Şəkərli diabet xəstəsinin bukleti

Rövşən Ağayev: “”Ümumi məbləğlər açıqlanır, amma xərclərin dəqiq strukturu verilmir”

Source:

Rövşən Ağayev: “”Ümumi məbləğlər açıqlanır, amma xərclərin dəqiq strukturu verilmir”

“Beş ildir ki, poliklinikada qeydiyyatdayam. İndiyə qədər heç bir maarifləndirici vəsait almamışam. Oğlum isə 13 ildir qeydiyyatdadır. Oğluma təzə başlayanda buklet vermişdilər, izah elədilər ki, yeməyi necə yeməlisən və sairə. O da çoxdan olub, təzə başlayanda. Ondan sonra heç nə görməmişik. Oğlumun 26, mənim isə 50 yaşım var. Diabet Məktəbi haqda, ümumiyyətlə, məlumatım yoxdur”, – Bakı şəhər sakini Cəmilə Məmmədli belə deyir.

C.Məmmədli diabetlilərin poliklinikadakı dərman növbəsində bir-birilə öz təcrübələrini bölüşdüyünü, onun əsasında hansısa addımlar atdığını deyir.

Azərbaycanda “Şəkərli Diabet Xəstələrilə bağlı 2010-2015-ci illər üzrə Dövlət Proqramı”nın tədbirlər planında xəstəliyin profilaktikasına 13 milyon 723 min manat civarında vəsait ayrılıb. Bu vəsaitin 12 milyon 750 min manatı “Mobil diabet xidməti” vasitəsilə regionlarda skrininq (üçlü tezt, kompleks müayinə) işinin təşkilinə yönəldilib. Diabet məktəbləri şəbəkəsinin yaradılması və təchizatına 30 min manat, təlimlərin keçirilməsinə isə 24 min 300 manat vəsait ayrılıb. Eyni zamanda profilaktika işlərinin gücləndirilməsi məqsədilə erkən nefropatiyanın aşkarlanması üçün xəstələrdə ildə 2 dəfə mikroalbumunuriya müayinəsinin aparılmasına 910 min manat vəsait nəzərdə tutulub. Bu vəsaitlərin necə xərclənməsi haqda məlumat yoxdu.

Səhiyyə Nazirliyi üçün maarifləndirici vəsaitlərin çapını İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) həyata keçirir. Mərkəzin çap etdiyi buklet və ayaqlara qulluqla bağlı vərəqədi. O da Bakı şəhərində qurumun həyata keçirdiyi tədbirlər, ya da məktəblərdə baş tutan müxtəlif görüşlər zamanı paylanır:

“Standart belə bir üsul yoxdur ki, biz bunu hər il hamıya göndərək. Birincisi, bunun üçün vaxt yoxdur, ikincisi isə maddi tərəfi var. O qədəri çatdırmaq mümkün deyil. Deyək ki, 9 milyon adam var. O qədər çap edək?” – İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə meydan tv-yə deyir.

Ölkədə diabetli xəstələrin sayı artır. Bu ilin 8 ayının yekunlarına dair məlumatda deyilir ki, Azərbaycanda 241 323 şəkərli diabet xəstəsi qeydiyyatdadı. “Report”un məlumatına görə, bu haqda Respublika Endokrinoloji Mərkəzinin həkimi Nərmin İsmayılova

danışıb

.

O bildirib ki, ölkə üzrə 29 830 nəfər I tip, 211 493 nəfər II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir: “Azərbaycanda şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı 1543 nəfərdir. Onların 1522-si I tip, 21-i II tip şəkərli diabet xəstəsidir. Xəstələrin 73 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır. Onların 556-sı uşaqdır”.

Özü ilə yanaşı xəstəliklər gətirən diabet xəstəliyində maarifləndirmə qaçılmazdır. Bunu Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova mətbuata

bildirib

:

“Diabet eyni zamanda əlilliyə gətirən əsas xəstəliklərdən biridir, həm də ürək-damar probleminə, gözlərin tutulmasına səbəb olur”.

Səbinə Babazadə deyir ki, şəkərli diabet qeyri-infeksion xəstəlikdir:

“Bizim prezident tərəfindən qeyri-infeskion xəstəliklərin strategiyası imzalanıb. Həmin strategiyada çox önəmli bir hissə şəkərli diabet xəstəliyinə verilib. Biz də onun icrası ilə ilboyu məşğuluq. Həkimləri maarifləndirmək, insanları maarifləndirmək lazımdır, televiziyalarda verilişlər olanda ordan edirik, tələbələr üçün də maarifləndirmə işləri aparırıq”.

