Sənət adamı, yoxsa mütrüf?

Yazıçı getsin yazısını yazsın?

Source:

Artıq neçə gündür ki, bu mövzudakı gərgin söhbətlər səngimək bilmir. Məsələ əsla onda deyil ki, Cəmil müəllim o sözləri (“Әdəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil”) deyib ya yox. Çünki ondan bir-iki gün öncə İsa Qəmbər də Vaqif bəyin fotolarını sərgiləyib “Vaqif bəyin İstiqlal ordeni almağa haqqı var!” yazmışdı, mübahisə başlananda isə Erkin Qədirli də: “[…] Yazıçı və başqa yaradıcı insanlardan vətəndaş mövqeyi, siyasi düşüncə tələb etmək və ya gözləmək doğru deyil. Rus ədəbiyyatının, rus nihilizmin və rus solun təsiri altından çıxın. “Vətəndaş mövqeyi” siyasi baxımdan mənasız ifadədir. Mənasız olmaqla yanaşı, ziyanlıdır. […]” kimi fikirlər sərgilədi.

Belə görünür ki, siyasi spektrimizdəki az qala bütün başlıca fiqurlar:

• Vaqif bəyə “İstiqlal” ordenini vermiş İlham Əliyev;

• bunu cümlənin sonunda nida ilə vurğulayacaq qədər doğru sayan İsa Qəmbər;

• bu işi dəstəkləyib/əsaslandıran (fərqi yoxdur hansı səviyyədə) Cəmil Həsənli;

• və nəhayətdə söhbətin kvintessensiyasını, cövhərini dilə gətirən, “sənət adamlarının vətəndaş mövqeyini zərərli” sayan Erkin Qədirli

bu konuda tamamilə eyni fikirdədirlər. Əlbəttə heç şübhə etmirəm ki, bu siyahını istənilən qədər uzatmaq olar.

Yuxarıda isimləri çəkilmiş fiqurlar da tək özlərini təmsil etmir, hər biri hansısa kifayət qədər böyük çevrəni təmsil edir – bu da bəlli. Demək onda belə çıxır ki, cəmiyyətdəki çoxluq da bu fikirdədir – əslində buna da heç bir şübhəm yox idi.

Söhbət burada, anladığınız kimi konkret Vaqif müəllimin şəxsindən də getmir. Olmasın o, olsun başqaları, nə fərqi var, burada məsələ prisipdədir – bizim cəmiyyətdə, ölkədəki ictimai quruluşa, yəni feodalizmə adekvat dəyərləndirmələr edilir, bu da özünü bariz şəkildə sənət adamlarına münasibətdə, onların bu, və ya başqa fəaliyyətinin qiymətləndirilməsində özünü göstərir. Bu münasibət özünü “Yazıçı getsin yazısını yazsın, hakimiyyətlə/siyasətlə/dinlə-falanla nə işi var?” kimi dəyərləndirmələri ilə, sadə vətəndaşın çox yayğın (və bu halda çox da düzgün) “Mən politikaya qarışmıram” ampluası ilə düz mütənasibdir. Bu tamamilə doğru qiymətləndirmədir – feodalizmdə, ictiami münasibətlərinin bu mərhələsində, belə bir quruluşda sənət adamının həyatının pik həddi saraylarda, hakimlərin, hökm edənlərin yanındadır – daha fərqi yoxdu, saray şairi, yoxsa sadəcə mütrüf kimi.

Sənət adamlarının Avropasında intibah dövründən bu tərəfə nə etdikləri, cəmiyyəti nəyə hazırladıqları, Voltaire, Montesquieu, Rousseau, Diderot, ümumiyyətlə Böyük Fransız İnqilabından sonra sənət adamlarının cəmiyyəti dəyişəcək səviyyədə olan ictimai rolu, Beethoven ilə Goethe’nin qızğın mübahisəsi (Teplitz meşəliyində gəzinti zamanı təsadüfən Avstriya-Macarıstanın imperatiriçasını və onun əshabələrinə rast gələrkən, Beethoven Goethe’dən fərqli olaraq şlyapasını çıxarmadan kənara çəkilərək onları salamlamamışdı) kimi məsələləri yazıb başınızı yormaq istəmirəm. Azərbaycan anlayışının özünün yaradılmasında borclu olduğumuz Axundovu, Mizə Cəlili, Sabiri, Cəfər Cabbarlını, Üzeyir bəyi də misal çəkməyəcəm. Bunlar məlum həqiqətlər.

