Şəhid ailəsi prezidenti məhkəməyə verir

“Prezident bir vətəndaş, şəhid ailəsi kimi hüquqlarımı qorusun”

Source:


“Prezident bir vətəndaş, şəhid ailəsi kimi hüquqlarımı qorusun”

Kəlbəcər rayon sakini Elşən Əli oğlu Məmmədov ölkə başçısı İlham Əliyevi məhkəməyə verir. O, səbəb kimi prezidentin verdiyi sərəncamların Ağsu rayonunda icra olunmamasını göstərir.

1993-cü ildən Ağsu rayonunun Meleoratorlar qəsəbəsində yerləşən “Qərənfil” uşaq bağçasında məskunlaşdığını deyən şikayətçi şəhid ailəsi kimi imtiyazlarından istifadə edə bilmədiyini söyləyir:

“Ailə başçımız – atam Əli Allahverdi oğlu Məmmədov ermənilərlə döyüşdə şəhid olub. Ağsu rayonunda məskunlaşandan bir dəfə də olsun hakimiyyətin hansısa bir qurumu tərəfindən diqqət  görməmişik. “Şəhid ailələri haqqında” Qanunub olmasına baxmayaraq, bugünə kimi mənzillə təmin edilməmişik. Ailə üzvlərimizin mənzillə bağlı dəfələrlə dövlət başçısına etdikləri müraciətlər də cavabsız qalıb, bəziləri isə yenidən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə göndərilib. Yenə də eyni vəziyyət”. Elşən Məmmədov Meydan TV-yə deyib ki, hazırda yaşadıqları uşaq bağçası sökülür: “Binada bizdən başqa 2 məcburi köçkün ailəsi də yaşayır. Harda görünüb ki, bir binada yaşayan insanları mənzillə təmin edib köçürmədən, yaşadıqları binanı sökələr? Yaşadığımız bağçanın damını da söküblər. Bu soyuqda acınacaqlı duruma düşmüşük. Mən bu gün şəhid ailələri haqqında olan sərəncamların icra olunmaması ilə əlaqədar İlham Əliyevi məhkəməyə vermişəm. Şikayətimi poçt vasitəsilə onun qeydiyyatda olduğu ərazi üzrə Səbail rayon Məhkəməsinə və Ağsu rayon Məhkəməsinə göndərmişəm. “Şəhid ailələri haqqında” Qanunun 7-ci maddəsində  deyilir ki, qanunun tələblərinə əməl etməyən aidiyyəti qurumlar məsuliyyət daşıyır. İcra başçısı isə bu məsuliyyətin onlara aid olmadığını bildirir. Ona görə də məcburam ki, prezidenti məhkəməyə verim və kimin məsuliyyət daşıdığına özləri qərar versinlər. Bundan sonra nə olacaqsa, olsun, belə yaşamaq mümkün deyil. Birdəfəlik cavab verilsin ki, şəhid ailələrinin sosial problemlərinin həll edilməsi üçün ayrılan milyonlarla vəsait kimlərə xəriclənir. Ya da desinlər ki, siz bu ölkənin vətəndaşı deyilsiniz”.

Elşən Məmmədov deyir ki, vəkilləri bir neçəsi ilə danışsa da, hamısı işinin çoxluğunu əsas gətirərək, ona yardım etməkdən imtina ediblər: “Məcbur olub şikayət ərizəsini özüm hazırlamışam. Məsələdə prezidentin adı keçir deyə media orqanları da şikayətimi işıqlandırmaqdan imtina edirlər. Bəs o zaman biz nə edək? Ağsu rayon İcra Hakimiyyəti təklif edir ki, “Azərenerji”nin köhnə binasına köçək. Ora yaşayış üçün yararsızdır. Həm də mən niyə inzibati binada məskunlaşmalıyam? Digər təklif də odur ki, Saatlıya, məcburi köçkünlər üçün tikilmiş qəsəbəyə gedim. 23 ildir Ağsuda yaşayıram, çətinliklə də olsa özümə güzəran yaratmışam, indi də atıb gedim? Axı niyə bir neçə ay bundan əvvəl təmir olunmuş bina yenidən təmirə dayandırılır ki, biz də belə vəziyyətə düşək? Anam xəstədir, ürəyindən müalicə olunmalıdır. Maddi imkanım çatmır. Bir yandan da təmirin səs-küyü, soyuq imkan vermir. Prezident bir vətəndaş, şəhid ailəsi kimi hüquqlarımı qorusun”.

Ağsu rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin baş məsləhətçisi Şəmsəddin Quliyev isə deyir ki, “Qərənfil” uşaq bağçası təmir olunaraq körpələrə verilməlidir: “Uzun illərdir həmin bağçada məcburi köçkünlər məskunlaşıb. İndi bağça təmir olunur. Təklif etmişik ki, məcburi köçkünlər Elektrik Şəbəkəsinin köhnə binasına köçsünlər. Elektrik Şəbəkə yeni binaya köçüb, köhnə bina isə boşdur. Bina şəhərin lap mərkəzində yerləşir, su, elektrik enerjisi və qaza təchiz olunub. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndələri də binaya baxış keçiriblər. Həmin bina təmir olunduqdan və yaşayış üçün tam hazır vəziyyət gətirildikdən sonra bağçada yaşayan 3 ailə oraya köçürüləcək”.

Ana səhifəXəbərlərŞəhid ailəsi prezidenti məhkəməyə verir