“Hazırda o, xaricdə müalicə olunur və tezliklə geri dönəcək”
Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev Çexiyada vətəndaşlıq alması barədə xəbərləri təkzib edib.
“Belə məlumatlar tamamilə əsassızdır”, – keçmiş nazirin yaxınlarından biri “Turan İA”-a bildirib. “Hazırda o, xaricdə müalicə olunur və tezliklə geri dönəcək”, – deyə mənbə dəqiqləşdirib.
Çexiyanın Azərbaycandakı səfirliyi S.Əbiyevin bu ölkədə vətəndaşlıq almasını təsdiqləməyib.
“Bizdə S.Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə məlumat yoxdur”, – səfirliyin nümayəndəsi bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı şərh edərkən bildiriblər ki, S.Əbiyev 2014-cü ilin martında Silahlı Qüvvələrdən kənarlaşdırılıb.
S.Əbiyevin vətəndaşlıq alması barədə məlumat şənbə günü Facebook istifadəçisinə isnadla yayılıb.
* General-polkovnik Səfər Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub.