Səbəb və Nəticə arasında qalan Siyasət

Vətəndaş yetərincə savadlı olmalıdır ki, manipulyasiyalara tab gətirə bilsin.

Source:

Elmin ən əsas kateqoriyalarından biri səbəb nəticə əlaqəsinin qurulması prosesidir. Bu proses ingilis dilində

“causality”

olaraq keçir. Sosial və iqtisad elmlərində mütəxəssislər əsasən iki formatda elmi araşdırmalar aparırlar. Etdikləri tədqiqatlar nəticəsində empirik məlumatlar toplayıb, daha sonra bu məlumatlar əsasında nəzəriyyə irəli sürə və ya ilk olaraq nəzəriyyə irəli sürüb daha sonra zəminləri keyfiyyət

(qualitative research methods)

və kəmiyyət

(quantitative research methods)

tədqiqat metodları ilə test edə bilərlər.

Hipotezalar

(səbəb-nəticə ehtimalları)

siyasi və sosial həyatın bütün sahələrini əhatə edə bilər. Məsələn biz ilk baxışdan test olunması mümkünsüz görünən bir hipoteza irəli sürə bilərik:


“Mərkəzi Bankın müstəqil olmaması nəticəsində Qarabağ əlili Zaur Həsənov özünü yandırmaq məcburiyyətində qaldı.”

Bizim yüksək dərəcədə məcaziləşdirilmiş hipotezamızın iki zəmni var. Birinci zəmin – səbəb: Mərkəzi Bankın müstəqil olmaması, ikinci zəmin – nəticə: Zaur Həsənovun özünü yandırması. Səbəb və nəticə arasındakı bağlılığı və ehtimal dərəcisini müəyyən etmək üçün biz bu iki zəmin arasındakı korrelasiyanı hesablamağı bacarmalıyıq. Yəni müəyyən etməliyik ki, həqiqətən də Mərkəzi Bankın müstəqil olmaması Zaur Həsənovun özünə qəsd etməsi üçün statistik baxımdan vacib təsirə malikdir

(statistically significant)

. Müxtəlif növ regressiya modelləri ilə bu bağlılığın statistik əlaqəsini təxmin etmək mümkündür. Ancaq qısa köşə yazısı ilə bütün bunları etmək kapasitesinə sahib deyilik.

Bu hipotezanı qeyd etməkdə məqsəd makro müstəvidə iki fərqli hadisənin bir-birinə təsir etmə şansının ola biləcəyi ehtimalını göstərməkdir. Daron Acemoğlu və James Robinson öz

“Hansı səbəbə görə Xalqlar iflasa uğrayır?: Gücün, İnkişafın və Yoxsulluğun mənşəyi”

adlı kitablarında* xalqların uğursuzluğunun səbəblərini araşdırırlar. Onlara görə xalqların uğursuzluğunun əsas səbəbi qeyri-effektiv, qeyri-peşəkar və yalnız fərdi-siyasi maraqları nəzərə alan, idarəçiliyə cavabdeh institutlardır. Yəni institutlar dövlətin daha da effektiv idarəsini yox, bir şəxsin və ya bir qrup insanın maraqlarını nəzərə alır. Bu hipotezə əsasən Mərkəzi Bank da bir institutdur və onun müstəqil olmaması, siyasi iradədən asılılığı Azərbaycan xalqının mövcud və ola biləcək uğursuzluğun əsas səbəblərindən biri kimi qəbul edilir.

Gəlin əvvəlki ehtimalımızın birinci zəmnini saxlayaq

(Mərkəzi Bankın müstəqil olmaması)

digər zəmni, yəni nəticəni isə dəyişək:


Səbəb


Nəticə


Mövcud Elmi Ədəbiyyatda Izahı


Mərkəzi Bankın müstəqil olmaması

Aşağı Demokratik Hesabatlılıq

Cukierman, et.al. 1992. “Measuring the Independence of Central Banks and Its Effect on Policy Outcomes”, Oxford Journals, Volume 6, Issue 3, pp. 353-398

Yüksək İnfilyasiya Göstəriciləri

Loungani and Sheets, 1997. “Central Bank Independence, Inflation, and Growth in Transition Economies” Journal of Money, Credit and Banking. Vol. 29. No. 3. pp. 381-399

Qeyri – Şəffaflıq

Eijffinger and Geraats, 2002, “How Transparent are central banks?”, Center for Economic Research, Tilburg University

