Şəhid bacısı ona hörmət qoyulmadığını deyir

“Prezident Bərdəyə gələndə, polislər camaatı döyə-döyə həyətə saldırlar ki, onu görməyək”

Source:


“Prezident Bərdəyə gələndə, polislər camaatı döyə-döyə həyətə saldırlar ki, onu görməyək”

Bərdə rayon sakini Sahibə Cəfərova qonşuluğunda fəaliyyət göstərən soyuducu sexinin sahibindən şikayətçidir. Qadın bildirir ki, sexin ərazisinin 2,5 sotu əslində, onların olub. Lakin sexin sahibi Nazim Səfixanov onlara məxsus ərazini zəbt edib. İndi isə yoldaşı Xaliq Cəfərova müxtəlif böhtanlar atır: “Bu ərazi bizimdir. Başımıza oyun açır bu adam. Soyuducu sexinin səsindən yaşaya bilmirik. Bu adam nalayiq söyüşlər söyür. Sex evimizə bitişikdir. Eyibdir axı. Evimdə qız uşaqları var. Üstəlik, bu adam yoldaşıma böhtan atır. Bir dəfə tutdurmuşdu onu. Bilmirəm hara gedim, dərdimi kimə deyim?”

Aprelin 2-si Kəlbəcər rayonunun işğalından 22 il ötür. Qardaşı Fazil Nəcəfovu Kəlbəcər döyüşlərində itirdiyini deyən qadın bu gün şəhid bacısına hörmət qoyulmadığını bildirir:

“Mən də bir şəhidin bacısıyam. Amma mənə hörmət edən yoxdur. Səsimi heç kim eşitmir. Bu adamın əlaqələri var. Necə edirsə, hər yerdən düzgün çıxır.  Allaha and içirəm ki, özümü öldürmək üçün plakat yazıb, hazırlamışdım. Prezident Bərdəyə gəlməmişdən bir gün əvvəl benzin butulkasını üstümə tökürdüm, polislər gəlib əlimdən aldılar. Dedilər ki, problemini həll edəcəyik. Prezident gələn gün isə ona dərdini demək istəyənləri polislər güclə, döyə-döyə həyətlərə salıb, darvazaları bağladılar. Prezidenti də görə bilmədim”.

Sahibə Cəfərovanın ittiham etdiyi Nazim Səfixanov isə deyir ki, sexinin olduğu ərazidə 31 ildir ki, fəaliyyət göstərir: “Mənim bütün sənədlərim qaydasındadır. Üstəlik, o ərazinin bir hissəsi heç mənim özümün deyil. Qardaşım Qarabağ əlili olduğundan, həmin ərazinin bir hissəsini ona hörmətli prezidentimiz bağışlayıb. Mən özüm də Yeni Azərbaycan Partiyasının üzvüyəm”.

Bərdə Rayon Polis Şöbəsindən Meydan Tv-yə bildiriblər ki, Nazim Səfixanovun sexi qanuni fəaliyyət göstərir.

Ana səhifəXəbərlərŞəhid bacısı ona hörmət qoyulmadığını deyir