”Səhiyyə üzrə rezidenturaya plan yerini artırmaq qərarından fayda olmayacaq”

Vasif İsmayıl: ”Rezidentlər daha çox hərbi xidmətdən möhlət hüququ kimi istifadə edirlər”

Source:


Vasif İsmayıl: ”Rezidentlər daha çox hərbi xidmətdən möhlət hüququ kimi istifadə edirlər”


Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 2018-2019-cu tədris ilində rezidenturaya dövlət sifarişi əsasında qəbul üzrə 332 plan yeri təsdiq edilib.

Eyni zamanda, Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Nazirlər Kabineti tərəfindən Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qəbul planlarına 139 plan yerinin əlavə edilməsi barədə qərar qəbul edilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rezidenturada təhsil almaq istəyənlərin müraciətlərini, eləcə də klinik bazaların imkanlarını nəzərə almaqla əlavə edilmiş plan yerlərindən 39-u dövlət sifarişi əsasında, 100-ü ödənişli əsaslarla təhsil üzrədir. Beləliklə, rezidenturaya qəbul üzrə plan yerlərinin sayı cəmi 471-ə çatdırılıb.

Ödənişli plan yerləri Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq müəyyən edilib.

Həmin Qaydaların 1.5-ci bəndinə əsasən ölkə vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. İllik təhsil haqqı Nazirlər Kabinetinin 27 avqust 2018-ci il tarixli 596s nömrəli sərəncamına uyğun olaraq 4 min manat məbləğində müəyyən edilib.

Klinik baza ilə razılaşdırılmış qaydada təhsil haqqı rezidentlər tərəfindən klinik bazanın hesabına köçürüləcək. Eyni zamanda Qaydaların 5.8-ci bəndinə əsasən rezidenturada təhsil dövründə rezidentlərə ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.

Qeyd olunub ki, rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətinin 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirilməsi barədə Qaydalarda müəyyən edilmiş müddəa dövlət sifarişi əsasında rezidentura təhsili alanlara şamil olunur.

Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalar”nın 5.8-ci bəndinə əsasən dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış təhsil alan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda həmin təhsilalan üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsil alana təklif olunur.

Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl hökumətin rezidentura barədə qərarını mənfi qiymətləndirib.

Bu barədə Meydan TV-yə danışan Vasif İsmayıl deyib ki, hökumət qərarından fayda almayacaq, əksinə, ciddi ziyana düşəcək. O, hesab edir ki, onsuz rezidenturada rezidentlərə heç nə öyrətmək istəmirlər, onlardan yalnız istifadə edirlər. O deyib ki, sistemin tam oturmaması və inamsızlıq rezidentlərin marağının olmamasına səbəb olur. Daha çox hərbi xidmətdən möhlət hüququ kimi istifadə edirlər:

“Təsəvvür edirsiniz, işlədiyim klinikadakı rezidentləırin yarısı işə gəlmir, biz onları işə gətirmək üçün çox çalışırıq. Bircə o qalır ki, əlavə pul verək ki, işə gəlsinlər. Belə olan təqdirdə onlar ildə 4 min manat verib rezidenturada oturmayacaqlar”.

Vasif İsmayıl
Vasif İsmayıl

Vasif İsmayılın sözlərinə görə, rezidentura sistemi Azərbaycanda oturuşmayacaqsa, təbabət xarici ölkələrdən asılı olacaq. Doktor hesab edir ki, onsuz Azərbaycanda qalan rezidentlər imkanı olmayanlardır, imkanı olanlar xaricə gedib öyrənirlər. Rezidentura təhsili verilən yerlərin 95 faizində rezidentə heç nə öyrədilmir, özləri də bilir:

“Mənim yanıma ginekologiyadan neçə rezident gəlib ki, ölkədən şıxıb getmək istəyirlər, çünki heç nə öyrətmirlər”.

Vasif İsmayıl hesab edir ki, hökumət təhsil, rezident sistemini ədalətli və şəffaf şəkildə reformaya aparmalıdır. Rezidentlərin obyektiv problemləri həll olunmalıdır. Birinci, rezidentlər getdikləri yerlərdə təhsil ala bilmirlər, öyrətmirlər. İkinci, rezidentura strukturu formalaşdırılmayıb, kimin ağlına nə gəldi edir. Üçüncü, rezidentlərin maddi problem həllini tapmalıdır. Onsuz da onlar qəpik-quruşa işləyirlər:

“Bu adamlar səhərdən axşama qədər işləyirlər, 130 manat maaşla. Bu maaşla 24-25 yaşlı adam nə edə bilər?! Belə olan təqdirdə heç kim ildə 4 min manat verib rezidenturaya getməz. Onlar 18 yaşında deyillər, rezident artıq 25-29 yaşında kişidir, bu adamlar evlınmək yaşındadırlar, necə 4 min manat verəcək?”.

Ana səhifəXəbərlər”Səhiyyə üzrə rezidenturaya plan yerini artırmaq qərarından fayda olmayacaq”