Azərbaycanlı üçün Türkiyədə baş verənlər həmişə diqqət mərkəzində olub. Biz bir çox mənalarda bu ölkə ilə bağlılıq içindəyik. Türkiyədə baş verən ən xırda hadisələrdən tutmuş, ən böyük hadisələrə Azərbaycanda dərhal münasibət bildirilir. Azərbaycanlılar Tükiyənin siyasətini, mədəniyyətini, futbolunu müzakirə etməyi sevir. Bir sözlə, bu ölkə bizə çox ciddi təsir imkanlarına sahibdir. Türkiyədə son dövrlərdə prezident Ərdoğanın apardığı siyasətə, Azərbaycanın ictimai fəaliyyətlə məşğul olan adamları tərəfindən narahatlıq müşahidə edilir, tvitlər, statuslar yazılır, mediada münasibət bildirilir, məhv olan demokratiya, pozulan insan haqlarından bolca danışılır.
Repressiyaya məruz qalan siyasətçilərə, insan hüquqları müdafiəçilərinə, jurnalistlərə mənəvi dəstəklərini daima ifadə edirlər.
Bəs, yaxşı, “qardaş ölkənin” Azərbaycanda baş verənlərə münasibəti niyə belə sönükdür?
Türk mediasına bir daş
Azərbaycanda avtoritarizm, insan haqlarının kütləvi pozulması uzun illərdir davam edir. Azərbaycanda demokratiya fəalının, insan hüquqları vəkillərinin, siyasətçilərin, jurnalistlərin həbs olunmasını eşidəndən sonra Türkiyədə olan mətbuat orqanlarına daxil olur, məlumatın hər hansısa bir şəkildə orada yazılacağına həmişə ümid etmişəm. Amma bütün bu axtarışlarımın sonunda heç bir cümlə ilə rastlamamışam. Türkiyə mətbuatı Azərbaycanda baş verənlərə çox laqeyiddir. Bununla artıq razılaşmışam. ABŞ-ın və Avropa ölkələrinin Azərbaycanda baş verənləri mediada işıqlandırması Türkiyədən onlarca dəfə yüksəkdir. Bu, belə olmamalı idi.
Hətta Türkiyə mətbuatının Azərbaycana diqqəti digərlərindən qat-qat daha çox olmalı idi.
Türk siyasi partiyalarına bir daş
Azərbaycanda siyasi hakimiyyətin eybəcərliyi hamıya məlum olan hadisədir, artıq hamımız iyirmi ildən çoxdur ki, bir ovuc boyda adamın əlində qalmışıq. Bu adamlar özlərinə zərər vurmayan hər şeyi edirlər, ölkə onlar üçün boydan-boya yaşıl işıqdır. Keflərinə düşəndə kiminsə evini, mülkünü əlindən alırlar, Xəzəri hasarlayırlar, balığı, kürünü daşıyırlar, neftin buruqlarını ciblərinə salıblar, bir sözlə, mutfilm kimi bir ölkə yaradıblar. Türkiyədə siyasi partiyalarının isə (istər iqtidar, istər müxalifət olsun) Azərbaycanda bu baş verənlərə münasibəti təxminən belədir, “Azərbaycan qardaş ölkəmizdir, biz onların daxili işinə qarışmamalıyıq, yoxsa onu itirə bilərik”. Bu “daxili iş”-də nə mənə şeydir, hələ heç kim bilmir. Sual da vermək olmur ki, ay qardaş, axı sən dediyin mənada bu dövlət deyil, axı burda 9 milyona zülm edilir, insanlar zəlil gününə salınıb. Axı, sizin danışdığınız geosiyasi, meqa-iqtisadi maraqlarınızın özü belə bu ölkədə uzunmüddətli planda təhlükə içərisindədir. Mümkünsüzdür, Türkiyə siyasətçilərindən Azərbaycanda baş verənlərə münasibət öyrənmək müşkül məsələdir. Elə həm də bu səbəbdəndir ki, biz siyasi dəstəyi, həmrəyliyi, daha çox Avropa və ABŞ siyasətçiləri arasında axtarırıq. Amma əksinə olmalı idi, biz Azərbayanda baş verənlərə münasibəti bizim hakimiyyətə daha çox təsir etmək imkanı olan Türkiyə siyasətçilərindən eşitməli idik.
Türk insan hüquqları müdafiəçilərinə, vətəndaş cəmiyyətinə bir başqa daş
Azərbaycanda bütün vətəndaş cəmiyyəti sıradan çıxarılıb, insanların səslərini dinləyə, onlara yardım edən müstəqil qurum qalmayıb. Amma bütün bu baş verənlərə görə ən çox umacağımız ölkənin, Türkiyənin, vətəndaş cəmiyyətindən bizə, demək olar ki, heç zaman dəstək verilməyib. Qardaş deyilən ölkə, digər qardaşında baş verən dəhşətlərdən sanki xəbərsizmişcəsinə susur. Əslində isə tam əksi olmalı idi. Türkiyənin vətəndaş cəmiyyəti Azərbaycanda vətəndaş cəmiyyəti ilə çoxdan əlaqə qurmalı, gördükləri işləri, qarşılaşdıqları problemləri bölüşməli, birgə fəaliyyət üçün tədbirlər görməli idi. Bu, baş versəydi, hazırda hər iki ölkənin vətəndaş cəmiyyəti qarşılaşdığı ağır repressiyaya qarşı da birgə səylərini birləşdirə və daha effektiv mübarizə apara bilərdilər.
Və
Biz Türkiyənin mediasından, siyasi partiyalardan, vətəndaş cəmiyyətindən özümüzə qarşı həmişə praqmatik, daha dəqiq isə üstənaşağı baxan münasibət görmüşük. Medianı və siyasi partiyaları bir kənara qoyuram, heç olmasa insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti bunu etməməli idi. Bunu görmək çox ağırdır.
Əlbətdə ki, bu yazını yazanda yazıya gələ biləcək əks-arqumentlərin hamsını düşünmüşəm, sadəcə burada onları sadalamaq, esse yazmaq niyyətim yoxdur. Ortada bir-biri ilə dil, din və mədəniyyət bağları ilə birləşən iki ölkənin qarşılıqlı münasibətlərinin praqmatik siyasətdən kənara çıxmaması məni narahat edir. Türkiyə mediasının, siyasi partiyalarının, vətəndaş cəmiyyətinin Azərbaycanda olanlara münasibəti birmənalı bərbad vəziyyətdədir. Bunun əksi daha məntiqli olardı, deyilmi?
Azərbaycan insanının Türkiyəyə münasibəti daha çox emosionaldır. Biz, hələ də, nələrəsə ümid edir, nələrisə umuruq və elə məhz burada yanılırıq. Azərbaycanda demokratik qüvvələr son illərə kimi, Qərbə (ABŞ və Avropa ölkələri) dəyər üzərindən ümid bağlayıb, amma son on üç ildə baş verənlər hamımızı ayıltdı. İndi biz sosial mediada və mətbuatda Qərbin daha çox tənqidini görürük. Azərbaycanlı yavaş-yavaş onun özündən başqa dostunun olmamasını qəbul etməyə, azərbaycanlı hər şeyi özünün etməli olduğunu anlamağa başlayıb. Vəziyyət nə qədər ümidsiz görünsə də, artıq öz başımıza qaldığımızı, özümüzün inqlabımızı edib, demokratik, şəffaf, azad, insan hüquq və haqlarına hörmətli dövlət qurmalı olduğumuzu anlayırıq.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.