı olubmu? S.Abbasova bunu da təkzib edib:
“Bu, məndən əvvəlki direktorun yaydığı şayiədir. Yəqin ki, siz də bu şayiəni internetdən oxumusunuz. Həmin şəxs direktor müavini olub, bir müddət direktor vəzifəsini icra edib. O adamı müəllim adına yaraşmayan hərəkətlərə görə işdən çıxardılar”.
Məhkəmə prosesi oktyabrın 11-nə qədər təxirə salınıb.