Qeysəriyyə əməliyyatı keçirən qadının vəfatına görə sakinlər aksiya keçirmək istəyiblər
Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən şəxs həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, martın 28-də Regional Perinatal Mərkəzində qeysəriyə əməliyyatı keçirən Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Türkan İlham qızı Məmmədova 3 gün sonra, martın 31-də vəfat edib.
Bununla bağlı Şəki Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib.Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Hüseynova şübhəli şəxs qismində tutulub.
Baş vermis hadisə ilə bağlı Şəki şəhər sakinləri etiraz aksiyası keçirməyi planlaşdırmışdılar.
Türkan Məmmədovanın qohumları, yaxınları və dostları, eləcə də bu hadisəyə etirazını bildirmək istəyən Şəki sakinləri həmin gün saat 4-5 radələrində Şəki Regional Perinatal Mərkəzin qarşısına yığılaraq etiraz etmək istəyiblər. Bu barədə Meydan TV-yə Şəki sakinləri məlumat verib. Bildiriblər ki, polis aksiyaya müdaxilə edərək insanları ərazidən uzaqlaşdırıb:
“Aksiya təşkilatçılarından olan Xəyal Cabiroğlunu polis aksiyaya çağırış etdiyinə görə
saxlayıb.
Türkan Məmmədova həkim səhlənkarlığından vəfat edib. Aksiyanı isə biz, Şəkidə yaşayan qadınlar keçirmək istəyirdik. Bu, hamımızın başına gələ biləcək bir olaydır. Elə yenicə yığışmışdıq ki, əraziyə 100 nəfərdən çox polis gətirildi ki, onların da əksəriyyəti mülki geyimlilər idi. Onlar bizə yaxınlaşaraq, ərazini tərk etməmizi istədilər. Hətta saxlananlar oldu. Onlardan izahat alıb sərbəst buraxdılar”.
Son açıqlanan “Avropada qadınların cinsi və reproduktiv sağlamlığı və hüquqları – 2017” adlı hesabatda bildirilir ki, Avropada ən yüksək ana ölümü göstəriciləri Cənubi
Qafqazdadır
. Buna başlıca səbəb kimi qadınlara qarşı gender stereotiplərinin və bərabərsizliyin hələ də davam etməsi göstərilib.
Sənəddə qeyd olunur ki, bəzi Avropa ölkələrində, xüsusilə də Albaniya, Ermənistan, Azərbaycan və Bosniya Herseqovinada qadınların müasir kontraseptiv vasitələrdən istifadəsi reytinqi bütün dünyada ən aşağı göstəricilər sayılır: “2000 və 2015-ci illər arasında Avropada ana ölümü halları kəskin azalaraq hər 100 min doğuşda 33 ölümdən 16 ölümə enib. Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Ukrayna və Rusiya Federasiyasında ana ölümü hallarının yüksək faizi dəyişməz olaraq qalır”.