Senzura qoyulacaq «məmə»nin tarixçəsi

– Apar bu kitabı anana, bacına oxutdur…

Source:

Evlərinin dalı arpa

Atlar gəlir qırpa-qırpa

Ay qız, məmən dönüb turpa

İnnə yarım, innə

Əsmər yarım innə…

Yadımdadı ki, nənəm bu mahnını oxuyanda, arvaddan soruşmuşdum ki, axı bu mahnının mən eşitdiyim variantında «məmə» söhbəti yoxdu, bu «məmə» hardan çıxdı. Nənəm dedi ki, bilmirəm, sən bu mahnını necə eşitmisən, amma mən gözümü açandan bizim el arvadlarının mahnının «məməli» variantını oxuduğunu eşitmişəm.

Daha sonralar, gözlərim hərfə alışandan Molla Pənah Vaqifin, Aşıq Ələskərin qoşmalarında, gəraylılarında, el bayatılarımızda «məmə» kəlməsin oxuyur, sonra həmin qoşmaların, gəraylıların efirdə, müğənnilərin dilindəki «məməsiz» variantına qulaq asmalı olurdum. Televiziyada, radioda senzura qoyulan, ayıb hesab edilib, dəyişdirilən, əvəz edilən kəlmələr, məmələr, sinələr, budlar el dilində olduqca rahat işlənirdi.

Qayıdaq bu günlərə. Bir neçə gün əvvəl Gənclər Fondu gənc yazarların hekayələrindən ibarət kitaba yasaq qoydu. Səbəbini bununla izah elədilər ki, kitabdakı hekayələrdən birində «məmə» sözü var. Bu bizim milli mentalitetə, milli əxlaqımıza ziddir və «məmə» sözünün işləndiyi kitabı yaymaq, oxuculara təqdim etmək olmaz. Məsul şəxs kitabın nəşrini gerçəkləşdirən gənclərə axırda lap «qədeş» söhbəti eləmişdi:

– Apar, bu kitabı anana-bacına oxutdur!

Amma daha sonra öyrəndik ki, sən demə «məmə» bəhanə imiş. Sən demə kitabda ümummilli öndərin portretinə ilişən cümlələr var imiş. Gənclər Fondu da incə bir hiyləgərlik işlədərək, öz öndərini məmə ilə qorumağa çalışıb.

Yenə qayıdaq on-on beş il əvvələ. Milli mentalitetə, milli əxlaq(sızlıq)a, «milli-mənəvi dəfər» adı qoyulan axmaq-axmaq şeylərə qarşı çıxan, müxalifətdə dayanan gənc yazarlar elə ilk vaxtlardan iqtidarlı-müxalifətli, qocalı-cavanlı, yapçılı-müsavatlı hamının qəzəbinə tuş gəldilər. Əxlaqsız, tərbiyəsiz, qəhbə, oğraş, anasının əmcəyini kəsən elan olundular. Hamı bir ağızdan deyirdi ki, hakimiyyəti, iqtidarı, prezedenti söymək olar, amma sizin milli dəyərlərmizlə, xalqın mentaliteti ilə nə işiniz var?! Siz kimsiniz ki, xalqın əsrlərdir dəyər elan elədiyi ağsaqqala, yengəyə, tamadaya, mollaya, əbədi bakirə qızlarımıza, əli təsbehli qeyrətli qədeşlərimizə, ağzı dualı qoca baqqal kişilərimizə, qaşları döyməli, üzü üzlər görmüş mollaxanımlarımıza, ehsanımıza, toydakı süpürləşmələrimizə söz deyirsiz?!

Bəli belə deyirdilər, çünki ölkədə siyasi baxışından, yaşından, cəbhəsindən, savadından asılı olmayaraq, bütün standart azərbaycanlılar bu tamadalara, mollalara, yengələrə, təsbehə, aftafaya, toy süpürləşmələrinə, ehsana bir ad qoymuşdular  – milli-mənəvi dəyər!

Hamı tərəfindən əxlaqsız, tərbiyəsiz, peysər, elan olunan bir-iki gənc yazar deyəndə ki, axı hakimyyəti, söyüdüyünüz, nifrət elədiyiniz, devirmək istədiyiniz rejimi, tayfa-klanı ayaqda saxlayan sütunlar elə bu mentalitetdi, milli dəyərlərdi, bu molladı, o yengədi, o ağsaqqaldı, o qədeşlərdi, meyxanadı, muğamdı – dedilər, gelin arpanızı otlayın. Dedilər bizim davamız tayfa-klanladı. Dedilər gül kimi mentalitetimiz var. Dedilər, bizim muğama hörmətimiz var. Dedilər Alim Qasımov xalqın dəyərli ziyalısıdı. Dedilər Anar dəyərdi.

İndi muğamın məddahlıq, yaltaqlıq, saray musiqisinə çevrildiyini öz gözümüzlə görürük. İndi Alim Qasımov prezidentin seçkiqabağı təbliğatında artistlik edir. İndi Anar xalqı prezidentin ətrafında sıx birləşməyə çağırır.

Ən xırda hadisədə, ən xırda problemdə biz milli mentalitet, dəyər deyilən şeylərin rahatca elmin, maariflənmənin, müasirliyin, etirazın əleyhinə necə çevrildiyinin şahidi oluruq. Gənclər Fondu da belə elədi. Milli mentaletiteti kitabın, işığın əleyhinə çevirdi. Mahiyyətcə siyasi problemi çevirib, mentalitet problemi elədi. Bu həmişə belə olacaq. Əgər gənclik, etirazçı, mübariz insanlar problemin təkcə hakimiyyətdə, rejimdə deyil, milli dəyər adı qoyulan axmaqlıqlarda, gerizəkalılıqda, mentalitet deyilən xalq əclaflığında olduğunu, bu əclaflıqların ən ümdə, ən müqəddəs, ən vacib məqsədinin rejimi ayaqda saxlamaq olduğuna inanmayacaqları təqdirdə həmişə belə olacaq.

«Azərbaycan xalqının mentaliteti bizim onları idarə etməyimizi asanlaşdırır…»

© İlham Əliyev

Ana səhifəMənim FikrimcəSenzura qoyulacaq «məmə»nin tarixçəsi