Yerevana 3 “Ground Master 200” radar sisteminin verildiyi deyilir
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bu ölkəyə yeni hərbi texnikaların verildiyini bildirib.
Səfir özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb ki, Fransa Ermənistana başqa ölkələr üçün əlçatmaz olan hərbi texnika tədarük edir.
Həmçinin Fransanın “Thales” şirkətinin istehsal etdiyi radarları, o cümlədən üç ədədi Ermənistana təhvil verilmiş “Ground Master 200” sistemləri haqqında məqalənin linkini əlavə edib.
Azərbaycan rəsmi Parisi uzun müddətdir ki, Ermənistana siyasi-hərbi dəstək verməkdə ittiham edir.
Sonuncu dəfə rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejournenin ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi mətbuat konfransına etiraz etmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi fransalı nazirin söylədiklərini əsassız adlandırmış və Parisi bölgədə açıq-aşkar gərginlik yaratmaqda və sülh prosesinə mane olmaqda ittiham etmişdi:
“Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir”.
2023-cü ilin oktyabrın 22-də Ermənistanla Fransa arasında hərbi saziş imzalanıb.
Ermənistanın Müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornla iki ölkə arasında müdafiə əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə ediblər:
“2022-ci ilin sentyabrında və bu ilin iyununda Parisdə keçirilmiş müzakirələr nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə işlərin gedişi yekunlaşdırılıb, əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin alınması, hərbi təhsil, yenidən hazırlıq, təcrübə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”.
Münaqişənin qısa tarixçəsi
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.