Sənət Don Kixotluğu

Tənha romantikin düşüncələri…

Source:

90-cı illərə düşən uşaqlığımda indiki zövq cənnəti yox idi. Nə kitablar bu qədər əlçatan idi, nə informasiya, nə də ki, sənət. Kinodan heç danışmıram. Bizim ona baxmaq üçün bircə imkanımız vardı. Televiziya. İndiki gənclərə başqa bir kosmos, başqa reallıq kimi gələr bəlkə də. Axı necə ola bilər ki, insan bu ay dövriyyəyə buraxılan filmə baxa bilməsin: “Niyə kinoteatrlar o filmi göstərmir, niyə filmi internetdən yükləyib baxmırdınız?”. Senzuranı, idologiyaya ziyan olan filmləri (hələ film niyə ideologiyaya zərər ola bilər – bunu bir ayrı anlatmaq lazım….), istədiyimiz filmlərə deyil, başqalarınn seçdiyi filmlərə baxmalı olduğumuzu uzun-uzun izah etmək lazımdır.

Uzun-uzun yazılarla…

Gün uzunu oturub, gözləməli, axşam da “mübarək” insanların bizim, yəni sonuncu “sovetyonok”lar üçün seçdikləri filmlərə baxmalı idik. Hind filmləri, öpüşsüz, sevişməsiz melodramlar, “davalı kinolar”…Nə bilim, bəlkə uşaqlığımın xətrinə dəymək istəmirəm deyə, bu tip filmlərə üstən-aşağı baxa bilmirəm. Düzdür, məqsədyönlü seçib, baxmıram, amma təsadüfən qarşıma çıxanda da, kanalı dəyişmirəm, oturub baxıram axıracan. Bir az uşaqlığımı xatırlayıram, bir az əsəblərim dincəlir. Ağır mövzulardan uşaqlaşıram bir az. Seymur Baycan demişkən, “novo-passit” kimi təsir edir belə filmlər mənə…

Romantikaya daldım, uşaqlığımın, gəncliyimin kino problemini unutdum. İndi düşünürəm ki, o illərdə “Retro” verilişi ilə bütün bir xalqa təkbaşına kinonu tanıtmaq, sevdirmək istəyən Ayaz Salayev nə hiss edirdi? Nəyə nail olmaq istəyirdi? Istəyirəm, indi baxış reytinqlərini ölçən cihazların geriyə də qüvvəsi olsun, görək o illərdə neçə insan Retro Kinozalında Ayaz Salayevin danışdıqlarını dinləyirdi? Neçə insan səbirsizliklə gözləmirdi ki, Ayaz Salayev danışıb-qurtarsın, sonra onlar filmə baxsınlar?

Neçə adam onun seçdiyi filmləri bəyənirdi?

Keçmişi belə ritorik suallarla xatırlamaq əlbəttə, kədərlidir. Sual işarəsi ilə bitən cümlələri yazmaq isə heç də ən xoş şeylərdən deyil. Amma hərdən düşünürəm ki, bir adamın bütün bir sənət növünün təəssübünü təkbaşına çəkməyi də çox kədərlidir. Amma daha kədərlisi budur ki, kinoya senzuranın (bütün sənət növlərinə olduğu kimi) tüğyan elədiyi bir dövrdə, səni dinləsələr də, dinləməsələr də, az ya çox dinləsələr də, işin funksionaldır, kiməsə az da olsa, lazımdır.

Amma bir gün ölkə dünyaya açılır. Bütün filmlər, film tənqidi, rəylər tamaşaçıya əlçatan olur. Sənin isə kino Don Kixotluğun əvvəl də çox adama lazım deyildi, indi isə ümumiyyətlə heç kimə lazım olmur.

Və sən Don Kixotluğunu bitirirsən, realist adam olursan. Ağıl romantikanı, mənfəət sənət təəssübkeşliyini üstələyir.

Amma bir sual açıq qalır: insanlarımız kinonu, sənəti ciddi, səmimi bir sevgi ilə sevsəydi, yenə də belə olacaqdı?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəSənət Don Kixotluğu