Sevil Əliyevanın və Vladimir Putinin çantasında gizlənən acı həqiqətlər

“Eldargeyt” qalmaqalının əsl müəllifləri kimlərdir?

Source:


“Eldargeyt” qalmaqalının əsl müəllifləri kimlərdir?

MTN-də “təmizlənmə əməliyyatı” davam edir. Eyni zamanda hakimiyyət maliyyə sektoru, rabitə, telekanallar və sosial şəbəkələrə ciddi nəzarəti bərpa etmətə çalışır.

“Eldargeyt əməliyyatı” informasiyasızlıq mühitində yaşayan vətəndaş üçün qorxulu bir kabusa çevrilməkdədir. Heç kəs baş verənlərin detallarını bilmir. Bütün bunların fonunda artıq süni təbəssümə həsrət qalan ölkə rəhbərinin qəzəbli siması açıq-aydın gərginlikdən və prezidentin hansısa dəhşətli bir məlumata malik olmasının xəbər verir. Həbslərin və kadr rotasiyalarının davam edəcəyi artıq qaçılmaz görünür. Hər kəs baş verənlərin mahiyyəti anlamaq ümidi ilə mətbuatı ələk-vələk etməkdədir. Lakin doğru məlumat əldə etmək problemində işıq üzü belə görünmür. Sahibkarlara divan tutulması, telefon dinləmələri ölkə rəhbərini bu qədər qəzəbləndirə bilməzdi. Bu üsuli-idarə ölkənin birinci şəxsinin özünün sanksiyalaşdırdığı metodlar da hesab edilə bilər.

Hətta adi baxışla nəzər etdikdə bəlli olur ki, prezident öz kadrlarının müdhiş xəyanəti ilə üzləşib. Onun həyatına və hakimiyyətinə uzun illər qoruduğu və çətinliklə yetişdirdiyi insanlar tərəfindən təhlükə yaranıb. “Eldargeyt”in əsl mahiyyətinin açılmaması bu böyük və qorxulu oyunda daha müdhiş isimlərin keçməsi ehtimalını və bununla da müəmmaları artırırdı. Prinsipcə, hakimiyyət uğrunda mübarizənin ən həlledici mərhələyə keçməsi sirr deyildi. Baş verəcəklərin anonsu “Turan” agentliyinin “Olimpin fəthi” materialında göstərilirdi. Birinci ledinin ölkənin birinci şəxsinə çevrilməsi üçün sanki bütün hazırlıqlar gedirdi. Belə perspektiv “Naxçıvan – Qərbi Azərbaycan” klanı, “dərin Heydər Əliyev dövləti”nin maraqlarını darmadağın etsə də, dövlət başçılığın səssiz verdikti ilə həyata keçirilən ssenariyə bənzəyirdi. Lakin heç kəs olaya MTN və Qərb kəşfiyyatının qoşula biləcəyini ağlından belə keçirmirdi. Deməli, ölkədə Putin-Medvedev modeli deyil, tamamilə başqa ssenari həyata keçirilməli imiş. Bir sözlə, ölkədə yeni siyasi mərhələ və yeni lider formalaşdırılmalı idi. Lakin…

… Sevil Əliyevanın birinci ledi ölkədə olmadığı bir zamanda Bakıya müəmmalarla dolu səfər etməsi və cəmiyyətə ailəsi, sevimli və yeganə qardaşı, mərhum atası, anası barədə ciddi mesajlar verməsi də ciddi göstərici idi. Oyun başlamışdı. Ailənin, klanın maraqları zərbə altında idi. Qarşıdan isə parlament seçkiləri gəlirdi və qanunverici orqanın da nəzarətdən çıxması “Olimpin fəthi” ssenarisini yekunlaşdıra bilərdi. Sevil Əliyeva buna seyrçi qala bilməzdi. Onun Bakıya səfəri zamanı çantasında hansı materialların olması barədə isə yalnız ehtimallar irəli sürmək olar. İstənilən halda qan qohumluğu və “heç zaman ailənin maraqlarına qarşı getmə” dərsi H. Əliyevin sevimli qızını bu mərhələdə qardaşı ilə çiyin-çiyinə dayanmağa sövq edirdi.

Lakin görünən budur ki, İlham Əliyev “Qordi düyünü”ndən dəfələrlə çətin olan bir tilsimi sındırmalı, törəmə vermiş xərçəng xəstəliyini cərrahi müdaxilə ilə kəsib atmalı imiş. Daha bir sual açıq qalır. İlham Əliyevə MDB-nin Astana sammitində RF prezidenti Vladimir Putin tərəfindən onu dəhşətə gətirən hansı məlumatlar verildi ki, ölkə başçısının üzündən hətta süni təbəssüm yoxa çıxdı?

