Deputat: “Hansısa sığorta şirkətinin haqqı yoxdur ki, ölkə başçısının fərmanını yarıtmaz səviyyədə yerinə yetirsin”
Oktyabrın 16-da şəhid ailələrinə veriləcək 11 manat birdəfəlik ödəməni ala bilməyən bir qrup şəxs Milli Məclisin önündə aksiya keçirib. Onlar Qarabağ uğrunda döyüşlərdə həlak olanların ailələrinə qarşı laqeydlikdən, sığorta şirkətinin fəaliyyətsizliyindən gileyləniblər.
Bundan sonra məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub.
“Qurumlar öz işini görə bilmir və şəhid ailələri Milli Məclisin deputatlarının üzərinə gəlirlər”.
Bunu parlamentin iclasında deputat Fazil Mustafa deyib. Deputat qeyd edib ki, çox sayda şəhid ailəsi parlamentin qarşısına gələrək məsələyə etirazlarını bildiriblər:
“İnsanların bir qismi “Azərsığorta”ya müraciət edərkən mənfi cavab alırlar. Onlara bildirirlər ki, pulu 90-cı illərdə alıblar. Amma onlar vəsaiti almadıqlarını deyirlər. Vətəndaş da bunu sübut edəcək sənədi tələb edir. Sığorta şirkəti də bunu vətəndaşdan tələb edir ki, vəsaiti almadığını sübut etsin. Vətəndaş bunu niyə sübut etməlidir ki? Bu gün hansısa bir insanın 11 min manat almaq hüququ pozulursa, bunun ağır mənəvi nəticələri ola bilər. Qurumlar öz işini görə bilmir və şəhid ailələri Milli Məclisin deputatlarının üzərinə gəlirlər. Mən onları bu gün qəbul etdim. Ona görə elektron formada sənədləşməni həyata keçirmək vacib addımdır”.
Haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər
Deputat Siyavuş Novruzov şəhid ailələrinə birdəfəlik müavinətin verilməsinin çox mühüm qərar olduğunu deyərək, bunun maddiyyatdan daha çox mənəvi məsələ olduğunu deyib:
“Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu, millətin, dövlətin şəhididir. 5 manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi yanaşmamalıyıq. Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydalar tətbiq edilib. Vaxtilə haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər. Hökumət də buna əsasən bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb. Azərbaycanda veteranların sayı təxminən 60 mini keçib. Sırf Qarabağla olanları qeyd edirəm. Azərbaycanda polk, diviziya olmayıb. Batalyon olub və bu batalyonlarda da 200 nəfər insan vuruşub. Ezam olunanlarla, həqiqi hərbi xidmətə çağıranların statusu fərqli olmalıdır”.
Deputat Çingiz Qənizadə də qeyd edib ki, şəhid ailələrinin parlamentin qarşısına toplaşmağı düzgün deyil:
“Prezident humanist addım atıb, amma bu cür urvatlı işi urvatsız hala çeviriblər. Mən çox istərdim ki, bu insanlar küçələrdən yığışsın. Əgər qanunlarımızda boşluq varsa, bu məsələni həll edək”.
Spiker komissiya yaradılması barədə göstəriş verdi
Spiker Oqtay Əsədov komissiya yaradılacağını deyib. O, bu işi İnsan Hüquqları Komitəsinə həvalə edib:
“İnsan Hüquqları Komitəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və “Azərsığorta” nın nümayəndələrini həmin komissiyaya cəlb etsin və məsələ araşdırılsın”.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman verib. Fərmanda qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.