Pulsuz dərmanların verilmə vaxtı çatanda, bu növbələr dövlət poliklinikalarında yaranır
“Rayon əhalisinin yarısından çoxu şəkər xəstəsidir. Pulsuz dərman və şəkərölçən testlərin verilməsi vaxtı çatanda rayon poliklinikasının dəhlizlərindəki növbələr həyətə qədər uzanır”.
İmişlidə diabetli şəkər xəstələrinin əziyyətindən Meydan TV-yə danışan həmin rayonun sakini Fikrət Həsənovdur. Onun sözlərinə görə, yaxın qohumuna pulsuz verilməli olan şəkərölçən testini götürmək üçün rayon poliklinikasına yaxınlaşanda gördüklərindən dəhşətə gəlib. Deyir, “möhür düz vurulmayıb”, “get aparatı gətir”, “adın siyahıda çıxmadı” kimi bəhanələrə tuş gələn xəstələr poliklinikanı əliboş tərk etməli olur:
“Dayım Bakıda “Semaşko”da (1 saylı Şəhər Klinik Xəstəxanası bu cür tanınır. Əvvəllər xəstəxana SSRİ səhiyyə sisteminin qurucularından olan Nikolay Semaşkonun adını daşıyıb – red.) yatır. Ona pulsuz verilməli olan testi götürmək üçün poliklinikaya gedəndə orada xəstələrin necə incidildiyini, narazı salındığını gördüm. Xəstələrin hərəsini bir bəhanə ilə əliboş geri qaytarırlar. Heç mənə də testi vermək istəmirdilər. Xəstələrə bəhanə gətirirlər ki, get, şəkərölçənini gətir, görək həqiqətən səndə bu aparat var, ondan sonra test verək. Adam anlamır, bu, nə yanaşmadır? Bu, nə işgəncədir? Əgər bu xəstənin adı siyahıda varsa, bir də əşyayi-dəlil kimi yanında özü ilə niyə aparatı daşımalıdır? Mən səs-küy salandan, ora-bura zəng vurandan sonra çağırıb testi verdilər. Ancaq elə xəstələr var ki, əliboş qayıtdı”.
Rayon sakini Zemfira Verdiyeva isə poliklinikanın vəziyyətindən narazılıq edir:
“Ora şəfa üçün gedən xəstəlik tapıb qayıdar… Sovet vaxtının binasıdır, o vaxtdan divarına heç rəng də çəkilməyib. Qapıdan girəndə adamı rütubət iyi vurur, dəhlizdə siçovullar qaçır. Bir sözlə, iyrənclikdir. Bu şəraitdə xəstələr növbədə saatlarla gözləməli olurlar, olan-qalan sağlamlıqlarını, əsəblərini də orada itirirlər”.
Eyni durum paytaxtda da mövcuddur. Nizami rayonundakı 32 saylı Birləşmiş Şəhər Xəstəxanasında şəkər xəstəsi kimi qeydiyyatda olan Elmira Cavadova noyabrın 11-də poliklinikaya yaxınlaşıb ki, pulsuz dərman və şpris reseptini alsın. Ancaq ona yalnız dərmanlara görə resept verilib:
“Keçən ay da şpris verilmədi. Həkim bilərəkdən dərmana aid reseptə möhür vurmuşdu, şprisə görə yox… Aptekçi də yalnız dərmanı verdi, dedi, get, şprisə görə reseptə də möhür vurdur. Aptek 8-ci kilometrdə, poliklinika Keşlədə… Təbii ki, mən 300-350 şəkərlə Keşləyə gəlib, həkimə möhür vurdurub geri qayıdası deyildim. Ona görə də ötən ay şpris hökumətdə qaldı. Bu ay da həkim resept vermədi ki, şpris yoxdur”.
Elmira xanım deyir, hər dəfə belə vəziyyətlə qarşılaşanda, əsəbləri gərilir:
“Biz onsuz da siniri pozuq xəstələrik. Həkim deyir, şpris yoxdur. Niyə yoxdur, səbəb nədir, nə zaman olacaq? Deyir, bilmirəm. Bu “bilmirəm” kəlməsi xəstəni daha da sinirləndirir. Gərək səs-küy salasan ki, səni “yola versinlər””.
Nə İmişli rayon səhiyyə şöbəsindən, nə də 32 saylı şəhər klinik xəstəxanasından şikayətçilərin dediklərinə aydınlıq gətirilməyib. Səhiyyə Nazirliyindən isə bildirilib ki, pulsuz dərmanların və şəkərölçən testlərin verilməsində problem yoxdur:
“Belə şikayətlər varsa, rəsmi şəkildə nazirliyə müraciət olunsun, araşdırılsın”.
32 saylı şəhər klinik xəstəxanasında qeydiyyatda olan şəkər xəstələri reseptlə pulsuz dərmanlarını 8-ci kilometr qəsəbəsindəki 18 saylı şəhər poliklinikasının balansındakı aptekdən alırlar. Həmin aptekdən Meydan TV-nin müxbirinə bildirilib ki, pulsuz dərmanlar, şprislər və şəkərölçən testlərin verilməsində problem yoxdur:
“Heç bir qıtlıq yoxdur. Gecikmələr də yoxdur. Xəstələr gəlib şprislərini, dərmanlarını ala bilərlər”.
Respublika Endokrinoloji Mərkəzdən Meydan TV-yə bildirilib ki, bu il ölkədə rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ötən illə müqayisədə 12 faiz artıb.
Bu ilin ilk 8 ayı üzrə olan statistikaya əsasən, Azərbaycanda 241 323 şəkərli diabet xəstəsi var. Bunlardan 29 830 nəfəri I tip, 211 493 nəfəri II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı isə 1543-dür.
Yaşadıqları ərazi üzrə poliklinikalarda qeydiyyatda olan şəkərli diabet xəstələrinə dövlət tərəfindən şəkərölçən cihaz, şəkərölçən test, şpris, təlimatlar və həkimin təyin etdiyi dərmanlar pulsuz verilməlidir. Xəstələrin bir çoxu iddia edir ki, əsasən şəkərölçən testlər və təlimatlar onlara verilmir. Rəsmi səhiyyə qurumları isə deyilənləri inkar edir.