Şəhid ölər, adı qalmaz…


Atəşkəs dövründə həlak olan əsgərlərin yaxınlarının böyük əksəriyyətini bir çox məqamlar narahat edir – ölüm hallarının şəffaf araşdırılmaması, cəzasızlıq, şəhidlik statusunun, müavinətlərin alınmasındakı əngəllər, süründürməçiliklər və sair…

“Bu necə olur, Mili Məclisin yanı, şəhərin ortasında hərbi hissədə belə hallar baş verir. Gecə ilə oğlumun meyitini hörmətsizcəsinə gətirdilər mənim üstümə. Heç ağzını da bağlamamışdılar. Öz əlimlə yumuşam balamı”-deyən Gülşən Aslanova, 2012-ci ildə hərbi hissədə qulluq edərkən həlak olan Elfaq Əliyevin anasıdır. O, oğlunun müəmmalı ölüm səbəbinin bu günə kimi açılmamsından və ona şəhid statusunun verilməməsindən narazılıq edir:

“Dedilər uşağınız özünü asıb. Cibindən məktub çıxardılar. Orda da yazılmışdı ki, “ay ana mən söz vermişdim, kişi kimi qulluq edecəm. Amma burda mənə imkan vermədilər”. Bizim öz ermənilərimiz, içimizdə olan ermənilər balamın başını belə yedilər”.

Övladlarının hərbidə müəmmalı şəkildə öldüyünü deyən digər bir əsgər valideyni Coşqun Hacıyev də bildirir ki, bugünə kimi nə cinayətin üstü açılıb, nə də aidiyyatı qurumlar onlarla maraqlanıb.

“Oğlum Kamran gəlməyinə bir ay qalmışdı. 2012-ci ildə “karavulda” olarkən qətlə yetirilib. Hərbi Prokurorluq tərəfindən işə düzgün baxılmır. Karaul komandiri mənim oğlumu posta aparır, sonra qətl olur. Onun günahı ucbatından oğlum həyatda yoxdu. Həmin zabit də bugünə kimi cəzalandırılmayıb, xidmətini davam etdirir”.

Məhbubə Mirzəyevanın oğlu Toğrul isə 1999-cu ildə həlak olub və o hələ də övladının adını əbədiləşdirmək üçün şəhid statusu ala bilmir:

“14 ildir çalışıram, hər dəfə də eyni sözü deyirlər ki, erməni gülləsi dəyməyib, ona görə şəhid deyil. Mənə kağız gəldi ki, Toğrul xidməti vəzifəsini həyata keçirərkən həlak olub. Niyə hər yerə pul xərcləyə bilirlər, bir şəhid anasının ürəyinə “su səpərək” övladına şəhid adı vermirlər. Bu o qədərmi çətindir?”.

“Atəşkəs Qurbanları” İctimai Birliyinin sədri Bəyalı Əzizov deyir ki, Azərbaycanda şəhidlərin və ailələrinin sayı ilə bağlı dəqiq məlumat yoxdur. 1988-ci ildən bu günə kimi bu say təxminən 16-17 min nəfər civarında olub. Bu dövürdə itkin düşən təxminən 3-4 min nəfər isə sonradan məhkəmələrin qərarı ilə bu şəhid adı ala biliblər. Ümumilikdə isə Azərbaycanda təxminən 21 min nəfər şəhid olduğu bildirilir. Bəyalı Əzizov hesab edir ki, son dövrlər Azərbaycanda hərbi hissələrdə həlak olanlara da bu status verilərsə, o zaman bu say 23 minə çatacaq. Onun sözlərinə görə, bu əsgərlər hərbidə həlak olublarsa, qanunla onlara şəhidlik statusu verilməlidir:

“Bununla bağlı Nazirlər Kabinetinin 1993-cü ilin sentyabrında qərarı var. 2008-ci ildə Konsitusiya Məhkəməsi həmin qərarı nəzərdən keçirib. 2009-cu ildə yenidən NK-nə təqdim ediblər. Həmin qərar yenə də öz qüvəsində qalır. Burada bildirilir ki, şəhid, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəxsdir. Orda səbəblər göstərilmir ki, bu erməni gülləsindən öldü, ya qeyri-səbəbdən. Bunlar qanunda yazılıbsa, niyə şəhidlik verilməsin?”.

“Ehtiyyatda olan zabitlər” İB-nin sədri Telman Əbilov şəhidlik statusunun verilməsində yaranan çətinlikləri həmin ailələrə veriləcək maddi vəsaitlə bağlayır. Onun sözlərinə görə, hazırda belə ailələrə 200 manat müavinət verilsə də, bu, respublikada orta aylıq əmək haqqı qədər də etmir:

“Əgər əsgər şəhid olmasaydı, o ailənin müəyyən tələbatını ödəmək üçün hardasa işləyərdi. Azərbaycanda orta aylııq əmək haqqı 400 manatdır. O ailəyə bu qədər pul gətirərdisə, nə üçün şəhid ailələrinə verilən pul orta aylıq gəlir qədər olmasın? Atəşkəs dövründə həlak olanların cəmi 5-10 fazinə şəhid statusu verilib, hansı ki, guya onlara erməni gülləsi dəyib, minaya düşüb. Qalanlarına vermirlər. Onların həlak olması deyirlər döyüşlə bağlı deyil. Lakin məlum olduğu kimi cəbhə bölgəsində onlar döyüş əmri yerinə yetirirlər. Dövlət tərəfindən isə bildirilir ki, bunlara verilən imtiyazları çatdırmaq olmur. Buna görə də vəzifəli şəxslər bunların sayının çoxalmasında maraqlı deyillər”.

Hərbi ekspert Cəsur Sümərinli şəhdlik statusunun verilmə mexanizmində bir anormallığın olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanda hər bir əsgərin ölümü ilə bağlı hərbi hissələrdə məlumatlar var. Buna görə də onlara bu statusun verilib verilməməsi ilə bağlı ailələrdən müraciət gözlənilməməlidir:

“Mən hesab edirəm ki, hərbidə həlak olan əsgərlərə şəhid statusu verilməlidir. Əsgər hərbidə olarkən hadisə baş veribsə, demək vətənə xidmət edərkən dünyasını dəyişib. Bu baxımdan ona şəhid statusunun verilməsi vacibdir. Bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsi də önəmlidir. Türkiyədə hərbi qulluqçu avtomobil qəzasında dünyasını dəyişərsə, baxmırlar ki, bu mülki, ya hərbi avtomobildir. Ona şəhid statusu verirlər”.

Hərbi-ekspert hərbidə intihar edən əsgərlərə də bu statusun verilməsinin vacibliyini vurğulayır və bildirir ki, bu halların olması da məhs hərbidə olan təzyiq və çətinliklərdən yaranır. Əsgər Elfaq Əliyevin müəmmalı ölümünün səbəblərinin düzgün araşdırılması üçün müxtəlif qurumların qapılarında süründürülən Gülşən ana övladına şəhid adı almaq üçün eyni zillətləri yaşamalı olduğunu deyir:

“Görəcəm gücüm çatmır, axırda hərbi hissənin qarşısında özümü yandıracam”.

P.S. Materialda Müdafiə Nazirliyi ilə bağlı yaranan sualları qurumun mətbuat xidmətinə ünvanladıq. Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı suallarımızı yazılı şəkildə Nazirliyin elektron poçtuna göndərməyi vacib saydı. Biz sorğumuzu göndərmişik, caba alan kimi materiala əlavə olunacaq.

Ana səhifəVideoŞəhid ölər, adı qalmaz…