Sənə lazımdır?

Biz niyə siyasiləşirik?

Source:

Bu yaxınlarda, dostlarla Azərbaycandakı vəziyyəti müzakirə edirdik. Yenə baş verənlərə qəzəblənir, ittiham edir, kədərlənir, bir sözlə, hamımıza məlum olan hiss və düşüncələr keçirirdik. Sonra söhbət mövcud vəziyyətlə barışmayıb, mübarizə aparan bir ovuc insan haqqında oldu. Dostlardan biri onların mübarizə aparmasına heyrətləndiyini, onların motivlərinin əslində ona tam aydın olmadığını dedi.

Qəfil ortaya sual atdı: Axı, onları bu mübarizəyə vadar edən nədir?

Suala cavab kimi mən, hamımızın yaxşı bildiyi arqumentləri (korrupsiya, demokratiya, insan haqları,yaxşı yaşayış arzusu vəs.) sadaladım və motivimi rasional səbəblərlə izah etdim. Qısa deyim ki, çox uzatdım. Dedikcə də anlayırdım ki, bu arqumentlərdə ruh yoxdur, nəsə çatmır.

Bir ay bundan öncə, Gürcüstanda olan təşkilatlardan biri təklif etdi ki, onların dörd regionda fəaliyyət göstərən resurs mərkəzlərinə gedib, Azərbaycanda demokratiya, insan haqları və siyasi-iqtisadi vəziyyətlə bağlı təqdimat edim. Qısa müddət ərzində Qori, Telavi, Kutaisi və Batumidə təqdimatlar etdim.

Təqdimatları hazırlayarkən gürcülərin azərbaycanlılarla bağlı formalaşmış önyarğılarını dağıtmağı da nəzərdə tutmuşdum. Misal kimi birini deyim, gürcülərin çoxu hesab edir ki, Azərbaycanda insanlar çox varlıdır. İndiki Azərbaycan reallığının gürcülərə tam aydın olması üçün təqdimatıma qısa tarixi ekskursiya ilə başlayırdım.

Hər getdiyim yerdə təqdimatı etdikcə, suallara cavab verdikcə, ölkənin vəziyyəti ilə bağlı özümün də fikir vermədiyim, diqqətdən qaçırdığım, tam anlamadığım mətləbləri öyrənirdim. Bu proses içində Azərbaycanı bir daha nəzərdən keçirtdim. Deyim ki, təqdimatı heç də həvəslə etmirdim. Hər dəfə insan haqları, olmayan demokratiya, səfeh idarəçi və siyasətçilər haqqında danışanda utanırdım. Ölkəmi obyektiv olaraq təqdim etmək o qədər də asan başa gəlmirdi. İşin içində hiss var, bağlılıq var, ölkəni yaxşı görmək arzusu var. Bütün bunlar bir-birinə dolaşıb, ortaya əcaib hisslər və düşüncələr çıxardırdı.

Təqdimatları etdim, əsas günahı hakimiyyətin boynuna yıxdım, xalqın sükutunu hakimiyyətin maddi və polis gücü ilə izah etdim. Hərdəm, çox ani də olsa, özümə sual edirdim ki, bunları deməyin indi nə xeyri var? Və ümimiyyətlə, bunları niyə edirəm ki?! Azərbaycanla bağlı bu qədər düşünməyimin, bir başqa sözlə, siyasiləşməyimin səbəbi həmin anlarda da mənə aydın deyildi.

Məclisdə də, ortaya atılan suala əslində qısa cavab verə bilərdim və verməliydim də. Amma bu sualın cavabı mənə gec məlum olduğu üçün elə burda deyirəm.

Məni siyasiləşdirən, ölkədəki vəziyyətlə barışmaz olmağıma səbəb əslində ölkəni idarə edən insanların bizə hörmət etməməsi, ikrahla və alçaldıcı yanaşmasıdır. Sizi bilmirəm, amma mən bunu çox dərindən hiss edir və ona görə ləyaqətimi alçalmış hiss edirəm.

Konstitusiyaya etmək istədikləri dəyişiklik də onların bizi qətiyyən veclərinə almadıqlarına, xalqın iradəsini tam sındırdıqlarına, xalqın ləyaqət hissinin olmadığına möhkəm inanmış olmalarıdır. Son dəyişiklik “təklifi” isə xalqın üzünə istehza ilə tüpürməkdir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSənə lazımdır?