“Şərq Tərəfdaşlığı” Putini təkləyir

Son mənzərə isə belədir ki, Putinin yanında keçmiş MDB ölkələrindən elə də çox rəhbər olmayacaq.

Seymur Həzi, Foto:: Meydan TV


Faşizm üzərində qələbənin 75 illiyində “tək”

Rusiya faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. Bu olayın ciddi təhlilə məruz qalmalı tərəfləri var. Ancaq tarixin ironiyasına baxın ki, indi dünyanın dörd bir yanında bu tədbirin baş təşkilatçısına Hitlerin bığlarını montaj edirlər. Onu bir çox karikaturada hətta Rusiya küçələrindəki afişalarda Putler adlandırırlar. Yəni Putler Hitlerə qarşı. Bu, öz yerində, tarix kimə istəsə gülər və ya kimi istəsə güldürər. Biz isə hazırda bu tədbirin ortaya çıxardığı bir sıra məqamları, daha doğrusu, MDB-nin üç hərfi arasındakı ən azı 5 çatı sizə göstərməyə çalışacağıq.


Kimlər çağırılıb və imtina edib?

Putinin paradına dəvət olunanlar siyahısı ABŞ prezidenti ilə başlayır. Çin rəhbəri, Almaniya kansleri ilə davam edir, amma “və.s, və.i” ilə bitir. Təbii ki, bütün siyahını təqdim etmək imkanımız var, sadəcə buna gərək yoxdur. Çünki başlıca diqqətəlayiq məsələ bu deyil. İş burasındadır ki, Trampın gəlməyə tərəddüd etdiyi tədbirə getməkdən birinci İlham Əliyev imtina edib. Qərarını karantin qaydaları ilə əsaslandırıb. Onun ardınca Paşinyan özünün ailəsiylə birlikdə karantinə alındığını əsas gətirib. Daha sonra isə Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammədov. Azadlıq radiosunun müvafiq xəbəri təqdim etdiyi materialda Türkmənistan mediasına istinadən deyilir ki, bu ölkədə koronavirusu ciddi qəbul etmirlər. Bəs o zaman niyə belə qərar və belə əsas? Təbii ki, burada ciddi məqamlar var.


Kimlər çağırılmayıb?

Kremldən xüsusi olaraq Ukrayna lideri Zelenskinin adı dəvət olunmayanlar sırasında çəkilsə də, Gürcüstan da bu sıradadır. Və Peskov deyib ki, münasibətlərin dinamikası dəvət üçün kifayət deyil. Beləliklə, bizim üçün daha bir maraqlı iki ölkə qalır. Moldova prezidenti İqor Dodon deyib ki, xərcləri Rusiya tərəfi ödəyəcək və mən iştirak edəcəm. Belarus prezidenti isə təbii ki, iştirak edəcəyini bildirib.


“Şərq Tərəfdaşlığı” yolu

Məsələ burasındadır ki, artıq Şərq Tərəfdaşlığı ölkələrindən ikisi bu paradda iştiraka dəvət olunmayıb, ikisi isə iştirakdan imtina edib. Yerdə qalan ikisindən biri artıq Assosasiya sazişini imzalayıb və siyasi xəttinini tam müəyyən edib. Burada diqqəti çəkən iki məqam var. Biri Avropanın fiziki xəritəsində mövcud olan axırıncı diktator Lukaşenkonun bu tədbirdə iştiraka qərar verməsi, digəri isə “koronavirus” sözünü ölkəsində qadağan edən Berdimuhammədovun elə bu virusu əsas gətirib tədbirdən imtina etməsi.

Görünür ki, Belarus prezidenti hələ də Putinlə tam üzülüşməyə ehtiyat edir. Yəni onun daxili inamına görə Putinə bundan sonra da söykənmək olar. Türkmənistan rəhbərinin isə durumu fərqlidir. O, heç vaxt seçim etmir. Sadəcə, onu seçirlər və hər dəfə seçim edənin gücündən asılı olaraq Türkmənbaşı addımlar atır. Hazırda isə Orta Asiyada ciddi şəkildə anti-Çin siyasi xətti gücləndirilir. Burada Türkmənistan enerji ölkəsi kimi çox mühüm rol oynayır. Bu, həm də Qərbin Xəzər hövzəsindən sonrakı planına bir işarədir. Görünən odur ki, Türkmənistan üçün Rusiyayla ortaq gələcəyin olmadığını aydınlaşdırıblar. Buna görə də, o, özünü Kremllə ortaq keçmişi qeyd etməyə borclu bilmir.

Maraqlı məqamlardan biri isə Ermənistan və Azərbaycan rəhbərlərinin bu vurhavurda virtual deyişməyə ehtiyac duymaları olub. Bu məsələnin xırdalığına varmaq istəməzdim. Hər bir halda elə də pis gediş sayılmaz, əgər Putin başa düşməsə.

Son mənzərə isə belədir ki, Putinin yanında keçmiş MDB ölkələrindən elə də çox rəhbər olmayacaq. Olanların sırasında isə Putinə daha çox ehtiyacı olan İmaməli Rəhman da var. Hər halda MDB-nin üç hərfi arasında ən azı beş çat peyda olub ki, bunun da Putin üçün bəd müjdə olduğunu deyə bilərik. Bu, həm də MDB ölkələrini birləşdirən ən bəşəri ortaq dəyər sayılan faşizm üzərində qələbənin qeyd edildiyi paradda baş verirsə, deməli, məsələ göründüyündən də ciddi və qəti xarakterlidir.

Ana səhifəXəbərlər“Şərq Tərəfdaşlığı” Putini təkləyir