Səhər məktəbdə, günortadan sonra tarlada, tövlədə – müəllimlər danışır

”Yaxşı yaşamaq üçün 500 manat da kifayət deyil”

Source:

“Müəllim istədiyinin birini alanda, üçünü ala bilmir. Düzü, yaxşı yaşamaq üçün 500 manat da kifayət deyil. Onu da bilirsiniz kimlər alır? Ya stajı, ya da dərs saatı çox olub, 2 növbəli dərs deyənlər. O qədər dərs saatını da hamıya vermirlər. Müəllimlər arasında bölünür. Yenə sentyabr gəldi, dərs saatı davaları başlayacaq. Müəllimin maaşı az deyil, çox azdır” –  deyir, Bakı kəndlərinin birində tarix dərsi deyən İlhamə Həziyeva.

Toyuq-cücə saxlayıram, universitetə uşaq hazırlayıram

İ.Həziyevanın stajı 15 ildən artıqdır. Deyir, indiyə qədər aldığı ən yüksək əmək haqqı 340 manat olub:

“3 uşaq böyüdürəm, çətindir. Hələ bunların böyüməyi, universitetə daxil olmaları, gələcəkləri var. Bunları 340 manatla necə təmin edəsən? Həyətim var, toyuq-cücə saxlayıram. Bir də universitetə uşaq hazırlayıram. Başqa cür mümkün deyil”.

Bərbad vəziyyətdə yaşayanlar var

Mətanət Səmədqızı isə 39 ildir ki, Ramana qəsəbəsindəki ümumtəhsil məktəblərdən birində dərs deyir. O, Meydan TV-yə Azərbaycanda müəllimlərin dolanışığının, yaşayış səviyyəsinin acınacaqlı olduğunu bildirmişdi:

“Bizim məktəbdə şagird sıxlığı olduğuna görə dərs məşğələləri 2 növbədə keçirilir. Mənim də dərs yüküm 18 saatdan çoxdur. Odur ki, aldığım əmək haqqı müəllim maaşı anlamında bir az normal görünür. Ancaq daha pis – bərbad vəziyyətdə yaşayanlar var”.

Müəllimlərin maaşı bir insanın orta səviyyədə yaşamasına da yetmir

Mətanət Səmədqızı aldığı əmək haqqının orta yaşayış səviyyəsi üçün az olduğunu deyir:

“Mən hələ yüksək səviyyədə yaşamaqdan yox, gərgin əmək ilinin sonunda elə ölkə daxilində 10-ca gün harasa gedib dincəlmək imkanının məhdudluğundan danışıram”.

Maaş artdı, amma kommunal xidmətlər, benzin də bahalaşdı

 “Dərs saatım 18-dən artıqdır. Stajım isə 20 ildir. Aylıq əmək haqqım vergisiz 360 manatdır. Düzdür, son imtahandan sonra əmək haqları 31 faiz artdı. Əvəzində isə işıq, qaz, benzinin qiyməti bahalaşdı, manat dəyərdən düşdü. Bir sözlə, maaş artsa da, durum əvvəlkindən pis oldu”, – İmişlinin kənd məktəblərindən birində ibtidai sinif müəllimi işləyən Əjdər Zamanov (ad şərtidir) belə deyir.

Səhər məktəbdə, günortadan sonra tarlada, tövlədə

 Müəllim bildirir ki, aldığı maaşla ailəsini dolandırmaq çətindir. Odur ki, əlavə təsərrüfat işləri ilə də məşğul olur:

“Artımdan öncə 300 manat alırdım. Bu da hardasa 400 dollar edirdi. İndi aldığım 380 manat 225 dollardır. Bu pul aylıq mağaza borclarımın ödənməsinə belə yetmir. Odur ki, əkin-biçin və heyvandarlıqla məşğul oluram. Bir də, əlavə uşaq hazırlaşdırıram. Yoxsa dolanmaq mümkün deyir. Səhər məktəbdə, günortadan sonra tarlada, tövlədədir işim”.

 Maaş da artıb, qiymətlər də…

Ə.Zamanov deyir ki, aldığı maaşın tamamı aylıq ödədiyi kreditlərə belə yetmir:

“Maaş 31 faiz artıb, qiymətlər isə 70 faizdən çox bahalaşıb. Bəlkə də daha çox. Nəticədə müəllimin yaşayış səviyyəsi əvvəlkindən də pis vəziyyətə düşüb. Bundan əlavə, müəllimlər üçün elan edilən 8000 iş yeri haradan yarandı, bilirsiz? Təhsil Nazirliyinin məktəblərə yolladığı qeyri-rəsmi təlimat var. İmtahanda topladığı bala görə 90 faiz müəllimə 6-18 saat dərs verilə bilər. Yəni bir müəllimin dərsi 3 nəfər arasında bölündü. Nəzərə alın ki, işləyən müəllimlərin hamısının 18 il stajı yoxdur. O zaman hər şeyi aydın başa düşərsiz”.

500 manat maaş söhbəti necə yaranıb, bilirsiniz?

 500 manat əmək haqqı alan müəllimlərə gəlincə, Əjdər Zamanov deyir ki, çox vaxt müəllimlərə artıq saat yazırlar, amma o, yazılan dərslərə girmir. Nəticədə artıq saatların pulunu alıb direktora verir:

“Bununla da hesabat verirlər ki, baxın, bizim məktəbdə 10 nəfər müəllim 500 manat əmək haqqı alır. Bu, həm dövlətin müəllimə yüksək əmək haqqı verdiyini rəsmiləşdirir, həm də direktor qazanır. Həmin qazancdan özünə də pay düşür, özü dediyi kimi yuxarılara da çatır”.

