Avstraliyanın məşhur “The Sydney Morning Herald” qəzeti Azərbaycanın həmin ölkədəki səfirliyi barədə yazı
dərc edib
. Qəzet iddia edir ki, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov və mühasib Araz Xasıyev diplomatik statuslarından yararlanaraq, Avstraliya hökumətindən 2 min litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40 min siqaretin rüsumsuz idxalına icazə istəyiblər.
Səfirlik isə bu məsələdə heç bir qanunu pozmadıqlarını və alınan məhsulların çoxunun istifadə edilmədiyini deyir. Səfirliyin mühasibi Araz Xasıyev mediaya bildirib ki, böyük həcmdə alkoqollu içki və siqaret idxalı üçün belə bir icazənin istənilməsi heç də həmin sifarişin gerçəkləşdirilməsi anlamına gəlmir.
Meydan TV məsələ ilə bağlı araşdırma aparıb və mühasibin dediklərinin əksini göstərən sənədlər əldə edib.
Sənədlər eyni gündə yazılıb
Həmin sənədlərdə səfir Rövşən Cəmşidovun, Araz Xasıyevin, eləcə də səfirliyin adından sifariş verilən spirtli içkilər və tütün məmulatları, eləcə də kosmetik vasitələr göstərilib.
Bu sənədlərin bir qismi səfirlik adından verilən sifarişləri təsdiq edir. Üzərində səfir Rövşən Cəmşidov və Araz Xasıyevin adı olan sənədlər isə onların xüsusi diplomat imtiyazı ilə şəxsən verdikləri sifarişləri göstərir. Adının açıqlanmasını istəməyən səfirlik əməkdaşının verdiyi məlumata görə, əslində, səfirlik adından olan sifarişi də mühasib ilə səfir edib. Sadəcə şübhə çəkməsin deyə, sifarişin yarısı Kanberada yerləşən “Down Town duty free” mağazasına, qalan yarısı isə internet vasitəsi ilə ABABCO şirkətinə verilib. Məhsulların sifariş verilməsini sübut edən sənədlərin hamısı eyni gündə yazılıb. Avstraliya Xarici İşlər Nazirliyi və Gömrük İdarəsinin şübhəsini çəkən nüans isə sifarişin 2 ayrı kanal vasitəsilə yerinə yetirilməsidir.
1-ci sənəd
: Sifariş verilib: ABABCO mağazasına
2-ci sənəd
: Sifariş verilib “Down town duty free” mağazasına
3-cü sənəd
: Sifariş verilib “Down town duty free” mağazasına
4-cü sənəd
: Sifariş verilib “Down town duty free” mağazasına
5-ci sənəd
: Sifariş verilib “ABABCO” mağazasına
6-cı sənəd
: Sifariş verilib “ABABCO” mağazasına
Sənədlərdə göstərilən rəqəmləri toplayanda ortaya çıxır:
Siqaret – 40 min, pivə – 1900 litr (təxminən 2 ton), şərab – 1 ton, spirtli içki – 520 litr və kosmetika dəsti – 120 ədəd.
Sifarişlərin hamısının altında səfirliyin mühasibi Araz Xasıyevin imzası var.
Qara bazar üçün əlverişli şərait
Məlumatlı mənbə deyir ki, Avstraliyada siqaret və spiritli içkilərin qiymətləri həddindən artıq bahadır. Məsələn, 1 blok “Marlboro” markalı siqaretin qiyməti 245 dollaradır. Lakin buradakı səfirliklər diplomatik imtiyazdan yararlanaraq 1 blok siqareti 40-50 dollara ala bilirlər.
Mənbənin fikrincə, ortada yaranmış qazanc səfirliyin diqqətindən qaçmayıb: “Onu da xüsusi vurğulamaq lazımdır ki, Avstralıyada spirtli içkilər və siqaretlərin satışında aksız markadan istifadə olunmur. Bu da səfirliyə qara bazara daxil olmaq üçün əlverişli şərait yaradıb”.
“Qəzet üzr istəyəcək”
Məsələ ilə bağlı səfirliyə ünvanladığımız sorğuya cavab olaraq bildiriblər ki, səfirlik heç bir qanunu pozmayıb və bütün sifarişlər qanun çərçivəsində olub:
“Avstraliyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin nə qədər vergisiz məhsul almaq üçün müraciət edə biləcəkləri rəsmi şəkildə qeyd olunub və bizim də müraciətlərimiz bu limit çərçivəsində olur. Avstraliya qəzetinin çap etdiyi məqalədə işlədilən cümlədə müraciətlərin qanunlar çərçivəsində olduğu və qəzetin haqqımızda heç bir ittihamının olmadığı bildirilir. Qeyd etmək yerinə düşər ki, məqalədə sözü gedən müraciət ilə əsl alınmış mallar arasında 80%-lik fərq var. Kanberradakı bütün səfirliklər eyni formada və eyni sayda məhsullar üçün müraciət edirlər və bu müraciət 6 ay qüvvədə olur. Lakin edilmiş müraciətlərin heç 1/5 (beşdə biri) alınmır”.
Səfirlikdən onu da bildiriblər ki, məqaləni dərc edən “Fairfax” Agentliyinə və onun sahibi olduğu 5
qəzetə də üzr istənilməsi və təkzib yazılması barədə məktublar ünvanlanıb və çox böyük ehtimalla növbəti həftə
yayımlanacaq”.
“Təkzib vermək fikrimiz yoxdur”
Meydan TV yazının müəllifi Richard Baker ilə də əlaqə saxlayıb. Jurnalist bildirib ki, səfirlik yenidən yalan danışır və onların heç bir təkzib vermək fikri yoxdur:
“Qəzetimizin və ya mənim həmin yazı ilə bağlı heç bir təkzib vermək fikrimiz yoxdur, çünki biz o yazını konkret sənədlərə əsaslanaraq yazmışıq. Azərbaycanın bəzi media qurumlarında yazının yazılma səbəbi kimi mənim Ermənistan səfirliyi və ya diasporası ilə yaxın olmağım iddia edilir. Bu iddiaların da hamısı əsassızdır. Heç bir ölkə səfirliyi və ya lobbi təşkilatı ilə dostluq əlaqələrim yoxdur”.