Qurdlar və Qazlar
Kimdən başlayıramsa özümə, hardan başlayıramsa kəndimə gəlib çıxıram
Uşaq vaxtlarımızda “Qazlar, qazlar” adlanan oyun oynayardıq. Bir dəstəmiz əl-ələ tutuşub dayanar, o biri böyük dəstə qaz olub çəməndə otlayardıq. Sonuncular – canavarlar pusquda dayanardı. Sonra başlayardıq:
“– Qazlar, qazlar!
– Nə var, nə var?
– Yolda qurd var,
Uçun, gəlin”.
Qazlar qazın “uça” bildiyi qədər sürətlə yüyürüb gələndə qurdlar pusqudan çıxıb, onları tutardı. Mənzilə yalnız canını güclə qurtaran yaralı qazlar çata bilirdi. Təkrar hücumlarda həmin yoluq, axsaq qazlar da əldən düşüb asanlıqla qurdların ağzına girirdilər.
Məntiqli-məntiqsiz bu, bizim uşaq oyunumuz idi. Əlli ilə yaxın bir möhlətdir ki, həmin oyunun acı həyat gerçəkləriylə hər gün qarşılaşıram. Amma nə yazıqlar ki, o vaxt-bu vaxt nə qazların qeyrətə gəldiyini gördüm, nə də qurdların insafa…
Sözə qüvvət
Magistral yola çıxan hər kəs avtomobillərin bir-birinə işıq yandıraraq verdiyi işarənin mənasını yaxşı bilir: – Özünüzü gözləyin, yolda polis var! Yəni, dövlət yol polisi (DYP). Fikir vermişəm, məlum toxunulmazlardan savayı bütün yol adamı bir-birinə bu həmrəyliyi göstərir. Səmimi və təmannasız olaraq. Siqnalı alan şəxs kəmərini taxır, sürəti azaldır və sair ehtiyat tədbirini görür ki, qəfil yaxalanmasın.
Bu məsələdə mənim xoşuma gələn yeganə şey xalqın həmrəyliyidir. Amma nədən yalnız sükan arxasında həmrəy oluruq, bunu başa düşmürəm.
Dövlət yol polislərinə isə ürəyim yanır. Hər kəs belə edərsə, bəs onlar kimi tutacaqlar? Boyunlarına düşən məbləği kimdən yığıb ödəyəcəklər? Əyər ödəniş olmasa yazıqları işdən qovarlar axı… Onlar da bizim kimi ac qalmasalar da, işsiz qalarlar. Amma qalmazlar. Çünki, ölkədə maşallah intizamlı sürücülər çoxdur. Mən hətta o günləri başını sükana söykəyib yatan dövlət yol polisini oyadıb “haqq” verən “Kamaz” sürücüsü görmüşəm. Onda bir daha anladım ki, vətəni sevməyin zamanı və məkanı olmur, vətəndaşlıq borcunu yolüstü də icra edə bilərsən. Təki buna istək və imkan olsun.
Tez-tez ölkəni qaz kimi yolub-yoluşduranlardan danışırlar. O saatca yadıma uşaq vaxtlarımızda oynadığımız həmin oyun düşür. Əcaba, qaz deyərkən bizlərimi nəzərdə tuturlar?! Amma daha bizim dişə və ələ gələsi nəyimiz qalıb ki…
“Yazıq” qurdlar!
Müasir Xudayarların internet qorxusu
– Ölkədə cəsarətli, vicdanlı jurnaistlər qalmayıb, sən də daha əvvəlki kimi yazmağa qorxursan.
Ədası yerə-göyə sığmayan tipin hansı əsasla bu nəticəyə gəldiyini soruşmayıb tərbiyəm daxilində cavab verdim:
– Əvvəlki kimi yazıram, narahat olmayın.
– Bəs niyə mənim xəbərim yoxdu?
– Ona görə ki, mətbuatı izləmirsiniz.
Qıcıq müsahibim cavabdan xoşlanmadı:
– Birincisi, indi qəzet oxuyan kimdi? İkinci də ki, rəhbərlik müxalif mətbuata birtəhər baxır.
İkinci səbəbin əslində birinci olduğunu ikimiz də bilirdik, amma yenə hövsələmi basıb yalançını mənzilinəcən qovmaq qərarına gəldim:
– Evdə komputeriniz var?
Üzümə elə baxdı ki, guya “əynində tumanın varmı?” – deyə soruşuram.
– İndi hansı zamandır? Hər uşaqda biri var, bizimki də arvadla şəriklidi.
Yazılarımın dərc olunduğu saytları kağıza yazıb ona uzatdım:
– Maşallah, müasir ailəsinizmiş. Buyurun, göstərilən qaydada internetə girib məqalələri oxuya bilərsiz.
Nə fikirləşdisə tez əlini çəkib üzümə bozardı:
– Yox-yox, qoy qalsın! Nə məlum ki, ora kimin hardan girdiyi bilinməyəcək? Duran yerdə özümü, ailəmi riskə ata bilmərəm. Kürəkənimə yuxarılarda iş danışmışıq, birdən kiminsə qulağına çatıb eləyər…
Qarşımdakı geyimli-kecimli, bazburutlu tox canlıya xeyli tamaşa elədim. Bilmirəm nə işdirsə, bizim həmin o uşaq oyunumuz zamanı qazlar kövrək və mənim kimi “cırqənət” olardılar, qurdlar isə kötük kimi duyğusuz və yoğun idilər.
– “Görəsən bu tip heç uşaqlığını xatırlayırmı?” – deyə düşündüm. Sifətində sualıma müsbət cavab verəcək bircə əzələ belə tərpənmirdi. Allah bilir, belə qalın, yağlı şəklə düşmək üçün nə qədər günahsız adamın haqqını yeyib…
Ölkə ədalətsizliklərlə doludur və gec-tez bunun hesabını verəcək hər hansı qüvvənin qurtuluşu yoxdur. Həm də külli-ixtiyar sahibi olduğu indiki halında belə…
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.