Zərdüşt Əlizadə
Marks demişkən, “əppək davası gedir”
Gürcüstanın ağası milyarder Bidzina İvanişvili Gürcüstan əhalisinin ciddi kəsiminin qaynar etirazlarına rəğmən “Xarici təsirlər haqqında” qanunu parlamentdən sürüyüb keçirtdi. Bütün siyasətşünaslar yekdildirlər ki, bu qanunu qəbul etməklə Gürcüstan insan haqları və azadlıq sahəsində Rusiyaya, Belarusa, Azərbaycana və Mərkəzi Asiya dövlətlərinə doğru bir addım yaxınlaşır.
Gürcüstanda da demokratiyaya “əlvida” demək dəmi yetişdimi? Fikirlər haçalanır. Bəziləri hesab edir ki, indi etiraz nümayişlərinə axışan yüz min insan 6 ay sonra, yəni oktyabr ayında parlament seçkisinə gəlib onun rəyinə məhəl qoymamış “Gürcü Arzusu” Partiyasının əleyhinə səs verəcək.
Bəziləri isə gürcü seçicisinin siyasi şüur səviyyəsindən bədgümandır və “Gürcü Arzusu”nun seçkidə hətta belə biabırçı qanunu təsdiqləyəndən sonra qalib gələcəyinə inanır. Unutmayaq ki, Gürcüstanı vaxtilə hədsiz ağır böhrandan çıxarıb köklü islahatlar yolu ilə sabit inkişafa aparmış Saakaşvilinin partiyası hakimiyyətdə olduğu illərdə insan haqlarına qarşı törətdiyi cinayətlərə görə əhalinin əksəriyyətinin etimadını artıq itirmişdir.
Bəli, indiki məqamda siyasi fəal gürcülər hakim partiyadan çox narazıdır. Onlar həqiqətən seçkiyə gəlib öz narazılığını səsvermədə bildirsə, vay “Gürcü Arzusu”nun halına!
Hakimiyyətdən getmələri heç, hətta cinayət məsuliyyətinə cəlb edilə bilərlər, necə ki, Mixail Saakaşvili və onun silahdaşlarının çoxu qazamat gördü və ya xaricə qaçdı.
Lakin gürcü seçicisi seçkiyə gələcəkmi? Hakimiyyətdən gördüyü aşkar ədalətsizliyin doğurduğu haqlı hiddətini seçki qutusu vasitəsilə ifadə edə biləcəkmi?
Sualı daha bəsit və anlaşılan tərzdə qoyaq: gürcülər siyasi şüur səviyyəsi sahəsində azərbaycanlılardan fərqlidirmi?
Bəli, azərbaycanlılar da 1990-cı ilin yanvar ayının 20-də hakim Kommunist Partiyasının rəhbərlərinin ədalətsiz mövqeyindən və cinayətlərindən qəzəblənmişdilər, sovet quruluşuna lənət yağdırırdılar. Cəza qurbanlarının dəfnində, yanvarın 22-də 1 milyon insan iştirak etdi, minlərlə partiya üzvü partbiletini (çörək ağacını) yandırdı.
20 Yanvardan cəmi 8 ay keçdi. 1990-cı ilin sentyabr ayında Ali Sovetə seçki keçirildi. Dayaz düşüncəli Ayaz Mütəllibov başbilən məsləhətçilərinin sözünə inanıb 50%+1 səs keçid həddi qoydu. Bu həddi ilk turda cəmi 2 namizəd (Heydər Əliyev və Tahir Kərimli) keçə bildi, qalan bütün namizədlər Ali Sovetə düşmək üçün AKP MK-nın sayeyi-mərhəmətinə qaldılar. Təbii ki, sonrakı turlarda heç kim bu həddə yaxınlaşa bilmədi.
Bizim əhali seçkiyə tam laqeyd qaldı. 20 Yanvarı da, hakim siyasi sinfin xalqa xəyanətini də unutdu. Niyə? Əvvəla, xalqın yaddaşı zəifdir, ikincisi, əhalinin əksəriyyətində seçki mədəniyyəti və ənənəsi yoxdur. Üçüncüsü, o vaxt hakimiyyətə müxalif olan qüvvə əhalinin etimadını itirmişdi.
İndi Gürcüstandakı gələcək seçkilər göstərəcək ki, yerli əhalinin seçki mədəniyyəti var, ya yox.