Ailənin telefon danışıqlarının dinlənilməsi, şəxsi həyatlarının video görüntüyə alınması, ölkə rəhbərinin diplomatik gedişləri, blefləri və idarəetməsi, ailə gizlinlərinin xarici kəşfiyyata ötürülməsi versiyası öncədən mövcud idi. Bu məsələdə saray çevrilişi variantının istisna olmadığı da ilk gündən istisna edilmirdi.

Vurğulayaq ki, rabitə, hava limanı, maliyyə-bank sektoru, MTN, parlament, nüfuzlu telekanalların nəzarətə alınması və ölkə rəhbərinin istefaya vadar edilməsi planının mövcudluğu ilə yanaşı ölkənin birinci şəxsinin həyatının belə təhlükədə ola bilməsi barədə düşünmək lazım gəlir. Bütün bunlar sadəcə versiyalardır və ola bilər ki, gerçəkliyi əks etdirmir. Əgər, belədirsə, deməli, E. Mahmudov özü də bu oyunda sadə icraçı imiş və aysberqin görünməyən tərəfində daha güclü oyunçular dayanırmış.

Bir sözlə, İlham Əliyevin öz komandasının xəyanəti ilə üzləşdiyi göz önündədir. Vəziyyəti dəyişmək lazım gəlir. Son zamanlar incik düşmüş “Heydər Əliyev ordusu”nun ölkənin birinci şəxsinin ətrafında birləşdirmək üçün yeni variantlar axtarışında olması da qaçılmaz görünür. Belə variantlardan biri də Heydər Əliyevin mənəvi varisi kimi qəbul edilən Sevil Əliyevanın Bakıya qayıdışının təmin edilməsi və onun Heydər Əliyev Fonduna sədr seçilməsindən keçir.

“Eldargeyt” qalmaqalı özü ilə bərabər bir çox suallar da gətirdi. Araşdırmaçı jurnalist Elxan Şükürlünün ünvanladığı suallar da bu qəbildəndir. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu kim və niyə qətl etdi? ADNA-dakı terrorun əsl mahiyyəti nə idi və terrorçunun hadisə yerində qətlə yetirilməsi kimlərə sərf edirdi? General Rail Rzayev qətlini kim sifariş vermişdi? 2009-cu ilin 18 mart referendumunun təşəbbüskarlarına qarşı aparılan savaşın mahiyyəti nə idi? Avropa Oyunları ərəfəsində Bakıda binanı kim və niyə yandırdı? Bəzi müxalifət mətbuatı İlham Əliyevi belə hədəf seçdikləri halda hansı səbəbə illər boyunca MTN şefi barədə bir cümlə belə yazmadı? Hər halda MTN şefini tənqid etmək İlham Əliyevi hədəf seçməkdən daha təhlükəsiz olmalı idi.

Daha bir sual açıq qalır. Artıq həbsdə olan general İlqar Əliyevin müxalifətdəki agenturası necə oldu ki, siyasi partiyalarda söz sahibinə və qərarlara təsir etmək imkanına malik oldu? Müxalifətdəki “Eldargeyt” təmsilçilərinə hansı təlimatlar verilmişdi? QHT sektorunda, vəkillər arasında, vətəndaş cəmiyyətində kimlər “Eldargeyt”ə hansısa formada bağlıdırlar və onlar konkret olaraq hansı qərarları həyata keçiriblər?

Ölkədə dini radikalizmin mövcudluğuna kimlər çalışıb və kimlər onların biznes şəbəkəsinin himayadarı olub və radikalların başbilənlərinə hansı tapşırıqlar verilib? Hansı mətbuat təmsilçisi hansı yollarla “söz azadlığı uğrunda mübarizə” çevrilib və hansı səbəbə? Ölkədə hər kəsə nəzarət etməklə “Eldargeyt” təmsilçiləri birinci şəxsə xidmət ediblər, yoxsa öz paralel hakimiyyətlərini qurublar?

İstənilən halda, paralel hakimiyyətin mövcudluğu göz önündədir. Nazirliklər, mətbuat, siyasi partiyar, QHT sektoru müəyyən mənada paralel hakimiyyətin nəzarətində olub. Bütün bunları dağıtmağın zamanı çatıb. Yaranmış situasiya yeni siyasi sistemin formalaşdırılmasını zəruri edir. Ölkə rəhbəri bunu istəyirmi? Belə bir istək varsa, ilk növbədə, siyasi məhbus problemini həll etmək lazım gəlir. Bu isə siyasi iradə tələb edir…

Ana səhifəXəbərlərSevil Əliyevanın və Vladimir Putinin çantasında gizlənən acı həqiqətlər