S.Babazadə deyir ki, bu qədər kütləni əhatə etmək çətindir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 2011-ci ildə həyata keçirdiyi müsabiqələrə baxaq. Proqramın icrası zamanı 46 min 700 manat vəsait – şəkərli diabet xəstələri üçün Tədbirlər Planına əsasən, A6 formatda insulinin inyeksiya texnikası haqqında çoxsahəli broşuranın və A2 rəngli formatda hipohlikemiya bukletinin işlənib hazırlanması; dizayn, redaktə, nəşr edilməsi və müvafiq olaraq 1 000 000 və 3 500 nüsxənin çap edilməsi işlərinin satın alınmasına ayrılıb. Elə həmin il Diabet Məktəblərinin təşkili layihəsi çərçivəsində təlimçilər üçün təlim paketinin çap edilib, kitabça formasına salınması ilə əlaqədar təlim paketi, tibb işçiləri, 1-ci növ diabetlilər, insulindən asılı olan və olmayanlar üçün kitabçaların, çörək vahidləri cədvəllərinin, gündəlik nəzarət bloknotlarının satın alınmasına 19 min 962 manat nəzərdə tutulub. Eləcə də Diabet Məktəbləri üçün 20 nəfərdən ibarət 10 günlük treninqlərin keçirilməsi zamanı iki gün ərzində iki kofe-çay fasiləsi, bir dəfə nahar fasiləsinin təşkili və fasilitator xidmətlərinin satın alınmasına 4 min 570 manat ayrılıb. Diabet məktəbi üçün kompüter avadanlıqlarının satın alınması müsabiqədə 2 735 manat olub.

2012-ci il üçün isə tender sənədində hansısa məlumata rast gəlmədik.

2013-cü il tender sənədinə görə İSİM-ə Bakı şəhərinin müxtəlif məktəblərində maarifləndirici mühazirələrin təşkili və televiziya və radio verilişlərində bu mövzularda müxtəlif ekspertlərin çıxışlarının təşkili xidmətlərinin satın alınmasına 9 070 manatlıq xidmət lazım olub. Diabet mövzusuna dair kitabçaların çap işlərinin satın alınmasına 7 min 980 manat ayrılıb.

2014-cü il üçün tender sənədində İSİM müxtəlif Dövlət Proqramlarının həyata keçirilməsi zamanı üzərində tədbirin adı və loqo olan 1000 ədəd kağız çanta, 3000 ədəd bloknot , 3000 ədəd qələm, 25 noyabr yazısı ilə 3000 ədəd təqvim, 3000 ədəd stikerin satın alınmasına 16 min 170 manatlıq xidmət tələb olunub. Bundan başqa, çap işlərinin satın alınmasına 33 min 895 manat, maarifləndirmə tədbirlərinin keçirilməsi işlərinin satın alınmasına 14 min 815 manat, maarifləndirici mühazirələrin təşkili işlərinin satın alınmasına 14 min 960 manat, müxtəlif mövzular üzrə bukletlərin çap işlərinin satın alınmasına 37 min 450 manatlıq müsabiqələr udulub . (print screen)

2015-ci ildə isə Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı əsasında Sağlam Təhsil Proqramı – məktəblilər arasında həyat tərzi ilə bağlı xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin dəstəklənməsi üçün həyatboyu faydalı vərdişlərin aşılanması maarifləndirici tədbirlərin təşkili xidmətlərinin satın alınması 26 min 521 manat, müxtəlif dövlət proqramları çərçivəsində aidiyyəti maarifləndirici buklet, flayer və kitabçaların nəşrinin satın alınmasına 33 min 955 manat nəzərdə tutulub.

Dövlət proqramlarının hesabatlarına gəlincə, konkret adıkeçən sənəddən danışsaq, Səhiyyə Nazirliyi tərəfindən görülən işlərin sonuncu

hesabatı

2014-cü illə bağlıdır. Orda isə söhbət vəsaitlərdən yox – harda, neçə ədəd və ya nə qədər müəssisə açılıb, neçə faiz xəstə ölüb, ya da ölüm faizi azalıb – bunlardan gedir.

