Zərdüşt Əlizadə: ”Tanınmamış subyektlə nə cür müqavilə imzalaya bilər?”
“Dağlıq Qarabağ məsələsi ətrafında artan gərginlik fonunda Ermənistan və Dağlıq Qarabağ Respublikası xarici işlər nazirlərinin effektiv şəkildə əməkdaşlıq etməsi üçün qarşılıqlı müdafiə raşılaşması imzalamasına ehtiyac var”. Bu təklifi Ermənistan prezidenti Serj Sərkisyan Milli Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
Məlumatı
tert.am
yayıb.
“Razılıq mətninin hazırlanması və Milli Məclisə təqdim olunması üçün iradəyə etiyacımız var. Ermənistan Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. 1994-cü ildə imzalanan atəşkəs müqaviləsinin tərəfi kimi bizim buna leqal hüququmuz var”,- deyə Serj Sərkisyan bildirib.
S.Sərkisyanın açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Zərdüşt Əlizadə bildirib ki, Ermənistanın “Dağlıq Qarabağ” rejimi ilə qarşılıqlı müdafiə müqaviləsi imzalamasından əvvəl İrəvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması vacibdir: “Tanınmamış subyektlə nə cür müqavilə imzalaya bilər? Əgər Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyarsa, Minsk Qrupuna son qoyulur, o zaman, bir yol qalır – müharibə”.
Şərhçi son hadisələri təhlükəli hesab etmir və prosesin Rusiya tərəfindən idarə olunduğu qənaətindədir: “Ermənistan oyuncaq dövlətdir, erməni siyasətşünasları da dövlətlərinin federal subyektdən də az əhəmiyyət daşıdığını gizlətmirlər. Azərbaycanın Qərbə tərəf addım atmasının qarşısını almaq və hər iki respublikaya gücünü göstərmək üçün Moskva Ermənistan hökumətindəki nökərlərinə əmr verib ki, atəşkəsi pozun, sonra özü barışıq yaradacaq. Bununla Kreml Azərbaycan və Ermənistana bölgənin sahibi olduğunu göstərir”.
Siyasi şərhçi düşünür ki, Putin son hadisələrdə odla oynayır: “Çünki müharibə elə bir şeydir ki, müəyyən həddən sonra idarəolunmaz şəklə düşə bilər. İş o həddə çatar ki, Rusiya qarışmalı olar, o zaman Türkiyə də prosesə müdaxilə etməli olacaq. Belə olanda isə NATO da qarışacaq. NATO və Rusiyanın hərbi gücü isə 20/1-dir. İqtisadiyyatda 20 faiz Amerikadır, Avropa Birliyi ilə birlikdə 40 faizdir, 1,3 faiz Rusiyadır, hərbi sahədə də eyni durumdur. Vladimir Putin sadəcə xarici siyasətində Stalinin özünün də bəyənmədiyi nüvə raket silahına ümid edir. Rusiyanın başqa heç nəyi qalmayıb”.
Zərdüşt Əlizadə son hadisəni İlham Əliyevin Vaşinqtonda keçirilən nüvə sammitində iştirakıyla bağlayır: “Düzdür, həmin tədbirdə Serj Sərkisyan da iştirak edib, amma bu adam Putinin cibindədir. Əliyevin isə müəyyən siyasi sərbəstlik hədləri var. Moskva ona göstərmək istəyir ki, bu hədlərə güvənmə, yerini bil və Rusiyayla hesablaş”.