Şəmkirlilər nazirlik işçisini və keçmiş əsiri çaylarını mənimsəməkdə ittiham edirlər.
Şəmkirin əksər kəndlərində sakinlər susuzluqdan əziyyət çəkirlər. Onlar nə içməyə, nə də əkinlərini suvarmağa su tapırlar.
Bura da Şəmkirin Təzəkənd kəndidir. Adı da təzədir, dərdi də. Ona görə ki, son illərə qədər bu kəndin su problemi olmayıb.
“Əvvəllər problem yox idi, son 8-9 ayda burda içməli suda problem yaranıb. Bu kəndə məxsus olan kəhrizdən Çinarlı qəsəbəsi qidalanır. Bir dənə su artezianımız var idi, 8-9 aydır, yanıb. Heç kim baxmır, adını da qoyublar ki, dövlət tərəfindən pul ayrılmır. Biz bu dəqiqə dizimizi yerə qoyub, əlimizi göyə açırıq ki, hər gün yağış yağsın, həm başımızı yuyaq, islanaq, həm çənimizdə su qalsın”, – kənd sakini Əbülfəz Məmmədov belə deyir.
Sakinlərin sözlərinə görə, artezian quyusu bir ildir işləmir. Elə çəkiliş vaxtı Şəmkir Su Kanal sahəsinin işçiləri yeni artezian quyusunu qazmağa gəlirlər.
Sahə rəisi Vüqar Əliyev söyləyir ki, kənd susuz qalmayıb, sakinlər bir il kəhriz suyu ilə təmin olunublar və ən geci bir ay ərzində onlara artezian suyu da veriləcək.
Lakin kənd sakinlərinin tək problemi içməli su deyil. Onlar əkinlərini suvarmağa da su tapmırlar.
Kəndlilər iddia edirlər ki, Şəmkir çayı ətrafında salınan göllər və çayda olan sızmalar onlara verilən suyun miqdarının azalmasına səbəb olur.
“Tovuz çayı Şəmkir çayından iki dəfə böyükdür. İndi gəlin gedək Şəmkir çayının içinə baxın, balıq gölləri, “malina” bağı, xurma bağı, “drabilka”… amma heç bir çayda yoxdur bunlar. Bu göllərin heç biri dövlətinki deyil, şəxsidir. Satırlar, pul edirlər, qazanırlar. Mən də burada oturub gözləyirəm ki, mənim məhləmə ayda bir dəfə su gələcəkmi? Gecə saat 1-də, 2-də bu yolu piyada gedib-gəlib, bağımı sulayıram”,- Ə. Məmmədov deyir.
Çinarlı kəndi ərazisində Şəmkir çayı boyunca yuxarı qaldıqda çoxlu göllər və əkin sahələri gözə dəyir. Sakinlərin iddiasına görə, çayın ətrafındakı bu balıq gölləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Abdulla Köçəri oğluna məxsusdur.
Nazirlik isə iddiaları rədd edir, bu adda işçilərinin olmadığını bildirir.
“Biz bir üz olduq, Abdulla müəllim bir üz oldu. Biz bu gölü dayandıra bilmədik. Bizə verilən su limitindən o istifadə edir, bizə də su gedib çıxmır. Kəndə verilən suvarma suyu ilə balıq saxlayırlar. Özləri üçün biznes qurublar, biz də orda əziyyət çəkirik”.
Bir az yuxarı qalxdıqda isə Şəmkir çayının ətrafında əkin sahələri və üç kiçik göl gözə dəyir. Sakinlər iddia edir ki, bu ərazini də keçmişdə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov mənimsəyib. O, özü də əslən elə bu kənddəndir.
“Əsirlikdə olan Dilqəm Əsgərovundur. Orda üç süni göl yaradıb, əkin yerləri, “malina”lıq, körpünün altında da balıq gölləridir. Deyir, hamsını mənə dövlətimiz verib”.
Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşad Allahyarov da təsdiqləyib ki, məsələ ilə bağlı sakinlər tez-tez idarəyə müraciət edirlər.
“Bir neçə gün əvvəl həmin göllərlə bağlı vətəndaşların şikayətləri bizə daxil oldu. Aidiyyatı şəxslərə göstəriş verdik, yerində araşdırıldı. Bəli, orda suyun bir az artıq götürülməsi müşahidə olundu. Texnika və canlı qüvvə dəstəyi verərək həmin məsələni aradan qaldırdıq. Sızmaları da aradan qaldırmaq üçün qıraq yerlərdən gil gətirərək çaya töküb, qismən bərpa etmişik. Sadəcə bunun qarşısını tam almaq mümkün olmadı. Bu istiqamətdə tərəfimizdən işlər görülür”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, də qanunsuz göllərlə bağlı araşdırma aparılacaq.
Sakinlər də ümidlidirlər ki, rəsmilərin araşdırması ədalətli olacaq.