Bura şəhərin mərkəzi – “Tarqovı“dır. Turistlərin ən çox axışdığı, Bakının ən baxımlı məkanının bir də görünməyən üzü var.
Tarixi 1880-ci ilə dayanan unudulmuş, uçuq-sökük bina yaşamaq üçün təhlükəli vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyi 2017-ci ildə bununla bağlı akt tərtib edib. Di gəl, 5 ailə üçün bura hələ də qoyub gedə bilmədikləri evləridir. Ancaq qəzalı vəziyyətdə olduğundan qalan sakinlər binanı tərk edib.
“Binada siçovullar, qurd-quş doludur. Yaşamaq mümkün deyil. Antisanitariyadır, milçək əlindən dayanmaq olmur. Amma məcburuq də, nə etməliyik? Hara gedək? Məcbur qalaraq belə bir vəziyyətdə yaşayırıq”, – bina sakini Fizzə Nəsirova deyir.
“Şəhərin mərkəzində – “Tarqovı“da yaşayırıq. Eldar Əzizov şəkillərə baxanda dedi ki, bura ki “Tarqovı“dır.Dedim, bəli, Eldar müəllim, “Tarqovı“dır. Həmin o “Tarqovı” ki, biz fəxr edirik, panoramasını bütün dünyaya göstəririk. Amma 23 ildir, şəhərin mərkəzindəki bina bu vəziyyətdədir”, – 30 ildir burada yaşayan Hidayət Rufullayevin sözləridir.
23 il əvvəl – 1997-ci ildə binada yanğın baş verib. Yanğın nəticəsində bina uçularaq qəzalı vəziyyətə düşüb. Xaricdən təmir olunsa da, içinə o vaxtdan əl vurulmayıb.
Hidayət Rufullayev 4 ildir qapı-qapı gəzərək Nəsimi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, vitse-prezidentə ərizələr göndərib, binanın abadlaşdırılmasını istəyib. Ona Nəsimi Rayon İcra Hakimiyyətindən cavab gəlib ki, müvəqqəti olaraq qohum və tanışlarının evinə köçsün.
“Başım çıxmır o nə deməkdir. Mən ailəmi götürüm, hansı qohumun evinə gedib 23 il yaşayım?“, – Hidayət Rufullayev deyir.
Nəsimi Rayon İcra Hakimiyyəti sakinlərə bildirib ki, binanın sərəncamı əvvəl başqa MTK-larda olsa da, indi “Deluxe Palace” MMC burada tikinti həyata keçirəcək. “Deluxe” şirkətinin hüquqşünası Meydan TV-yə bildirib ki, köhnə binanın yerində yenisinin tikilməsi hələ gündəmdə yoxdur. Nə zaman olacağı da bəlli deyil. Sakinlərinsə 30 ildən çoxdur yaşadıqları yerdən – şəhərin mərkəzindən kənara köçmək niyyətləri yoxdur. Onlar qəzalı vəziyyətdə olan binalarının bərpa olunmasını istəyirlər.