Dairə seçki komissiyalarında şikayətlərə baxılması və qərarların qəbul edilməsi formal, subyektiv mülahizələr əsasında olub
Azərbaycan məhkəmələrində seçki kampaniyalarının gedişatı zamanı pozuntularla bağlı şikayətlərə baxılması formal xarakter daşıyıb, biri istisna olmaqla, bütün şikayətlər təmi edilməyib. Bu barədə Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) şikayətlərə baxılmasının monitorinqi haqqında hesabatında deyilir.
Hesabatda 1 sentyabr-27 oktyabr arası dövr əksini tapıb, MSK-nın və məhkəmələrin iclasları izlənilib, iddiaçıların və cavabdehlərin fikirləri tədqiq edilib.
Mübahisəli məsələlərə baxılması üçün MSK-da 9 nəfərdən, dairə seçki komissiyalarında isə 3 nəfərdən ibarət ekspert qrupları yaradılıb.
MSK-nın məlumatına görə, bu qurum şikayətlər üzrə 97 qərar qəbul edib. Onlardan 20-si, o cümlədən namizədlərin qeydiyyatından imtina ilə bağlı 1, inzibati orqanın pozuntusu ilə bağlı 1, qanunsuz təşviqatla bağlı 1 şikayət təmin edilib.
62 şikayət, o cümlədən qeydiyyatdan imtina ilə bağlı 60 şikayət təmin edilməyib.
Apellyasiya məhkəmələrinə 33 şikayət, o cümlədən qeydiyyatdan imtina ilə bağlı 31, seçki hüquqlarının pozulması ilə bağlı 1, başqa namizədin qeydiyyatının ləğvi ilə bağlı 1 şikayət daxil olub.
Onlardan yalnız bir şikayət qismən təmin edilib və iş MSK-ya qaytarılıb. Bütün qalan şikayətlər təmin edilməyib.
Ali Məhkəmə 30 şikayətə baxıb və heç birini təmin etməyib. DTİ-nin hesabatında qeyd edilir ki, şikayətlərə baxılması formal olub və 10-15 dəqiqə davam edib.
Hakimlər əlavə suallar verməyiblər, dəlillər istəməyiblər, maraqlı tərəflərin sözlərini kəsiblər. Qəbul edilən qərarlar üzrə müşavirələr bəzən 1-cə dəqiqə davam edib.
Dairə seçki komissiyalarında şikayətlərə baxılması və qərarların qəbul edilməsi formal, subyektiv mülahizələr əsasında olub.
MSK-da ekspert qruplarında hüquqların müdafiəsi və işlərin araşdırlması effektiv vasitə olmayıb.
Məhkəmələr həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarını və AŞ Nazirlər Komitəsinin Strasburq Məhkəməsinin Azərbaycandan olan seçkilərlə bağlı işlər haqqında qərarlarının icrası barədə tövsiyələrini rəhbər tutmayıb.
* DTİ 2013-cü ildə bir qrup müstəqil hüquqşünas tərəfindən yaradılıb. Struktura Ümid Partiyasından təyin edilmiş MSK üzvü Akif Qurbanov rəhbərlik edir. Ədliyyə Nazirliyi DTİ-nin qeydiyyatından imtina edib.