Qaradağ Rayon Prokurorluğunda cinayət işi də açılıb
Yanvarın 31-i axşam saat 10-da “Sədərək” Ticarət Mərkəzində lift qırılıb. Hadisə nəticəsində bir nəfər ölüb, yaralananlar var.
Məlumatı Meydan TV-yə sədərəkdə çalışanlar təsdiqləyiblər.
Bildiriblər ki, bu, sırf ticarət mərkəzinə aid lift deyil. Şəxsi mağazalardan birinə aiddir: “Mağazanın çölündən asılmış və yuxarıya mal qaldırmaq üçün olan lift olub. Görünür, qədərindən çox yükləndiyi üçün qırılıb”.
Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi də açılıb.
Pokurorluqdan verilən məlumata görə, fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.