”Səlahiyyətli dövlət qurumlarında daha çox korrupsiya olur”

Kamran Əliyev: ”Ən çox korrupsiya halı özəl sektordadır”

Source:


Kamran Əliyev: ”Ən çox korrupsiya halı özəl sektordadır”

“Ən çox korrupsiya halı özəl sektorda olub. Xüsusən də 2017-ci ilin ilk 6 ayında”.

Bunu iyulun 17-də mətbuat konfransı keçirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev açıqlayıb. Bildirib ki, son 6 ayda özəl sektorda 28 şəxs barəsində 25 cinayət işi başlanıb:

“Bank sektorunda 32 şəxs barəsində 19, təhsil sahəsində 12 şəxs barəsində 10, sosial müdafiə sahəsində 5 şəxs barəsində 3, yerli icra hakimiyyəti orqanları ilə bağlı 4 şəxs barəsində 4, gömrük sahəsində isə 2 şəxs barəsində 1 cinayət işi başlanıb”.

K.Əliyev vəkillərlə bağlı “Azərsu” ASC üzrə təbiətin mühafizə sahəsi ilə bağlı da cinayət işlərinin başlandığını, istintaq aparıldığını deyib.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, korrupsiya səlahiyyətli dövlət qurumlarında daha çox olur:

“Amma özəl qurumlarda da korrupsiya elementi ola bilir. Çünki özəl sektorda da qanunsuz yolla əldə edilmiş  maliyyənin aşkarlanması mümkündür. Bu mənada Kamran Əliyevin dediklərinin yalnış olduğunu söyləmək olmaz. Ancaq prokurorluğun birinci funksiyası dövlət səlahiyyətini həyata keçirən qurumların içindəki bu tip elementləri aşkara çıxarmaqdır. Çünki dövlət qurumlarının səlahiyyəti çoxdur. Büdcəyə nəzarət edir, xərcləyir. Bu baxımdan dövlət məmurları səlahiyyətlərindən sui-istifadə imkanlarına malik olurlar”.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli güman edir ki, prokurora dövlət qurumlarına yönəlik korrupsiya faktlarını ortaya çıxartmaq çətindir, nəinki özəl sektorda:

“Məsələnin digər tərəfi odur ki, özəl sektorun böyük əksəriyyəti, əsasən monopoliya sektorları dövlət məmurlarının nəzarətindədir. Prokurorluq  onları üzə çıxara bilirsə bunun özü də səthidir, dərininə gedə bilmir”.

REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli korrupsiya anlayışı ilə özəl sektor anlayışının uyğun gəlmədiyini hesab edir. Deyir, özəl sektor korrupsiyada tenderlərin qalibi olmaq üçün rüşvət verməklə iştirak edə bilər:

“Əgər belə fakt olsa, özəl sektor korrupsiyanın bir iştirakçısı olur. Ümumiyyətlə, korrupsiyanın ikiyönlü iştirakçısı olur. Yalnız özəl sektorun iştirakçı olduğunu söyləmək doğru deyil. Çünki özəl sektor qaydalar çərçivəsində fəaliyyət göstərirsə, heç vaxt özündən oğurlamaz. Qiyməti qaldırması başqa kateqoriyadır və bu rəqabətlə tənzimlənir. Sadəcə, 14 yaxın dövlət orqanı özəl sektorun fəaliyyətini yoxlamaq imkanında olduğundan rüşvət anlayışına aidiyyatı ola bilər. Burda da özəl sektor korrusiyanın bir tərəfinə çevrilir. Ümumilikdə korrupsiya anlayışı dövlət büdcəsindən maliyyələşən qurumlardakı mənimsəmələrə aiddir. Bu baxımdan Kamran Əliyevin özəl sektoru önə çəkməsi doğru deyil”.

Natiq Cəfərli

Natiq Cəfərli əlavə edir ki, normal ölkələrdə özəl sektor iqtisadiyyatın bel sütunudur. Hansı ölkədə iqtisadiyyatın 50 faizdən çoxu kiçik və orta sahibkarlığın çiyninə düşürsə, həmin ölkə daha dinamik inkişafa nail olur:

“Azərbaycanda onsuz da özəl sektorun durumu yaxşı deyil. 2015-ci il devalvasiyasından sonra kifayət qədər böyük problemlərlə qarşılaşıb”.

Ana səhifəXəbərlər”Səlahiyyətli dövlət qurumlarında daha çox korrupsiya olur”