Rusiyada seçkili demokratiya üçün münasib mühit yerli-dibli yoxdur, təsadüfi deyil ki, Rusiyada seçkilərin əhəmiyyəti hələ tam itmədiyi zamanlarda imkanlı namizədlər seçiciləri öz tərəfinə cəlb etmək üçün heç bir proqrama güvənməyib böyük maya qoyurdular və seçkiyə ya Alla Puqaçovanı, ya da Alen Delonu dartıb gətirirdilər. Kim Alla Puqaçovanı və ya bədə-bəddə Alen Delonu seçicilərlə görüşə gətirə bilirdisə, o da seçkini udurdu. Əgər Rusiyada vətəndaşların şüur səviyyəsi və seçki mədəniyyəti belə acınacaqlı vəziyyətdədirsə, görün Cənubi Qafqazda vəziyyət nə təhərdir.
Təsadüfi deyil ki, Gürcüstandakı 2012-ci il oktyabrın 1-də keçirilmiş Parlament seçkisindən sonra tanınmış polyak ictimai xadimi, hüquq müdafiəsi və demokratiya sahəsində görkəmli mütəxəssis sayılan Adam Mixnik Tbilisidən Bakıya sevincək gəlib yerli siyasi fəallara muştuluq vermişdi ki, Saakaşvilinin partiyasının seçkidə məğlubiyyəti və hakimiyyətini müqavimətsiz təhvil verməsi gürcü xalqının yüksək siyasi şüurunun sübutudur. Həmin görüş Arzu Abdullayevanın İstiqlaliyyət küçəsindəki ofisində keçirilirdi. Yerli fəallar dərin ehtiramla Avropadan təşrif buyurmuş bu demokratiya qurusunun sözlərinə qulaq asırdılar. Sizin həqir bəndəniz dözməyib Adam Mixnikə dedi ki, aldanmasın, İvanişvili ona görə qalib gəlmədi ki, gürcü xalqı demokratiyanı əziz tutur, xeyr, gürcü seçicisi “Gürcü Arzusu”na ona görə səs verdi ki, sadəlövh gürcü xalqı ümid edir: Bidzina İvanişvili rus xalqından oğurladığı 6 milyard dolların bir hissəsini Gürcüstana maya qoyanda, bu dollarlardan nə qədərisə ac gürcülərin payına düşəcək.
Mənim bu sözlərim pan Mixnikin heç xoşuna gəlmədi, ağzını büzüb başını buladı. Bu münasibəti mən özüm üçün belə tərcümə etdim ki, “heç hənanın yeridir, mən demokratiyadan danışıram, bu kişi ac toyuğun yuxuda darı görməsindən”.
Etiraf edim ki, ömrüm boyu plagiatdan, yəni elmi və ədəbi oğurluqdan qaçmışam. Buna görə gərək etiraf edim ki, gürcü seçicisinin Gürcüstan parlamentinə seçkilər zamanı üstünlüyü Bidzina İvanişvilinin partiyasının üzvlərinə verməsinin səbəbini mən dahi Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasından əxz etmişəm.
Yadınıza gəlirmi? Qonaqlıqda tost deyən intelligent Həsən bəy Rüstəm bəyin öz gözəl-göyçək mademuazel qızını 50 yaşlı çirkin Məşədi İbada verməsini onunla izah etmişdi ki, “Məşədi İbadın pulu var”. Bəli, seçkiləri adətən pulu olanlar udur. Tək bizdə yox. Ömrümdə gördüyüm ən savadlı və ləyaqətli insanlardan biri amerikalı hüquqşünas Kreyq Barns idi. Onun əqli məziyyətlərinə o qədər valeh olmuşdum ki, sadəlövhlüklə soruşdum: “Nə əcəb sizin kimi insan ABŞ konqresinə seçilməyib?” Gülüb dedi ki, “Namizədliyimi Nyu-Meksiko ştatının konqresinə verdim, məni yox, seçki kampaniyasına xeyli pul xərcləmiş başqa namizədi seçdilər”.
Qaldı Gürcüstan demokratiyasının gələcəyinə, yaxınlaşan seçkilər onun müqəddəratını müəyyənləşdirəcək. Bidzina İvanişvili istəyir ki, gürcü xalqı tək onun əlinə baxsın, vətəndaş cəmiyyətinin fəalları isə istəyirlər ki, maliyyə mənbələri sırasında Qərbin payı çox olsun.
Həqiqətən, əgər hakimiyyət Qərbdən külli miqdarda pul alırsa, hakim sinfin nümayəndələri gürcü xalqının cibindən “qazandıqları” pulun şir payını Qərbə daşıyırsa, qara camaata nə üçün xaricin pullarından nuş etmək qadağan edilməlidir?
Marks demişkən, “əppək davası gedir”.