İstismar edilən Siyasi Biznes Dövriyyələri

Alesina, et. al., 1993. “Central Bank performance and Macroeconomic Performance: some comparative evidence”, Journal of Money, Credit and Banking, Vol. 25, No. 2, pp. 151-162

Cədvəlin birinci sütunu səbəbi, ikinci sütunu nəticəni və üçüncü sütunu bu hipotezanı irəli sürən elmi məqaləni göstərir. Əksəriyyət qəbul edir ki, Mərkəzi Bankın müstəqil olmaması çox ciddi idarəçilik fəsadlarına gətirib çıxardır. Cədvəldə sizin üçün tanış olmaya biləcək müddəa ola bilsin ki, “Siyasi Biznes Dövriyyələri” anlayışıdır. Sadə dildə izah etsək, Siyasi Biznes Dövriyyəsi hökumətin və ya iqtidarda olan partiyanın seçki qabağı manipulyasiyalar etməklə əhalini aldatmağa çalışmasıdır. Bu manipulyasiya isə işsizlik və infilyasiya arasında aparılır. Bu proses ona görə dövriyyə adlanır ki, manipulyasiya hər seçki zamanı davam edir. Zamanla dövriyyə elə bir həddə gəlib çatır ki, artıq büdcənin idarəçiliyi nəzarətdən çıxır. Məsələn son dəfə, benzinin qiymətinin gecə saat 12-də ani halda, heç bir ictimai müzakirə olmadan qaldırılması məhz prezident seçkiləri öncəsi ekzessiv xərcləri (büdcə gəlirlərinin azalması fonunda) ört-basdır etmək idi. Seçki öncəsi iqtisadiyyatın canlanması, işsizliyin azaldılması, məvaciblərin artırılması seçiciləri qısamüddətli məmnun edir. Ancaq uzun müddətli vadedə, seçici infilyasiya haqqında heç nə fikirləşmir – “Nağdı olsun, soğan olsun” məntiqi ilə siyasi rejim tərəfindən asanlıqla aldadılır. Növbəti seçkidə isə seçici artıq hər şeyi unudur, çünki seçici unutqandır – myopia xəstəliyindən əziyyət çəkir. Siyasi Biznes Dövriyyəsi Mərkəzi Bankların müstəqil olduğu ölkələrdə demək olar ki, yox dərəcəsindədir.

Yuxarıda dəfələrlə Mərkəzi Bankın müstəqilliyi anlayışını vurğuladıq. Müstəqillik anlayışı adı altında dörd əsas yanaşma nəzərdə tutulur:

1. Mərkəzi Bankın hüquqi müstəqilliyi

2. Öz uzun və qısammüddətli məqdsədinin müstəqil şəkildə müəyyən edə bilməsi

3. Əməliyyat müstəqilliyi

4. İdarəçilik müstəqilliyi

Azərbaycanda Mərkəzi Bankın müstəqil olmaması mövzusunda yəqin ki, hamı həmrəydir. Məhz bu səbəbdəndir ki, milli valyuta məzənnəsi daimi təzyiq altındadır. Xarici valyutaya olan etibar dəfələrlə yüksəkdir. Yanlış idarəçiliyin nəticəsidir ki, Azərbaycanda hər hansısa bir məhsulu ailə təsərrüfatı səviyyəsində istehsal edib Avropa bazarlarına çıxartmaq fantastikadır.

Bütün bunları yazmaqda məqsəd, səbəb nəticə əlaqəsini quranda diqqətli olmağınıza sövq etməkdir. Vətəndaş yetərincə savadlı olmalıdır ki, manipulyasiyalara tab gətirə bilsin. Yalnız bu halda rifah cəmiyyəti qurmaq mümkün olacaq.

P.S. Bəlkə də bu tipli məqalələr, oxucu kütləsinin maraq dairəsində deyil. Çünki bu maraq dairəsi elə dizayn edilib ki, sadə vətəndaş ümumiyyətlə nə siyasətdən, nə də iqtisadiyyatdan baş çıxara bilsin. Ununtmayın ki, öz vətəndaşlarının siyasi savadsızlığı bütün qeyri-demokratik rejimlərin əldə edə biləcəyi ən əvəzedilməz cah-cəlaldır…

P.S.S. Elm yanlışlıqlar və boşluqlar üzərindən inkişaf edir. Razılaşmadığınız məqamlar olanda fikirlərinizi bölüşün, əsaslandırın. Siyasiləşək və aldanmayaq…

*Why Nations Fail: The Origins of Power, Prosperity, and Poverty

Ana səhifəMənim FikrimcəSəbəb və Nəticə arasında qalan Siyasət