Əmək haqqı artırılan müəllimlərin sayı 90 mindir

 “Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı mərhələ-mərhələ artırılıb. Yalnız 2017-ci ilin aprel-may aylarında keçirilən qiymətləndirmədə iştirak edənlərin maaşı 2018-ci ilin yanvarında artırılacaq”, – jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov belə deyib. Onun sözlərinə görə, əmək haqqının artımı 40 faizə yaxın olacaq.

Nazirlik rəsmisi qeyd edib ki, bununla da 2018-ci ilin yanvarından artıq bütün ölkə üzrə müəllimlər artımla əmək haqqı alacaq:

“Bu günə kimi əmək haqqı artırılan müəllimlərin sayı 90 mindir. Qalan 40 minə yaxın müəllimin əmək haqqı isə yanvardan artırılacaq”.

Gündüzlər dərsdə, axşamlar sükan arxasında…

 Təhsil Nazirliyinin adının açıqlanmasını istəməyən əməkdaşı isə Meydan TV-yə deyib ki, diaqnostik imtahandan sonra müəllimlərin maaşı artıb, 500 manat alan var. Ancaq imtahandan keçə bilməyən müəllimlər də az deyil:

“Direktor var ki, bayrağın rəngini soruşuruq, deyir 3, amma rənglərinin mənasını bilmir. Beləsini işdən çıxarmaqdan başqa əlac qalmır. Ancaq arxasında elə adamlar dayanır ki, mümkün olmur. Bu adamlar təhsildən təmizlənməyincə, inkişaf, artım gözləməyə dəyməz”.

Mənbə deyir ki, Təhsil Nazirliyi problemlərin həllində ən maraqlı qurumdur:

“Kənd məktəblərinə dərs deməyə gedən müəllimlər üçün də yüksək güzəştlər nəzərdə tutmuşuq. Biz təhsil sahəsində problemlərin həll olunmasında maraqlıyıq. İstəyirik ki, müəllimlər həqiqətən yüksək maaş alsınlar. Ancaq hər şey bizim istəyimizdən asılı deyil. Cənab nazir rayon təhsil şöbələrinin ləğv edilməsini, bir regionda cəmləşdirilməsini istəyirdi. Bu, ilk növbədə təhsildə olan neqativ halların qarşısını ala bilərdi. Ancaq icra hakimiyyəti strukturu buna imkan vermədi. Çünki seçkilər zamanı rayon təhsil şöbələri məhz icra hakimiyyətlərinin göstərişini həyata keçirir. Bu da dövlət siyasətinin bir qolu kimi təqdim edilir”.

Mənbə onu da deyir ki, tanışları arasında müəllimliklə yanaşı sürücülük edənlər var:

“Xüsusən kişi müəllimlər üçün bu pulla ailə saxlamaq çətindir. Bir neçə adam tanıyıram ki, səhərlər dərs deyir, axşamlar taksi sürür”.

Qonşu ölkələrdəki müəllimlər nə qədər alır?

Prezident İlham Əliyev sentyabrın 15-də 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında müəllimlərin maaşlarından danışıb. O, ölkədə orta əmək haqqının 500 manatdan çox olduğunu söyləyib. Prezident bunu yaxşı göstərici sayıb.

Müəllimlər maaşlarının 500 manatdan az olduğunu deyirlər. AzadlıqRadiosu yazır ki, elə 500 manatla götürəndə də bizdə müəllimlərin məvacibi qonşu ölkələrlə müqayisədə aşağıdır. Türkiyədə aylıq əmək haqqları 1200, Rusiyada 557, İranda 534, Gürcüstanda 323, Ermənistanda 252, Azərbaycanda isə 207 dollardır.

Müəllimə ən yüksək maaş verən ölkələr hansılardır?

Müəllimə ən yüksək maaş verən ölkə isə Lüksemburqdur. Türkiyənin Ekonomik Kalkınma ve İşbirliği Örgütünün (OECD)

araşdırmasına

görə, bu ölkədə müəllimin illik əmək haqqı 137 min dollardır. İsveçrədə 92, Almaniyada 75, Amerikada 67, Avstriya və Hollandiyada 66, Kanada və İrlandiyada 65, Yaponiyada isə 62 min dollardır.

Müəllim aldığı maaşla dolana bilmirsə, işdən sonra başqa nə iləsə məşğul olsun

Azərbaycanda müəllimlərin maaşı, iş tapması həmişə müzakirə mövzusu olub. Məsələn, deputat Aqil Abbas işlə təmin edilməyən müəllimlərə ailəsini soğan əkib dolandırmağı məsləhət görmüşdü. Başqa bir deputat Hadı Rəcəbli isə

müsahibəsində

 əgər müəllim aldığı 150-200 manat maaşla dolana bilmirsə, o, işdən sonra başqa nə iləsə məşğul olmalıdır demişdi:

“Lənkəranın Veravul kəndində Balabəy müəllim var. O, günün birinci yarısı məktəbdə dərs deyir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir”.

Mətanət Səmədqızı deyir ki, müəllim əməyi ömür xərcləmək kimi bir şeydir, onun qədir-qiyməti bilinməli, adekvat qiymətləndirilməlidir:

“Axı əsəblərin xərclənməsi hesabına çəkilən əmək qarşılığında müəllim ən yaxşı həyat səviyyəsinə layiqdir”.

Ana səhifəAnalitikaSəhər məktəbdə, günortadan sonra tarlada, tövlədə – müəllimlər danışır