“Pharmex Healthcare Products LTD” Britaniya şirkəti Səhiyyə Nazirliyi ilə 29,9 mln manat məbləğində 18 müqavilə bağlayıb
Səhiyyə Nazirliyi müxtəlif dövlət proqramlarının həyata keçirilməsi üçün dərman, vaksin və preparatlar, diaqnostika, dezinfeksiya vasitələrinin alınmasını tender yolu ilə beş şirkət arasında bölüb. Satınalmanın qiyməti 88 mln 142,7 min manatdır.
Satınalmalar üzrə dövlət reyestrinin məlumatına görə, Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzinin əsas tədarükçüləri olan «AvroMed Company» və «Osteosintez-Bakı ETİB»dir. Onlarla 32,6 mln və 3 mln 570 min manat məbləğində müqavilə imzalanıb.
“Pharmex Healthcare Products LTD” Britaniya şirkəti Səhiyyə Nazirliyi ilə 29,9 mln manat məbləğində 18 müqavilə bağlayıb. Qalan vəsait (13 mln 112 min manat) xroniki böyrək çatışmazlığı üzrə dərman və tibbi təyinatlı vasitələrin satın alınması üçün “FRESENİUS GENERAL TRADİNG LLC” (qeydiyyat ölkəsi bilinmir – red) şirkətinə verilib.
Bu ildən dərman və tibb avadanlığı mərkəzləşdirilmiş qaydada alınır: əvvəlki illərdə rayon və şəhər səhiyyə idarələri bunun üçün vəsait alırdı. 2015-ci ildə bu məqsədlə 209,3 mln manat xərclənəcək. Bu, 2014-cü ildəkindən 32,4 mln manat və ya 18,3 faiz çoxdur. Buraya başqa strukturlarla yanaşı Onkoloji Mərkəzə ayrılan vəsait də daxildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il (tədarükçü “AzeriMed” MMC) 25 656 min manatlıq tibb ləvazimatı, dərman və sarğı materialları alıb. Onkoloji Mərkəzə dövlət büdcəsindən 42 mln ayırmaq nəzərdə tutulub (Turan İA).