“İsrail səfirliyinin konsulu müntəəzm olaraq blogerlə görüşür”
“Azərbaycanda həbsdə saxlanılan bloger Aleksandr Lapşinin saxlanma şəraitindən heç bir şikayəti yoxdur”.
“Report”-un məlumatına görə, bunu brifinqdə İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. Səfir konsulun müntəzəm olaraq onunla görüşdüyünü, istintaqın gedişi ilə maraqlandığını bildirib.
Aleksandr Lapşin Minskdə saxlanılıb və Azərbaycana ekstradisiya olunub. O, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməkdə günahlandırılır.
İki vətəndaşlığı (İsrayil və Rusiya) olan A.Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb.
Cinayət işində göstərilir: “Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib”.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Onun barəsində dövlətlərarası axtarış elan edilmişdi.
O, fevralın 7-də Azərbaycana ekstradisiya olunub.