Məhkəmədə iddianın icraata götürülməsi barədə qərar qəbul edilib
Səhiyyə naziri Oqtay Şirəliyevin xəstəxanalarda rüşvət və korrupsiyadan şikayətlənən jurnalist Teymur Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia icraata götürülməyib. İyunun 14-də Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə bu barədə qərar qəbul olunub.
Məhkəmədə məlumat verilib ki, O.Şirəliyev iddia ərizəsini geri götürüb. Bu əsasla da iddianın icraata götürülməsindən imtina barədə qərar qəbul edilir.
O.Şirəliyev jurnalistin Cinayət Məcəlləsinin 147.2 və 148-ci (böhtan və təhqir) maddələrilə cəzalandırılmasını istəyirdi. İddia ərizəsində xahiş edirdi ki, T.Kərimova bu maddələrdəki cəzanın yuxarı həddi verilsin. Maksimum cəza isə 3 il azadlıqdan məhrumetmədir.
Nazirdən əvvəl Səhiyyə Nazirliyinin adından məhkəmədə jurnalistə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılmışdı. Həmin iddiada jurnalistin Cinayət Məcəlləsinin 147.2 maddəsilə cəzalandırılması istənilirdi. Lakin məhkəmə T.Kərimovun vəkillərinin vəsatəti əsasında iddianı icraata götürməkdən imtina etdi. Vəkillər bildirmişdilər ki, Səhiyyə Nazirliyi hüquqi şəxsdir. Hüquqi şəxs isə xüsusi ittihamçı qismində tanına bilməz.
Mayın 18-də Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirən jurnalist bildirib ki, dövlət xəstəxanasında anasının müalicəsi üçün ondan tələb olunan rüşvəti verməli olub. Amma artıq dərmanları almağa pulu yoxdur. Ona görə də nazirliyin qarşısında soyunaraq, paltarlarını satışa çıxarır.