2013-cü ildə “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın maliyyə təminatına 33,7 mln. manat vəsait ayrılıb. Bu məlumat Maliyyə Nazirliyinin rəsmi internet səhifəsindən

götürülüb

. Səhifədə olan dövlət büdcəsinin icrasına dair yeganə hesabat məhz 2013-cü ili əhatə edirdi. Mətbuatda gedən açıqlamalardan birində isə 2015-ci ildə bu xəstələrin müalicəsi üçün 30 milyon, 2016-ci ildə isə 40,1 milyon manat vəsait ayrıldığı deyilir. 2017-ci il diabetli xəstələr üçün olan dövlət proqramına 36 milyon 80 min manat: bunun 36 milyon manatı dərman və sarğı ləvazimatlarına, 80 min manat isə bank xərclərinə ayrılıb.

Rövşən Ağayev

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, şəkərli diabet, eləcə də başqa xəstəliklər üzrə dövlət proqramlarında şəffaflıq yoxdu:

“Ümumi məbləğlər açıqlanır, amma xərclərin dəqiq strukturu proqramdakı nəzərdə tutulan tədbirlər üzrə açıqlanmır. Təcrübədə belədir ki, büdcənin xərcləri proqramdakı bəndlər üzrə ayrıca göstərilməlidir. Tədbirlər planına baxanda isə hər bir fəaliyyət istiqaməti üzrə o rəqəmlər görünməlidir. Həm təsdiq olunan, həm də icra olunmuş büdcədə sonrakı illərdə hər bir maddə üzrə hesabat verilməlidir”.

Keşlə qəsəbəsində yaşayan Elmira Cavadova 10 ilə yaxındır poliklinikada qeydiyyatda olduğunu söylədi:

“Mən bu illər ərzində maarifləndirici heç bir vəsait əldə etməmişəm. Oğlum da 3 ilə yaxındı qeydiyyatdadır. Onun da nə isə aldığını görmədim. Maarifləndirici vəsait olsa xəstəliyimiz haqda daha geniş məlumatımız olar. Biz ancaq dərman və insulin (aktrapid) alırıq. Mən bütün analiz və tibbi müayinələrdən özüm keçirəm. Heç vaxt poliklinika məni harasa yönləndirməyib, pulsuz müayinələrdən də xəbərim yoxdur”.

Yeri gəlmişkən, strukturu açqılanmayan şəkərli diabetlə bağlı dövlət proqramında həmin vətəndaşların sanator-kurort müalicəsi də nəzərdə tutulub.

Azərbaycanda şəkərli diabet xəstələri üzrə birinci Dövlət Proqramı 2006-2010-cu illəri əhatə edir. Proqrama ayrılan ümumi vəsait yox, illər üzrə məbləğləri qruplaşdırsaq – 2006-cı ildəki məbləğ mətbuatda

səsləndirilib

. 6 milyon, Milli Məclisin (MM) steonoqramda 2007-ci ildə 12, 2008-ci ili MM-in steonoqramında tapmasaq da mətbuatda 13,8, MM-in

steonoqramına

görə 2009-cu il 8 milyon, 2010-cu ildə isə 19,8 milyon manat vəsait ayrılıb.

İkinci dövlət proqramı isə 2011-2015-ci illəri əhatə edir. İllər üzrə ayrılan vəsaitə Milli Məclisin

steonoqramlarında

rast gəlmək olar. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın ma­liyyə­ləşdirilməsinə 12,2 milyon manat vəsait ayrıldığı deyilir. Bu rəqəm 2006-2010-cu il proqramında da eynilə

səsləndirilir

– 12 milyon manat. Fərq ondadır ki, bu vəsaitlər ümumi proqrama ayrılan məbləğ yox, proqram çərçivəsində həmin il üçün nəzərdə tutulan pulun həcmidir. 2012-ci ilin 14 noyabr steonoqramına görə həmin dövr üçün proqrama 12,2 milyon, 2013-cü ildə isə 33,7 milyon manat vəsait

ayrılıb

. Bu rəqəm 2013-cü ilin 13 noyabr steonoqramında 34 milyon manat olaraq

səsləndirilir

. 2015-ci ildə isə rəqəmin millət vəkilləri tərəfindən 33 milyon manat olduğu, 2016-cı il üçün isə 40,1 milyon manat olması proqnozlaşdırılır. 2014-çü ilin proqram büdcəsindən

danışılmır

.

Yuxarıda oxuculara təqdim etdiyimiz rəqəmlərinə nə qədər doğru və yanlış olduğunu yoxlamaq isə mümkün olmadı. Çünki ayrı-ayrı tədbirlər üzrə ayrılan vəsaitlərin məbləği açıqlanmır.

Ana səhifəAnalitikaŞəkərli diabet xəstəsinin bukleti