Şən oğlanlar niyə yiyəsiz qaldı?

İnsan monopoliyasındakı böhran

Source:



Bunları başa salan yoxdur ki, a kişi, indiyə kimi pul var idi. Heç nə vecləri deyildi, üstəlik də, sizin icazəli zarafatlarınıza baxıb, özləri də gülürdülər. İndi pul azalıb, gərginlik çoxalıb, əsəblər tarıma çəkilib. Belə bir ağır gündə sənin zarafatların artıq onları güldürmür, əksinə qıcıqlandırır. Əgər siz on il bundan qabaq məclisdən qovulub, yiyəsiz qalsaydınız, buna çox heyfislənərdik. Evi başına uçurulan vətəndaşların harayını görmüş adamlarıq. Kimə və nəyə şikayət edirsiz?

Təxminən on üç-on dörd ilin söhbəti olar. Rayonumuzda dörd-beş nəfərdən ibarət sələmçi kruqu vardı. Kruqa sələm işlərində peşəkar olan, sözü hər yerdə keçən bir nəfər liderlik edirdi. O vaxtlar işləri xod getdiyindən həmişə kefləri kök olardı. Hamısıın əli pulla oynayırdı. Onlarla bir stolda oturmaq üçün gərək, sənin yaxşı pulun, vəzifən, adın-sanın olmalıydı. Rayonda onlarla yaxın dost olmaq, bir məclisdə iştirak etmək çox adamın arzusu idi. Amma buna demək olar ki, heç kim nail ola bilməzdi. Bir nəfərdən başqa.

O da “Prikolnıy oğlan” ləqəbini qazanmış kasıbın biri olur. Qardaş onlara ancaq güldürmək üçün lazım idi. Kruqun liderinin sevimlisi olan bu oğlan orda-burda sələmçilərlə oturub-durmasından fəxrlə danışırmış. Deyilənlərə görə bir vaxt bu sələmçilərin müflisləşən vaxtı olur. Çayxanada qanları qara oturmuşmuşlar. Bu qardaş da yaxınlaşıb, guya bunların kefini açsın deyə, başlayıb zarafatlaşmağa. Sələmçilərin lideri adamı çox pis təhqir edir. “Prikolnıy oğlan” bir söz demədən, pərtfason gülərək stul çəkib oturmaq istəyirmiş ki, bundan bərk qəzəblənən lider oğlanın stuluna təpik vuraraq; əəə sənə demədim dur, s… dir burdan?! – deyib, stulqarışıq adamı yerə aşırdıb.

Bunu tanışım mənə danışanda, fikirləşdim, ilahi, yaxşı ki, hadisənin şahidi olmamışam. Hələ əhvalatı məni bu qədər əzdi, gör indi o hadisəni görsəydim, nə əzablar çəkərdim. Bəlkə də, o hadisədən sonra gedib intihar-zad eləmişdim. Nə bilmək olar? Gənc, həssas, naşı vaxtlarım idi.

İllər keçdikcə, təhqir edənlər və təhqir edilənlərlə həyatda tez-tez ratlaşmağa başladım. Artıq belə səhnələr mənim üçün adiləşirdi. Amma bu işin qorxulu tərəfi ondadır ki, adiləşmə tək mənim üçün deyil, həm də təhqir edənlər və təhqir edilənlər üçün də vardı. Neçə illərdi, ölkədə bu yöndə işlər uğurla davam etdirilir. İnsanlar dünən əcnəbi ölkələrdə olan gülünc hadisələrə gülür, təəcüblənirdilərsə, bu gün artıq öz ölkəsində də oxşar hadisələri normal seyr edir və yaxud heç seyr etmir, soyuqqanlılıqla yanından ötüb keçir. Günü-gündən də problemlər çoxalır, yaşamaq ağırlaşır insanlar isə bu şərtlərə çox asanlıqla alışırlar.

Ölkədəki ən böyük problemlərdən biri də, monopilya sistemidir. Artıq hər şey dərman, meyvə-tərəvəz, ərzaq malları, dəmir biznesi, avtomobil biznesi, tikinti malları və digər sahələr necə bir neçə olliqarxın nəzarətindədirsə, eləcə də insanlar bu cür mexanizmlə idarə olunurlar. Belə deyək, artıq neçə illərdir insan monopoliyası da uğurla inkişaf etməkdədir. Bura jurnalistlər, yazıçılar, rəssamlar, musiqiçilər, idmançılar və digər peşə sahibləri daxildir. Məsələn, ölkədə banan biznesinə Əli nəzarət edirsə rəssamlara Vəli nəzarət edir. Ola bilər ki, xiyar biznesinə baxan eyni oliqarx idmançılara da nəzarət etsin. İstisnalar var.

