Təşkilat Almaniya hakimiyyətini Emin Millinin müdafiəsinə zəmanət vermək üçün lazım olan hər şeyi etməyə çağırır
Sərhədsiz Reportyorlar Avropa Oyunları ərəfəsində Azərbaycanda jurnalistlərə təzyiq faktlarını pisləyib.
Bu bəyanat Meydan TV veb-saytının bir qrup jurnalistinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.
Belə ki, jurnalistlər Natiq Cavadlı, Elnur Muxtarov, Aytən Ələkbərova və Şirin Abbasov iyunun 30-da heç bir izahat verilmədən Gürcüstana buraxılmayıblar.
Bu, sözügedən online resursun rəhbəri, Berlində yaşayan və çalışan Emin Millinin Azərbaycan hökumətinin nazirinin hədələrinə məruz qalması barədə məlumatından dörd gün sonra baş verib.
Bununla əlaqədar təşkilatın nümayəndəsi Yohann Bir bildirib ki, artan təzyiqlər Meydan TV nümayəndələrinə qarşı yeni repressiya dalğasına çevrilə bilər.
Bu veb-sayta qarşı təzyiqlərəAzərbaycanda korrupsiya və insan hüquqlarının pozulmasına dair reportajlar səbəb olub.
“Sərhədsiz reportyorlar Millinin ünvanına hədələri çox ciddi hesab edir. Belə ki, bu, ən yüksək səviyyədə baş verir. Qurum Almaniya hakimiyyətini Millinin müdafiəsinə zəmanət vermək üçün lazım olan hər şeyi etməyə çağırır”, – bəyanatda deyilir.
Təşkilat “Azadlıq” radiosunun müxbiri Yavəz Əkrəmoğluya qarşı hədə faktlarını da qeyd edib. O, Naxçıvanda vəziyyətlə bağlı reportajlarına görə təzyiqlərə məruz qalıb.
“Amerikanın səsi”