Lakin bu da həqiqətdir ki, XX əsrin dəhşətlərindən sonra sənət adamlarının ictimai rolu haqda dəyərləndirmə məsələsinə son qoyulmuşdur – çünki çağdaş zaman hər bir yaradıcı insanı ilk öncə öz həyatının rejissoru kimi dəyərləndirir, onun həyat yolunu, çılpaqlığı ilə ortaya gətirir. Orta əsrlərdən fərqli olaraq müasir dünya, müasir sənət yaradıcısından istər həyatda, istər sənətində ifrat səmimilik, insan qəlbinin ekshibionizmini, çox dərin intellektual və emosional fədakarlıq tələb edir. Bəşəriyyət göylərlə əlləşib yerdəki dəhşətləri “görməyən” yaradıcılar üçün artıq çoxdan delete düyməsini basıb.

Doğrusu bu məsələləri qələmə almaq ehtiyacı yarandığı üçün xəcalət çəkirəm. Bunlar tamamilə sadə, hamının bildiyi, isbata-sübuta əsla ehtiyacı olmayan məlum həqiqətlər, aksiomalardır. Seymur Baycan bir dəfə demişdi ki, bizim insanlara yenidən birinci sinifə getmək lazımdı – görünür o haqlı imiş öz kəskin dəyərləndirmələrində.

Yaxşı, İlham Əliyevin bunu nə üçün etdiyi məlum, bunu anladıq. O biri üç xadimin də bunu səmimi olaraq etdiyinə inanaqmı? Şəxsən mən inanıram, səmimi ediblər bunu. Bu mənada bizim müxalifət liderləri sözün həqiqi mənasında əsla marginal deyillər – çoxluq ilə tam razıdırlar. Hətta Vaqif müəllimin sənət yoldaşı, keçən il hakimiyyətin qəzəbinə tuş gəlmiş Əkrəm Əylisli haqda da belə oldu, heç marginal görünmədilər, çoxluğun əleyhinə getmədirlər, ən azından susub durdular. Vaqif müəllim haqda deyilən indiki arqumentlər nədənsə orada heç dilə gətirilmədi, ya da mən eşitmədim. Hər halda bir ovuc yazar o zaman (konkret Əkrəm Əylislini yox) yazarın/sənəçinin yaradıcılıq/mövzu/ifadə azadlığını müdafiəyə çıxarkən orada müxaliflərimizdən bir kimsə gözə dəymirdi. Məsələ o zaman (əslində dərin antipatiya duyduğum) Əkrəm Əylislidə deyildi, ictimai məsələdə idi. Həqiqətdə isə hamı gözəl bilirdi ki, öncələr mümkün olan bütün təltiflərlə xələtlənmiş bu yazarı, romanının məhz 3-cü hissəsinə görə hakimiyyət daş-qalaq edir, daha “Daş yuxulara” görə yox. Bunu hətta Zahid müəllim da məşhur teledebatda ağzından qaçırdı. Və hakimiyyətin bu rəftarı tamamilə anlaşılandır – “necə yanı, indi sən məndən təqaüd/orden/“knişqa”/ev/AllahBilirDahaNə(lər) alıb da, sonra ağzıva gələni yazassan? Al gəldi bu yapartoidlər, bu da Əylisdə mitinq. Nurəddin Mehdixanlı/Zahid Oruc.”

Bütün bunlar çox aydın və şəffafdır. Hakimiyyətin etdikləri yəni. Kimi niyə görə xələtləndirir, o birini edam edir – çox böyük məntiq var etdiklərində, maşallah da hamısının yerini əla bilirlər, ipləri də əllərində tarım. Format bəllidir – saray şairi və ya mütrüf (xalq artisti-əməkdar-zad). Buyur gəl, gələ bilsən. İşini bil, yerini bil. Bu formata gəlməyənlər isə cəzalandırılacaq, ən azından qoltuğunun dibini yeyəcək – onlar qanmayıblar hardadırlar, qandırarıq o zaman. Gözəl. Mükəmməl formuldur. Xalq gözünə döndüyüm də razı – mütrüflərdən bir şey ummur, gözünün də üstündə gəzdirir, “dahimizdi, yazarımızdı-filanımızdı, fəxrimizdi” deyir, əcəb də edir. Amma müxalifət liderlərinin buna nə aidiyyatı var anlamıram. Onların bu mütrüflüyə hər vəhclə bəraət qazandırma, təmizə çıxatma istəyi/fəlsəfəsi yuyulmamış çömçə söhbətini xatırladır. Birdəfəlik anlayın – onların (bütün mütrüflərin) sizin bəraətlərinizə ehtiyacları yoxdur, əslində sizin özünüzün bəraətə daha çox ehtiyacınız var, hormətli müxalifət liderlərimiz.


P.S.

Əslində mütrüflük haqdakı bütün bu söhbətlərinizin/iddialarınızın kvintessensiyasını İlham özü çoxdan edib – müstəqilliyin əleyhinə səs vermiş Zeynəb Xanlarovaya “İstiqlal” ordeni verib. Dedikləriniz yalnız bu aktın təsdiqi deyilmi əcəba?´


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəSənət adamı, yoxsa mütrüf?