Beləcə, hər şey ölkədə idarə olunur. Ortada nəzarətsiz peşə sahibi qalmamalıdır. Kim sərbəst, idarəsiz qalırsa, o adam ya fikirləri müxalifdir, ya da istedadı hakim dairəni qane etmir. Belə adamların taleyi ölkədə çox faciəli olur. Bir qismi əziyyətlərə qatlaşır, dözür, yaxud da ölkədən gedir, çoxu isə yuxarılara bu və ya digər şəkildə mesaj göndərir ki, nə desəniz, edərəm, təki mənə nəzarət edin, yiyəsiz qoymayın, artıq dözə bilmirəm.

İnsan monopoliyasında qəribə, deyərdim ki, professional formada bölgü tədbiq olunur. Təxminən belə. Ali nəzarət, orta nəzarət və sonuncu – aşağı nəzarət. Çox uzaqgörən, qeyri-adi hissetmə qabiliyyətin olmalıdır ki, bu cür peşəkar seçim edəsən. Deməli, ölkədə sözəbaxan, ağıllı, fağır təbəqə deyərdim ki, rəssamlardır. Plastilin kimidilər. Nə forma istəyirsən, düzəldə bilərsən. Dünya veclərinə deyil. Təki sənətləri ilə məşğul olsunlar. Yaltaqlanmırlar, sadəcə susub, yerlərində otururlar. Bu sakitlik eynən ‘Alisa möcüzələr diyarında’kı papaqçı obrazını xatırladır. Elita üçün cəlbedicidir. Rusdilliləri də, maşallah, boldur ( rusdilli faktoru mühümdür)

Və sadaladığım xüsusiyyətlər bəs edir ki, rəssamlar ən yüksək səviyyədə olan ali nəzarətə götürülsünlər. Yazıçılar isə bu lüksa sahib ola bilmirlər. İlk növbədə, rusdilliləri azdır. Davakardırlar. Yaltaqları həddindən artıq yaltaq, olmayanları da ki, standartlara cavab vermir. (Ali nəzarətdə ucuz yaltaqlıq qəbul olunmur.) Hər an öz hisslərinə qapılaraq, AYB-dən istefa verib, səhəri kor-peşman üzr istəyə bilərlər. Amma ARİ-də isə belə hallar, ümumiyyətlə, olmur. Olanda da, bəyan edib hay-həşir salmırlar, sadəcə küsüb-gedirlər. Yazıçıların bu cür dəlisov xüsusiyyəti onlara icazə vermir ki, ali nəzarətə götürülsünlər. Bu cür misallar çox çəkmək olar. Sözüm onda deyil.

Artıq neft erası bitmək üzrədir. Bu səbəbdən birinci dünya müharibəsi zamanı plakatlarda yazılan şüarlar kimi deyə bilərik ki: “Vətənimiz dardadır!” Neftdən gələn gəlir azalır, dövlət qurumlarında sürətli ixtisarlar gedir. Hər yerdə olduğu kimi, insan monopoliyasında da xaos yaranıb. Nəzarətdən çıxan zümrə deyinməyə başlayıb. Bir qrup şən oğlanlar isə işləri dara duşən sələmçi liderindən zərbə alan “Prikolnıy oğlan” kimi məclisdən qovulublar. Vallah, mən onları belə sadəlöv bilmirdim. Redaksiyaya gəlib şikayət edirlər ki, biz yiyəsiz qalmışıq. Belə çox gülməli vəziyyət yaranıb.

Bunları başa salan yoxdur ki, a kişi, indiyə kimi pul var idi. Heç nə vecləri deyildi, üstəlik də, sizin icazəli zarafatlarınıza baxıb, özləri də gülürdülər. İndi pul azalıb, gərginlik çoxalıb, əsəblər tarıma çəkilib. Belə bir ağır gündə sənin zarafatların artıq onları güldürmür, əksinə qıcıqlandırır. Əgər siz on il bundan qabaq məclisdən qovulub, yiyəsiz qalsaydınız, buna çox heyfislənərdik. Evi başına uçurulan vətəndaşların harayını görmüş adamlarıq. Kimə və nəyə şikayət edirsiz?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəŞən oğlanlar niyə yiyəsiz qaldı?