Sərhədsiz Reportyorlar Mehman Hüseynovun həbsi ilə bağlı Əli Həsənova cavab verdi

Mehman Hüseynovun həbsi ölkədə tənqidi səslərin susdurulmasına yönələn daha geniş kampaniyanın bir hissəsidir.

Source:
Sərhədsiz Reportyorlar Təşkilatının London bürosunun direktoru Rebekka Vinsent
Sərhədsiz Reportyorlar Təşkilatının London bürosunun direktoru Rebekka Vinsent


Sərhədsiz Reportyorlar Təşkilatının London bürosunun direktoru Rebekka Vincent Meydan TV-yə müsahibəsində tanınmış bloqer Mehman Hüseynovun həbsinin ölkədə tənqidi səslərin susdurulmasına yönələn daha geniş kampaniyanın bir hissəsi olduğunu bildirib.

– Sərhədsiz Reportyorlar Təşkilatında biz Mehman Hüseynovun başına gələnləri öyrənməkdən çox narahat olduq. O, bizim çoxdankı həmkarlarımızdan biridir. Biz ona qarşı əvvəl tətbiq olunan məhdudiyyətlərə də reaksiya vermişik. Ona hərəkət məhdudiyyətindən başlamış işgəncəyə dair əvvəlki xəbərlər də daxil olmaqla, müxtəlif təzyiq vasitələri tətbiq olunmaqdadır. Onun həbsi indiyədək bu təzyiqlərin ən ağırıdır. Bu gün ondan başqa Azərbaycanda azından daha 13 jurnalist, mətbuat işçisi və bloqqer də dəmir barmaqlıqlar arxasındadır. Biz onun və digər həbsdə olan jurnalistlərin dərhal və şərtsiz azad olunmasına çağırmışıq.


– Azərbaycanda prezident aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov Mehman Hüseynovun işini siyasiləşdirməməyə çağırıb. Sizin buna reaksiyanız?

– Heç kəs Mehman Hüseynovun işini siyasiləşdirmir, lakin bəlli olan odur ki, Azərbaycan rəhbərliyi mütəmadi olaraq, mətbuata qarşı təzyiq işlətməkdədir. Bu həbs ölkədə tənqidi səslərin susdurulmasına yönələn daha geniş kampaniyanın bir hissəsidir. 100-dən çox siyasi məhbusun olması barədə xəbərlər verilir. Yəni bu, yalnız jurnalistlərin məsələsi deyil. Ölkədə açıq-aydın tənqid edənləri susdurmaq cəhdləri görünməkdədir. Odur ki, məsələnin siyasiləşdirilməsinə dair hər hansı ittihamları elə hakimiyyətin özünə yönəltmək olar.


– Mehman Hüseynov 3 ildir ki, şəxsiyyətini təsdiq edən sənədi olmadığından müalicə ala bilmirdi. Sizcə bu məsələ ilə bağlı nə etmək olar?

– İndi bu əvvəlkindən də daha vacib məsələ olacaq, çünki indi o, həbsxanadadır. Əvvəldən mövcud olan tibbi problemlər təcridxanada daha da ağırlaşa bilir. Bu məsələ beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır və həbsxana rəhbərliyi onun keyfiyyətli tibbi müalicəyə çıxışını təmin etməlidir.


– Sizcə beynəlxalq ictimaiyyət Mehman Hüseynovun azad edilməsi üçün nə edə bilər?

– Əvvəla, bu barədə danışmaq. Biz hələ ki, Qərb siyasətçiləri tərəfindən xeyli bəyanat görməmişik. Bu həbsi pisləyən və Mehmanın azad olunmasını tələb edən güclü bəyanatlar verilməlidir. Bəzən görürsüz ki, Avropa Birliyinin və ya Azərbaycanla ikitərəfli münasibətlərə malik olan ölkələr öz narahatlıqlarını ifadə edirlər, lakin azad olunmasını tələb etmirlər. Biz Mehmanın dərhal azad olunmasına çağırmalıyıq. Biz eyni zamanda Azərbaycanın öz beynəlxalq əməllərinə görə cavab verməsini görmək istərdik. Azərbaycan rəhbərliyi hara gedirsə, onların qarşısında insan haqları məsələsi qaldırılmalıdır. Məsələn Avropa Birliyi ilə danışıqlarda insan haqları, o cümlədən jurnalist və digər siyasi məhbusların azad edilməsi xüsusi yer tutmalıdır.

Ana səhifəAnalitikaSərhədsiz Reportyorlar Mehman Hüseynovun həbsi ilə bağlı Əli Həsənova cavab verdi